Məhkəmə qərarları › İş №2(103)-4278/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4278/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4278/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 014/15-K saylı kredit müqaviləsinə əsasən borcluya illik 18% ödənilməsi şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə kreditin təminatı olaraq X1 məxsus **********5990001 saylı depozit hesabından 30000 manat vəsait və X6 məxsus **********3360000 saylı depozit hesabından 20000 manat məbləğində pul vəsaiti təminat verilmişdir.

2. xx.xx.2016-cı il tarixli 001- 02/16 saylı kredit müqaviləsinə əlavəyə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri qüvvədə qalmaqla xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh 12064,71 ABŞ dolları məbləğində əsas borcu, 6914,64 ABŞ dolları məbləğində faiz borcu, 1584,24 ABŞ dolları məbləğində Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, ümumilikdə 20563.59 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 195 manat dövlət rüsumunun tutulub, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 22.062015-ci il tarixli, 014/15-K saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə, illik 18% dərəcəsi olmaqla 40 000 ABŞ dolları məbləğində kredit vəsait verilmişdir. 001-02/16 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavə ilə müqavilə müddəti xx.xx.2020-ci il tarixədək müüddətə uzadılmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzlanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtı-vaxtında etməmişdir. Bunun nətcəsində banka 12064.71 ABŞ dolları məbləğində əsas borcu, 6914.64 ABŞ dolları məbləğində faiz borcu, 1584.24 ABŞ dolları faiz borcu, ümumilikdə 20563.59 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Bank tərəfində cavabdehə pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə şifahi formada, o cümlədən yazılı xəbərdarlıq edilmiş və qeyd olunan “Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin istifadəsinin gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12064,71 ABŞ dolları əsas borc, 4077,96 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1558,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17701,06 ABŞ dolları borc məbləği və ödənilmiş 195 manat dövlət rüsumunun əvəzi tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borclu Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə borclu qismində əsas borc üzrə 12064,71 ABŞ dolları, faiz borcu üzrə 6914,64 ABŞ dolları, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1584,24 ABŞ dolları faiz borcu borc müəyyən edilsə də, cavabdehdən iddiaçının xeyrinə əsas borc qismində xx.xx.2022ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 12064,71 ABŞ dolları əsas borc və ekspert rəyi ilə müəyyən olunmuş 4077,96 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmaqla 1.558,39 ABŞ dolları məbləğində faiz borc tutulmalıdır. Məhkəmə həmçinin kredit müqaviləinin təminatı olaraq depozit hesablarının qoyulmasına baxmayaraq iddia tələbində onlarla bağlı tələb irəli sürülməməsinə münasibətdə bildirir ki, hazırda iddiaçı iddiasında müqavilə üzrə borc məbləğinin tutulmasını tələb etdiyi üçün, məhkəmə də iddia tələbi həcmində işə baxıb qətnamə çıxarmalıdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 014/15-K saylı kredit müqaviləsinə əsasən borcluya illik 18% ödənilməsi şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə kreditin təminatı olaraq X2 məxsus **********5990001 saylı depozit hesabından 30000 manat vəsait və X6 məxsus **********3360000 saylı depozit hesabından 20000 manat məbləğində pul vəsaiti təminat verilmişdir. Lakin kreditin təminatı ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. xx.xx.2016-cı il tarixli 001-02/16 saylı kredit müqaviləsinə əlavəyə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri qüvvədə qalmaqla xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, yuxarıda göstərilən kredit müqaviləsi təminatlı kredit olmuş, yəni kreditin təminatı kimi pul məbləği girov qoyulmuşdur. Lakin iddiaçı ona məlum olmayan səbəblərdən iddia ərizəsində borc məbləğinin girov qoyulmuş pul vəsaitlərinə yönəldilməsini tələb etməmiş, məhkəmə də bu hala qiymət verməmişdir. Hazırki iş üzrə məhkəmə göstərilən maddi hüquq normasının tələbini pozaraq iddia tələbinin girov qoyulmuş pul vəsaitlərinə yönəldilməli olması ilə bağlı nəticəyə gəlməli olduğu halda, düzgün nəticəyə gəlməmişdir. Hesab edir ki, iddiçı borc məbləğinin girov əmlaka yönəldilməsi ilə bağlı iddia vermədiyi üçün hazırki iddia rədd edilməli idi. Cavabdeh həmin borc məbləğinin təminatı kimi girov əmlak çıxış etdiyi üçün krediti götürmüşdür. Əks təqdirdə həmin borc məbləğini götürməzdi. Hazırki iş üzrə məhkəmə kredit müqaviləsinin təminatlı kredit olmasını müəyyən etsə də, iddianın məhz girov qoyulmuş pul vəsaitinə yönəldilməli olmalı olduğu halda iddianı rədd etmək əvəzinə, iddianı əsassız olaraq təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdehin 50000 manat depoziti olmuşdur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3 maddələrinə əsasən müflis olan bankda əvəzləşdirmə yoxdur. Banka qarşı iddia qaldırıla bilməz. Tərəf ayrıca ərizə ilə müraciət etməlidir. Cavabdeh də müraciət etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

Mülki Məcəllə

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı “...Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

Mülki Prosessual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməni cavabdehə münasibətdə tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. İddiaçı tələbində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 12064,71 ABŞ dolları məbləğində əsas borc, 6914,64 ABŞ dolları məbləğində faiz borcu, 1584,24 ABŞ dolları məbləğində Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun tutulmasını xahiş etmişdir.

26. Birinci instansiya məhkməsində işə baxılan zaman iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 9/9424 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin sonuna - əsas borc üzrə 12064,97 ABŞ dolları, faiz borcu üzrə 4077,96 ABŞ dolları (xx.xx.2020-ci il tarixə) iddia tarixinə (12 sentyabr 2022-ci il tarixə) əsas borc üzrə 12064,97 ABŞ dolları, faiz borcu üzrə 4077,96 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 1.558,39 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir.

27. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12064,71 ABŞ dolları əsas borc, 4077,96 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1558,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17701,06 ABŞ dolları borcun tutulması qət edilmişdir.

28. Cavabdehin apellyasiya şikayətinin dəlili kredit müqaviləsinin təminatlı olmasına baxmayaraq iddia tələbinin əsassız olaraq kreditin təminatına yönəldilməməsi və belə olan halda borcun ondan tutulması ilə bağlıdır.

29. Apellyasiya şikayətinin dəlilindən görünür ki, cavabdeh məhkəmənin qətnaməsilə tutulan borcun məbləğini mübahisələndirmir. Onun şikayəti borc məbləğinin kreditin təminatına yönəldilməməsi ilə bağlıdır.

30. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi üzrə borcun kreditin təminatına yönəldilməsini tələb etmək kreditorun hüququdur. 31.Bundan əlavə, məhkəmə iddiaçının irəli sürdüyü iddia tələbi həcmində işə baxır. İddiaçının isə tutulmalı olan borcun kreditin təminatına yönəldilməsi kimi tələbi olmamışdır.

32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar