Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4278/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X2 Cavabdeh qarşı qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, X1, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3626/2024 nömrəli 25 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X10 doğulmuşdur.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-429/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X8 ilə Cavabdeh arasında 31 avqust 2004-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 638 nömrə ilə qeydə alınmış nikahın pozulması, X8 ilə Cavabdeh birgə nikahlarından doğulmuş 07 oktyabr 2008-ci il təvəllüdlü X7 və 13 noyabr 2011-ci il təvəllüdlü X11 boşanmadan sonra anaları X2 yanında qalması, Cavabdeh 07 oktyabr 2008-ci il təvəllüdlü X7 və 13 noyabr 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, alimentin tutulması müddəti 14 noyabr 2022-ci il tarixdən müəyyən edilməsi qət olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-429/2023 nömrəli qətnaməsi ilə sabit pul şəklində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər birinə ayrı-ayrılıqda 235 manat olmaqla, cəmi 470 manat miqdarda alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladları ilə ünsiyyət saxlamır, onların tərbiyəsində, psixi, fiziki, mənəvi inkişafında iştirak etmir, bir ata kimi valideynlik borcunu yerinə yetirmir. Hazırda övladlarını o, tərbiyə edir, onları həm maddi, həm mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 aprel 2024-cü il tarixli 2(011)-3626/2024 nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-429/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh X2 xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X2 xeyrinə ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmış, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Ona görə də iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.
7. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1-75.4, 78, 112.1, Mülki Prosessual Məcəllənin 119-cu maddələrinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilməsi və əmək haqqının 1/3 hissəsində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, o “ASG BUSİNESS AVİATON“ MMC–nin “CONSTRUCTİON AND İNDUSTRY” filialının maddi texniki təchizat şöbəsində böyük anbardar vəzifəsində çalışır və aylıq vəzifə maaşı 1081 manat təşkil edir. İddiaçı isə “Heydər Əliyev” adına Hava Limanının “SW HOLDİNG“ Şirkətində rəhbər vəzifədə çalışır və 3000 manat əmək haqqı alır. İddiaçı ilə birgə nikahda olduğu vaxtda həmin müəsisədə çalışmış və həmin vaxt eyni məbləğdə əmək haqqı almış, iddiaçı da hazırda çalışdığı “Heydər Əliyev” adına Hava Limanının “SW HOLDİNG“ Şirkətində çalışmış və aldıqları əmək haqqı ilə ailəni saxlamışlar. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra onun maddi vəziyyətində heç bir artım olmamışdır. Əksinə hazırda iddiaçı yüksək əmək haqqı alır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
23. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını tələb edir.
24. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
25. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
26. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, cavabdeh "xxxx" MMC-də “rəngsaz, tikinti” vəzifəsində işləyir və 1081,08 manat əmək haqqı alır.
27. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçı “SW Afezco”-da “mühasib” vəzifəsində işləyir və 9400 manat əmək haqqı alır.
28. Kollegiya qeyd edir ki, hazırki vəziyyətdə qanunvericiliyin tələbinə uyğun olaraq alimentin artırılmasına imkan verən hal, yəni cavabdehin maddi vəziyyətinin yaxşılaşması yönündə dəyişiklik baş verməsi müəyyən edilməmişdir. Ona görə də alimentin artırılması əsasları yaranmamışdır.
29. Eləcə də nəzərə almaq lazımdır ki, uşaqlarını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir.
30. Kollegiya onu qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır.
31. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3626/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.