Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4292/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X12” ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının prosessual hüquq varisi "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “X12” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2268/2025 saylı, 20 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 95nkLKN/24 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh xx.xx.2022-ci il tarixli 1959sLKNb/22 nömrəli (1.464,71 manat) və xx.xx.2022-ci il tarixli 3759nkLKNb/22 nömrəli (6.841,41 manat) kredit müqavilələri üzrə qalıq borcunun tam ödənilməsi məqsədilə 37 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 8.312 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 8.260,6 manat əsas, 809,45 manat faiz və 79,94 manat cərimə borcu yaranmışdır.
2. "xxxx" KB ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02/22 UB nömrəli tələb hüququnun satılması haqqında müqaviləyə əsasən, bank Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satmağı öhdəsinə götürmüşdür.
3. xx.xx.2022-ci il tarixli 02/22 UB nömrəli tələb hüququnun satılması haqqında müqaviləyə xx.xx.2025-ci il tarixli 38 saylı əlavədən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 95nkLKN/24 saylı kredit müqaviləsi üzrə portfel "xxxx" KB ASC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “X12” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8.260,6 manat əsas, 809,45 manat faiz borcu, 79,94 manat cərimə borcu, 0 manat komisyon borcu olmaqla, cəmi 9.149,99 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 111,50 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2268/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 8.260,6 manat əsas borc, 480,87 manat faiz borcu, 27,57 manat cərimə borcu olmaqla, cəmi 8.769,04 manat və 107,7 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “X12” ASC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə borcalanın müqavilə üzrə vaxtı çatmış borcu 90 gündən çox müddətə gecikdirməsi təsdiq olunduğundan və pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, kreditor yalnız borcun vaxtından əvvəl tələb edildiyi, yəni müqavilənin ləğv edildiyi tarixə hesablanmış 8260,6 manat əsas borcu və 480,87 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
8. Məhkəmə həmçinin hesab edir ki, 79,94 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Pretenziya məktubunda qeyd edilən 27,57 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
9. 00Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki 421.2, 421.3, 442, 443.1, 448.1, 462.1, 467, 742.5 və 743.1, -ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-cimaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum oğlu X2 rəisi şəhid mayor X15 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Mərhum oğlu şəhid mayor X8 Lerik Rayonu Məzarlığında dəfn eləmişlər. Mərhum oğlu şəhid X1 məzarının ətrafını öz hesabına əsaslı təmir etmək, təmizlik işləri aparmaq, səliqə-səhmana salmaq üçün, məzara dam örtüyünün düzəldilməsi, ətrafın plastik pəncərələrlə bağlanması şəhid bulağının tikilməsi, şəhidinin adına abidənin qoyulması məqsədi ilə maddi cəhətdən imkansız olduğu üçün, nəğd pulu olmadığına görə, o, Bankdan kredit götürmək qərarına gəldi. “X12” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran Filialı xx.xx.2024-cü il tarixli, 95nkLKN/24 nömrəli Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 22 faiz olmaqla, 8.312 manat məbləğində kredit verilmişdir. O, tək ŞƏHİD ANASİ olaraq, maddi imkansızlığına görə həmin kredit borcunu ödəyə bilmədiyi üçün iddiaçı "X12" Açıq Səhmdar Cəmiyyəti ona qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Tək, köməksiz vəziyyətdə olan şəhid anası olaraq götürdüyü krediti, pulla şəhid övladının məzarına dam örtüyü düzəltməyə, əsaslı təmir etməyə və ona büst düzəltməyə xərcləmişdir. Mərhum həyat yoldaşı X9 xx.xx.2004-cü ildə mikroinfarkt diaqnozundan vəfat etmişdir. Ailənin bütün yükü onun üzərindədir. Himayəsində 1-ci qrup əlil xərçəng xəstəsi olan övladı X16 var. Həmin oğlunun yoldaşı X5 2022-ci ildə xərçəng xəstəliyi diaqnozundan vəfat edib. 1-ci qrup əlil, xərçəng xəstəsi olan övladı X10 həyat yoldaşı vəfat edəndən sonra yetim qalan 2 azyaşlı övladları onun himayəsindədirlər, onların bütün məsrəflərini o ödəyir. Mərhum oğlu şəhid X1 ona əmanəti olan, 2 qız övladlarına da o baxır. Çarəsiz qaldığına görə, mərhum oğlu şəhid X1 məzarının ətrafını öz hesabına əsaslı təmir etməklə, təmizlik işləri aparmaqla, səliqəsəhmana salmaqla, şəhidinin məzarına dam örtüyünü düzəltdirməklə, ətrafın plastik pəncərələrlə bağlanması ilə, şəhid bulağının tikilməsi və şəhidinin adına abidənin qoyulması ilə az da olsa özünə təsəlli tapa bilimişdir. Hazırda mərhum oğlu şəhid X1 adına olan bulağın ətrafındakı təmir işləri pulum çatmadığına görə tam başa çatmayıb, yarımçıq qalıb. “X12” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran Filialının xx.xx.2024-cü il tarixli 95nkLKN/24 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 9.149,99 manat borcun tam şəkildə silinməsi barədə ona köməklik göstərilməsi üçün “X12” Açıq Səhmdar Cəmiyyətinin X19 cənab Fərid Abuşova Azərbaycan Respublikası Mərkəzi Bankınn Sədri cənab Taleh Kazımova ərizə ilə müraciətlər etmişdir. 9.149,99 manat borcun tam şəkildə silinməsi barədə ona köməklik göstərilməsi üçün “X12” Açıq Səhmdar Cəmiyyətinin X19 cənab Fərid Abuşova, Azərbaycan Respublikası Mərkəzi Bankınn Sədri cənab Taleh Kazımova və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə etdiyi müraciətlər nəzərə alınmadan aydınlaşdırılmamışdır.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi "xxxx" ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətinə etiaz edərək təmin edilməməsini xahiş etmişdir. 14.İştirak etdiyi məhkəmə kollegiyasıın iclasında Cavabdeh apellyasiya şikayətinin müdafiə edərək bildirmişdir ki, həmin pulla şəhidin bulağının hazırlanması, məzarının dam örtüyünün düzəldilməsi üçün istifadə etmişdir. Onun öhdəsində şəhidin birinci qrup əlil qardaşı vardır. Onun həyat yoldaşı dünyasını dəyişmişdir, onun iki övladı da cavabdehin himayəsindədir. Şəhidə düşən şəhidlik pulundan imtina etmişdir ki, hamısı şəhidin övladlarına xərclənsin, onlar dolansın. Onun təkcə pensiyası vardır, çatdıra bilmir. Ona köməklik olunmasını xahiş edir. Oğlu 19 il dövlətə xidmət etmişdir. Onun əlavə gəliri yoxdur, məcburiyyət qarşısında qalaraq həmi pulu götürmüşdü. Hazırda bütün ailə onun öhdəliyindədir.
15. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.194.1-ci maddəsinə əsasən, еələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 22.194.2-ci maddəsinə əsasən, еələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 23.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 26.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
27. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 28.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 29.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 30.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 31.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 32.460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 33.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 34.743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 35.746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
36.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 95nkLKN/24 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh xx.xx.2022-ci il tarixli 1959sLKNb/22 nömrəli (1.464,71 manat) və xx.xx.2022-ci il tarixli 3759nkLKNb/22 nömrəli (6.841,41 manat) kredit müqavilələri üzrə qalıq borcunun tam ödənilməsi məqsədilə 37 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 8.312 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 8.260,6 manat əsas, 809,45 manat faiz və 79,94 manat cərimə borcu yaranmışdır.
41. Göründüyü kimi cavabdeh müqavilə şərtlərinə zidd olaraq ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442).
42. İddiaçı cavabdeh-borc alandan kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malik olduğundan, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozduğundan sonuncunun MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
43. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək kredit müqaviləsinin ləğv edlməsini, müqavilə üzrə verilmiş əsas məbləğlə pul vəsaitindən istifadə haqqını (faizləri) ödənilməsini tələb etmək hüququ yaranır.
44. Bundan başqa mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 27,57 manat həddində olmasını ağlabatan və ədalətli hesab etmişdir. Kollegiyanın qənaətinə görə də həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilər. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.
45. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2268/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva