Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4287/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)-5031/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 («El Holdinq» mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın ödənilməsi, Cavabdeh3 onun xeyrinə 10.000 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 30.000 ABŞ dolları (51.000 manat) məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən sahəsi 103,7 m təşkil edən qaraj sahəsi (obyekt) Şamayılova Yalta adlı bir qadının istifadəsində 2 olmuşdur. Sonradan həmin qadın Amerikada yaşamış və orada rəhmətə getmiş, qaraj sahəsindən istifadə isə onun oğlu Cavabdeh3 keçmişdir. 2013-cü ilin iyun ayında həmin qaraj sahəsi Nurəddin İbrahimov adlı bir şəxs və onun reyder dəstələri tərəfindən hücuma məruz qalmış, 107,3 m2 sahəsi olan daş qaraj qanunsuz olaraq dağıdılaraq yerlə yeksan edilmiş, qarajın içindəki əmlaklar isə talanmışdır. Bu qanunsuzuqlarla əlaqədar faktiki olaraq Amerikada yaşayan Cavabdeh3 onu və Cavabdeh2 özünə nümayəndə tutaraq Amerikadan onlara etibanamə göndərmişdir. Onlar da həmin etibanamə əsasında sonuncunun pozulmuş hüquqlarını məhkəmə, polis və prokurorluq orqanlarında bütün prosesi və sair xərcləri isə Benyaminov onlara etibanamə verərək onlara tapşırıq verərkən onlar qarşısında öhdəçilik götürmüşdür ki, qaraj sahəsini udduqları təqdirdə çəkdikləri bütün məhkəmə xərclərini ödəyəcək. Hətta dəqiq bir məbləğ də demişdi. Hərəsinə 10.000 manat verəcəkdi. Dadaşovun özü də onunla ayrıca razılaşma müqaviləsi bağlamışdır. Onun da ev problemi olmuşdur. O, pararel olaraq həm Dadaşovun öz şəxsi işlərini, həm də Benyaminovun işini aparırdı. Amma tam pulsuz və nisyə formada. Cavabdeh2 rus dilli olduğu üçün Azərbaycan dilində qanunları məhkəmədə olduğu kimi başa sala bilmirdi, Həm də yaza bilmirdi. Buna görə də, ondan istifadə etmək qərarına gəlmişdi. Hətta Dadaşov gəlib onun ofisində oturaraq bu işləri aparmaqda ona kömək edirdi. Bu məqsədlə də onlar işə başlamışlar və Benyaminovun işi ilə bağlı bütün məhkəmə, prokurorluq və polis orqanlarında qarajla əlaqədar işlərini aparmışlar. O, həmin iş üzrə Benyaminovun əsas nümayəndəsi idi. Bütün ərizə və şiayətləri o yazırdı. Bu işə həm də özündən pul qoyurdu. Beləliklə, uzun sürən məhkəmə proseslərindən sonra o, Səbail rayon Məhkəməsinin 24 aprel 2014-cü il tarixli qətnaməsi ilə, artıq sökülmüş mübahisəli daş qarajın əvvəlki yerində bərpa olunmasına dair qətnamə çıxartdırmışdır (ərizəyə əlavə olunur). Bu məhkəmə prosesi zamanı iddia ərizəsinin hazırlanması və məhkəmə prosesində iştirak edərək, əks tərəf apellyasiya şikayəti verdiyi üçün qarajla əlaqədar həmin mübahisəni xx.xx.2014-cü ildə Bakı Apellyasiya Məhkəməsində də udmuşdur (qətnamə əlavə olunur). Daha sonra xx.xx.2015-ci ildə Ali Məhkəmədə kassasiya qaydasında baxılmış və qərar onları qane etmişdir (qərar əlavə olunur). Bütün məhkəmə proseslərində nümayəndə kimi iştirak etmiş və işi tam qələbə ilə başa çatdırmışdır. Ümumiyyətlə, qarajla bağlı məhkəmə və icra 5 il çəkmişdir. Bu məhkəmə işinə görə o, özündən xeyli vəsait xərcləmişdir. Külli miqdarda borca düşmüşdür. İşini gücünü atıb qarajın işini aparırdı. Bütün məhkəmələrdə mübahisəni udandan sonra qətnaməni də icra eləmişlər. Daş qarajı əvəlki yenidən tikdirmişlər. Daha sonra onlar həmin qarajı Benyaminovun adına mülkiyyət kimi, Bakı Reyest İdarəsindən qeydiyyatdan keçirtmişlər. Daha sonra Dadaşov ona bildirmişdir ki, bu qaraj işindən o çoxlu pul qazanıb, ona da vermək istəyir. Daha doğrusu, dedi ki, pul qoyub qarajın ətrafındakı 16 sot torpaq sahəsini Bakı şəhər İcra Hakimiyyəti vasitəsi ilə özəlləşdirib, qarajla birgə sata bilərlər. Bu iş üçün isə təqribən 60000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Deyir əgər o, həmin pulun yarısını versə, o zaman bu işin sonunda həmin qaraj və torpaqlar 500000 dollara satılar və ona 50000, və hətta 100000 Amerika dolları pul düşə bilər. Yarısını da o qoyacaqdır. Həm də aralarında şəriklik müqaviləsi var idi. Axırda Dadaşov onu inandırmışdır. Buna görə də, o, özünə məxsus olan Biləcəridəki 1 otaqlı mənzilini dəyər dəyməzə satmış, lakin mənzilin pulu 30000 dollar etmədiyinə görə o, bir dostundan 6000 dollara qədər borc alaraq, pulu 30000 dollar etmiş və 2016-cı ilin may ayında şahidlərin yanında Bayılda şəxsən Cavabdeh2 vermişlər. Sonuncu isə həmin an pulu almış və yenə onları əmin etmişdir ki, bu pulu torpaq sahələrini sənədləşdirmək üçün Elçin müəllimə verəcək. Sonradan məlum olmuşdur ki, Dadaşov Bəxiyar onları aldadırmış, sonuncu, Cavabdeh3 sonuncuya verdiyi etibanamə əsasında həmin qarajı onun sonuncuya verdiyi pullardan istifadə etməklə 19 sentyabr 2017-ci idə baldızı Cavabdeh1 adına saxta yollarla alğı-satqı etmiş və bu barədə həmin xanımın adına BTİ-dən texniki pasport almış, beləliklə onu aldatmışdır. Buna görə də, o, Dadaşovun bu əməllərinə görə Səbail rayon Polis İdarəsinə şikayət etmişdir. Təhqiqat zamanı şahidlər təsdiq etmişlər ki, o, həqiqətən də torpağın sənədləşdirilməsi ilə bağlı Bayılda Dadaşova 30.000 dollar pul vermişdir. Bu izahatlar təhqiqat materiallarında öz əksini tapmışdır. Lakin təhqiqat gedən zaman «El Holdinq»dən ona zəng vurub ora çağırmışlar və Elçin müəllim ona demişdir ki, torpaq və qaraj satılan kimi onu çağırıb pulunu verəcəklər. Amma şikayət etməsin. Beləliklə, onu arxayın edib yola salmış o da daha şikayət etməmişdir. Amma istintaq materiallarında Dadaşovun ondan həmin pulları almasına dair kifayət qədər sübutlar var. Sadəcə olaraq bu iş mülki mübahisəli iş kimi qiymətləndirilmişdir. Amma o, hər ay «El Holdinq»lə telefon əlaqəsi yaradaraq işi ilə maraqlanırdı. Çünki belə çıxır ki, sonuncular həm şərikləri kimi ona söz vermişlər, həm də Dadaşov onların işçisi idi. Hər dəfə Elçin müəllimin köməkçi Azər onu arxayın edirdi. Pandemiya dövrünə kimi onu arxayın etmişlər. Pandemiyadan sonra isə məlum oldu ki, Dadaşov həmin obyekti sataraq pullarını özü və baldızı və sairləri ilə bölmüşdür. Onun 30000 dollarını və əlavə olaraq 10000 manat məhkəmə xərclərini də mənimsəmişdir. Lakin bütün bunlara baxmayaraq onda iddia ilə əlaqədar kifayət qədər sübut və dəlillər var. Şahidlər kifayət qədərdir. Hesab edir ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və digər cavabdehlər ona vurduqları ziyanı ödəməlidirlər. 30.000 dollar pulu və çəkdiyi 10.000 manat əlavə xərcləri ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)- 5031/2021 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, sübutlara düzğün hüquqi qiymət verilməməsi, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddia ərizəsinə əsasən iddiaçının tələbləri - əvvəllər Cavabdeh3 iddiası üzrə ona hüquqi yardım göstərdiyinə görə sonuncudan razılaşdırılmış 10000 manat pulun tutularaq ona verilməli olması, Cavabdeh2 isə onu aldadaraq 30000 manat pulunu ələ keçirməsinə görə digər cavabdehlərdən müştərək qaydada onun xeyrinə 30000 ABŞ dolları pulun tutulmalı olması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı Cavabdeh3 ona razılaşdırılmış 10000 manat pul ödəməli olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşdə olan məhkəmə aktlarından (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı) iddiaçının Cavabdeh3 nümayəndəsi kimi çıxış etməsi qeyd olunsa da, tərəflər arasında bunun üçün 10000 manat muzdun müəyyən olunması barədə işdə hər hansı mötəbər sübut mövcud deyildir. MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İşin hallarından və qanunvericiliyin qeyd edilən normalarının tələblərindən göründüyü kimi, tərəflər əvvəlcədən müvafiq muzdu şərtləşdirməlidirlər. İddiaçı isə bu istiqamətdə, yəni ilkin olaraq muzdun şərtləşdirilməsini, sonra isə muzdun məhz 10000 manat həddində olmasını əsaslandıra və sübut edə bilməmişdir. Belə olan halda isə iddia qeyd edilən hissədə əsassızdır və təmin oluna bilməz. Bununla yanaşı, iddiaçı digər hissədə də tələbini əsaslandıar və sübut edə bilməmiş, ümumi mülahizələrdən çıxış etmişdir. Yəni, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 30000 ABŞ dolları (51.000 manat) məbləğində pulun tutulmasını xahiş etsə də, sonuncular tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır (səbəbli əlaqə). Hazırki işdən isə isə cavabdehlərin iddiaçıya münasibətdə iddia ərizəsində göstərilən şəkildə delikt törətməsi, ona ziyan vurması və s. bu kimi hallar müəyyən olunmamışdır (iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir). İddiaçı həmçinin cavabdehlər barəsində polis orqanlarına şikayət etməsini bildirsə də, işdə olan cinayət işinin başlanmasının rədd olunması barədə qərardan və digər sənədlərdən iddianın əsaslı olması ilə bağlı hər hansı preyudisial halın mövcudluğu görünmür (əksinə, cinayət təqibi ilə bağlı araşdırma zamanı iddiaçının bildirdiyi xüsusatların təsdiq olunması ilə bağlı hər hansı qərar qəbul edilməmiş və ya müəyyən olunmamışdır). MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və üsbut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunverijiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və javabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ji maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunverijinin qeyd olunan normalarından aydın olur ki, iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)-5031/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)- 5031/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4287/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4287/2022
02.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver