Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4291/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 829/2024 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14877,95 manat məbləğində əsas borcun, 2196,04 manat faiz borcunun, 430,7 manat cərimə borcunun, cəmi 17504,69 manat borcun və 143 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2137/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin nəticə hissəsində ekspertiza xərcinin iddiaçıya və cavabdehə hansı nisbətdə aid olmasına dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 829/2024 saylı qərardadı ilə (hakim Şəbnur Qədirova) ərizə təmin olunmuş, qətnaməyə aşağıdakı kimi izah verilmişdir: - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-829/2024 nömrəli xx.xx.2024- cü il tarixli qətnaməsi ilə qət edilmiş “məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun müştərək qaydada İddiaçı ASC-dən və Cavabdeh tutulması” cümləsi hər birindən 100 manat tutulması kimi deyil, “100 manat məbləğində pulun yarısı, yəni 50 manatının İddiaçı ASC-dən, 50 manatının isə Cavabdeh tutulması” kimi başa düşülsün. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ekspert xərcinin müştərək qaydada deyil, mütənasib qaydada tutulması barədə qərardad çıxarılmasını xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bankın müraciəti əsasında iddia tələbi böyük həcmdə (25 manat azalma ilə) təmin olunsa da, ekspertiza xərcinin tərəflərə müştərək qaydada aid edilməsi və 50 faiz nisbətdə tərəflərə aid edilməsi əsassız olmaqla, iddiaçı ilə cavabdehin müştərək qaydada qeyd olunan məhkəmə xərcini ödəməsi normativ hüquqi aktın tələblərinin pozulmasıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 829/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, şikayətə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2137/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 14856,65 manat əsas borc, 2192,59 manat faiz borcu, 430,7 manat cərimə olmaqla, cəmi 17479,94 məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 142,44 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun müştərək qaydada İddiaçı ASC-dən və Cavabdeh tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra, iddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə xərcinin (ekspertiza xərcinin) iddiaçı və cavabdehə hansı hissədə aid edilməsinin icrası mərhələsində qeyri-müəyyənlik yarandığı, həmin hissədə qətnaməyə aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizəni təmin edən birinci inctansiya məhkəməsi isə, ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun müştərək qaydada tərəflərdən tutulmasının, qeyd olunan ekpsertiza xərcinin yarıbayarı (50 manat iddiaçıya, 50 manat isə cavabdehə aid edilməsi) tərəflərə aid edilməsi kimi başa düşülməsi kimi izah olunması nəticəsinə gəlmişdir. Qeyd edilməlidir ki, MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-nin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. MPM-in 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rekpublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi, qətnamə onun məzmunu dəyişdirilmədən izah edilə bilər. Qətnamənin izah edilməsi yeni tələblərin təmin olunması ilə nəticələnə bilməz. Birinci instansiya məhkəməsi qətnaməyə məhkəmə xərcləri hissədə izah versə də, ərizənin dəlillərindən açıq aydın görünür ki, iddiaçı qətnamədən məhkəmə xərcləri hissədə narazı qalmış, məhkəmə xərclərinin prosessual qanunvericiliyin tələblərinə uyğun bölüşdürülməməsini qeyd etmişdir. Bu hala isə izahla deyil, qətnamənin apellyasiya qaydasında mübahisələndirilməsi yolu ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 230, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 829/2024 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin olunmasın, həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4291/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4291/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver