Məhkəmə qərarları › İş №2(103)-4289/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4289/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4289/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(008)-618/2025 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2025-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Namazova (Batur) Sevda Alçın qızına qarşı irəli sürdüyü “behin qaytarılması tələbi haqqında” iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İddiaçı, xx.xx.2025-ci il tarixdə, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş, lakin onun tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. “Prosessual müddətin bərpası haqqında” ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili iddia ərizəsini tərtib edərkən iddiaçının ünvanını səhv göstərmiş, bu səbəbdən də iddiaçı poçt vasitəsi ilə ona göndərilmiş qətnaməni almamış, qətnaməni xx.xx.2025-ci il tarixdə əldə etmişdir. “Prosessual müddətin bərpası haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını qərara alınmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə e-kabinet vasitəsi ilə iddiaçıya xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Belə olan halda, o, həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixədək verə bilərdi, lakin apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermiş və prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsini sübuta yetirə bilməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, “prosessual müddətin bərpası haqqında” ərizənin təmin edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əsasları “prosessual müddətin bərpası haqqında” ərizənin əsasları ilə eyni olan şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qeyd edilən ünvanda qəbul edilsə də, iddiaçı qətnaməni qəbul edən şəxsi tanımır, həmin şəxs onun ailə üzvü deyil. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Prosessual müddətin bərpası haqqında” ərizədə qeyd edilir ki, poçt xidməti vasitəsi ilə göndərilmiş qətnamə iddiaçıya verilməmişdir. İddiaçı, qətnaməni xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, poçt xidməti vasitəsi ilə göndərilmiş qətnamənin iddiaçıya verilib-verilməməsi hazırkı halda əhəmiyyət kəsb etmir. Çünki “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yüklənmişdir. Belə olan halda o, apellyasiya şikayətini xx.xx.2025-ci il tarixədək verə bilərdi, lakin o, apellyasiya şikayətini xx.xx.2025-cü il tarixdə vermişdir. Göründüyü kimi, iddiaçı, qətnamədən məlumatlı olmuş və apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə müddətini ötürmüşdür. İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpası haqqında” ərizədə göstərilən hal prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsini təsdiq etmir. MPM-in tələblərinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “prosessual müddətin bərpası barədə” iddiaçının ərizəsi əsassızdır. Rayon Məhkəməsi ərizənin təmin edilməməsi haqqında qərardad qəbul etməkdə haqlı olmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar