Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4292/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1844/2024 nömrəli, 06 may 2024cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 iyun 2016-cı il tarixində verilmiş AZ-İ № 245190 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25 iyun 2016-cı il tarixində 159 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Kazımova soyadı verilmişdir.
2. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2019/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə Əhmədova Ziba yazılmışdır.
4. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə anadan olmuş, ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə Əhmədova Ziba yazılmışdır.
5. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 fevral 2024-cü il tarixli, MŞB/6-00222 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
6. İş materiallarında olan Avtoburq MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli Gəlirlər haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən daimi əsaslarla Avtoburq MMC-də mühafizəçi vəzifəsində işləyir. Aylıq maaşı 20000 rubl məbləğindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarındakı nikah Nəsimi rayon Məhkəməsinin 2015-ci ildə verilmiş qətnaməyə uyğun olaraq pozulmuş, cavabdehin hər 2 uşaq üçün 108 manat ümumi 216 manat məbləğində alimentin tutulması qət edilmişdir. Sonrakı ildə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aliment artırılaraq 1 uşağa görə 220 manat olmaqla iki uşağa görə 440 manat məbləğində artırılması qərarı verildi. Müraciət edərək bildirir ki, tək qadın olaraq alimentlə uşaq saxlamaq çox çətindir. Hal-hazırda ailənin ona kömək etməyə maddi imkanı çatmır. Ata-anası pensiya ilə dolanır. X5 16, İnarənin isə 14 yaşı var. İndiki zəmanədə uşaq böyütmək çox çətindir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının 2024-cü ildə yaşayışı minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat təyin olunub. Göstərilənlərə əsasən, azyaşlı uşaqları X9, X1 üçün Cavabdeh hər uşağa ayrı-ayrılıqda hər ay 235 manat, ümumi 470 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1844/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2019/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmiş və həmin pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 217.3, 217.4, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və alimentin artırılması barədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının izahatı ilə kifayətlənərək qətnamə qəbul etmiş, işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən nümayəndə də izahatında bildirmişdir ki, cavabdeh hazırda Rusiya Federasiyasında işləyir və aylıq 20000 rubl maaş alır, bu da bizim manatla cəmi 381 manat edir. Cavabdeh əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti vaxtı-vaxtında ödəyir, daha artıq alimentin ödənilməsinə maddi imkanı yoxdur. İddiaçı cavabdehə və valideynlərinə uşaqlarla ünsiyyət yaradılmasına heç bir imkan vermir. Məhkəmə tərəfindən kəsilən aliment cavabdehin əmək haqqından daha da yüksəkdir. Uşaqlara baxmaq hər iki valideynin borcudur. Lakin məhkəmə bu cür qətnamə qəbul etməklə uşaqlara baxmağın yalnız cavabdehin borcu olduğu qənaətinə gəlmişdir. Lakin iddiaçının işləmək qabiliyyətinin olduğu halda işləməməsini, işləməməyinin səbəbini təsdiqləyən heç bir sübut da tələb etməmişdir. Yuxarıda qeyd olunanlardan açıq-aşkar görünür ki, məhkəmə qətnamə qəbul edərkən birtərəfli olaraq işə yanaşmış və iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bütün bunlardan aydın olur ki, məhkəmə qərəzli mövqe nümayiş etdirir. Bununla da birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət vermədən, iddiaçının gətirdiyi dəlilləri isə araşdırmadan qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
15. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
16. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
17. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
18. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1844/2024 nömrəli, 06 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya ilkin olaraq qeyd edir ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən iki övladları anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2019/2023 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb etmişdir.
30. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun aylıq əmək haqqı məbləği təyin edilən alimentdən daha azdır, müəyyən olunan alimentin iddiaçıya ödənilməsi halında cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə tərəfindən alimentin artırılması əsassız olmuşdur.
31. Kollegiya qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).
33. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
34. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
35. Nəzərə alınmalıdır ki, 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
36. Kollegiya apellyasiya şikayətinin alimentə dair dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması halları alimentin miqdarının artırılmaması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşaqlar qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir
37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
38. Belə ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
39. Bu baxımdan, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qanuni və əsaslı olmuşdur.
40. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
41. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1844/2024 nömrəli, 06 may 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.