Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4281/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1121/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1121/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1121/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, son ödənişin xx.xx.2017-ci il tarixində 104 manat olduğunu, gecikmənin səbəbinin kredit şöbəsi tərəfindən hazırlanan siyahılar əsasında məhkəməyə müraciət etmələri olduğunu, 2139.16 manatın restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısına düşdüyünü, lakin müraciət etmədiklərinə görə bunun mümkün olmadığını, məhkəməyə təqdim etdiyi “problemli kreditlərin kompensasiyasına dair məlumat”ın cavabdehə göndərilmədiyini bildirmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 deyilənlərlə razı olduğunu, kredit müqaviləsinin onun iştirakı ilə bağlandığını, dekabrın 15də evlərinin bütün sənədlərlə birlikdə yandığını, dekabrın axırında İddiaçı ASC-nin bağlandığını, heç bir yerdə bankı tapa bilmədiklərini, bankda yoldaşının və üç qızının telefon nömrələrinin olduğunu, qeydiyyatda olduqları ünvanda yaşamadıqlarını bildirmişdir. İddiaçının təqdim etdiyi “problemli kreditlərin kompensasiyasına dair məlumat”dan müəyyən edilir ki, cavabdehə aid kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya olunması mümkün olan borclara aiddir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə: 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsini; siyahı üzrə vaxtı keçmiş kredit (fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş) borcu olan fiziki şəxslərə yeni güzəştli (fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən) kredit müqaviləsi bağlanmasının təklif edilməsini; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar tərəfindən bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsini; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlərin görülməsini şərtləndirən (Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına, banklara və sair orqanlara) müvafiq vəzifələr və tövsiyyələr müəyyən edilmişdir. Məhkəmə kollegiyası, işin hallarını, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 937/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilən xüsusatları nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 259.0.8 və 259.0.12-ci maddələrinin tələblərinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; habelə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 76.1, 77.1, 78.1, 149.2.3, 149.4, 150.0.5 və 151.1-ci maddələrinin tələblərinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməli, işin zəruri həlli üçün müvafiq vəsatətlər verilməlidir. Ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatları, sübutları hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallara müvafiq təqdim etməlidir. Məhkəmə kollegiyası iddia tələbinə və işin hallarına hüquqi qiymət verərkən diqqətə çatdırır ki, fərmandan irəli gələn münasibətlər yeni hüquqi müstəvidə mübahisənin məhkəmədən kənar həll edilməsi imkanları yaratmışdır. Diqqətə çatdırılmalıdır ki, kollegiya məbləğlərə və işin gələcək həllinə (restrukturizasiya və s.) dair əsaslı şübhələrdən kənar sübutların mümkünlüyü, qiymətləndirilməsi və qəti qənaətin formalaşması baxımından qətnamə qəbul edilməsi mümkünsüzlüyünü müəyyən edir və tərəflər arasında mübahisənin məhkəmədən kənar həll edilməsi üzrə imkanlar aradan qaldırıldıqdan sonra iddiaçının yeni iddia ərizəsi ilə müraciət etmək hüquqlarının olduğunu qeyd edir. Qeyd edilməlidir ki, restrukturizasiya və mübahisənin məhkəmədən kənar həllinin digər imkanlarının tükənməsi müəyyən edildikdən sonra iddiaçının kredit borcu üzrə tələb hüququ qalmaqdadır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, dövlət rüsumu üzrə məhkəmə xərci tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-125, 149-152, 259, 260, 263, 264, 384, 385, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1121/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4281/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4281/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver