Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4284/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlunun və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh (iddiaçının bacısı) Cavabdeh1 və (iddiaçının bacısının övladı) Cavabdeh2 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ondan aldığı borcun qaytarılması məqsədi ilə 6.965 manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə, Cavabdeh2 ondan aldığı borcun qaytarılması məqsədi ilə 6.700 manat məbləğində pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra iddiaçı “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 13.395 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 11.04.2018-ci il tarixli fərmanına əsasən iddiaçıya 11.000 manat məbləğində birdəfəlik təzminat verilmişdir. İddiaçının bacısı Cavabdeh1 həmin müddətdə iddiaçıya müraciət edərək pula ehtiyacı olmasını bildirmiş və iddiaçıdan borc pul istəyərək, borcu qısa müddət ərzində qaytaracağına söz vermişdir. İddiaçı onunla razılaşmış və Cavabdeh1 iddiaçıdan hissəhissə cəmi 8.395 manat məbləğində pulu borc almışdır. Bundan başqa Cavabdeh1 həmin ərəfədə iddiaçıdan, iddiaçının öz qız övladı üçün aldığı (və istifadə edilməmiş) 5.000 manat dəyərində olan mebel dəstini götürmüş və qısa müddətdə mebel dəstinin dəyərinin ödənilməsini bildirmişdir. Lakin Cavabdeh1 verdikləri vədlərə əməl etməmiş, (8.395 + 5.000=) 13.395 manat məbləğində olan borcunu ötən təxminən 2 il ərzində iddiaçıya qaytarmamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən iddiaçının xeyrinə borca görə 12.900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaitinin tutulmasını, iddia tələbinin qalan hissədə rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, 765 manat məbləğində pulun cavabdehə verilməsi barədə əlyazma qəbz var. Cavabdeh həmin əlyazmanın onun tərəfindən icra edildiyini məhkəmə iclasında təsdiq etmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi həmin əlyazma qəbz üzrə heç bir araşdırma aparmadan həmin qəbzin cavabdeh tərəfindən yazılmasının müəyyən edilməsini mümkün olmadığını əsas gətirərək iddianın həmin qəbzlə bağlı olan hissəsini rədd etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın bir qismi təmin edilsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə, yuxarıda artıq qeyd edildiyi kimi, iddianın bir qisminin təmin edilməməsi, yəni 765 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə tələbin rədd edilməsi hissəsini mübahisələndirmişdir. Odur ki, göstəriləni və mübahisə predmetinin bölünməz olmadığı nəzərə alan, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflər arasında yaranmış və apellyasiya baxışının predmetini təşkil edən tələbin borc münasibətlərindən irəli gələn tələb olmasını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 765 manat məbləğində borcun ödənilməsi məqsədi ilə həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edən iddiaçı onun tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş və işin 10-cu vərəqində olan əlyazma qəbzə istinad edir. Rayon Məhkəməsi həmin əlyazma qəbzinin əsaslılığını müzakirə edərək hesab etmişdir ki, həmin qəbzin cavabdeh tərəfindən yazılmasını müəyyən etmək mümkün deyil buna görə də, 765 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələb rədd edilməlidir. Məhkəmə cavabdehin iddiaçıya 765 manat məbləğində borcunun qalmasına dair iş vərəq 10-da olan qəbzdəki imzanın və əlyazmanın cavabdehə məxsus olub-olmamasını müəyyənləşdirməyin mübahisənin düzgün və obyektiv həlli üçün vacib olduğunu nəzərə alaraq iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli ekspert rəydən müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi və mülki işin 10-cu vərəqində olan qəbzin üz tərəfində yazılmış və “900 manat ...” sözləri ilə başlayıb “... 15 manat ölmara” sözləri ilə bitən yazılar və “İmas” sözündən sonrakı imza Cavabdeh1 tərəfindən icra olunmuş, “50 verdim oktyabr-15də 2019 nərmin cəmi- 765 m. qaldı” qazıları isə Cavabdeh1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi qəbzdə cavabdeh X.Məmədovanın iddiaçıdan 765 manat məbləğində pulu borc götürməsi və ya iddiaçıya həmin məbləğdə borcun olmasını etiraf etməsi müəyyən olunmur. Bu baxımdan hesab edilməlidir ki, 765 manat ilə bağlı iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlili əsaslı deyil. Rayon Məhkəməsi müzakirə edilən tələbi təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcini təşkil edən 132 (yüz otuz iki) manat İddiaçı tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4284/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4284/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver