Məhkəmə qərarları › İş №2(103)-4294/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4294/2024

12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4294/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(003)-2823/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında yerləşən mülkiyyətinə yaşayış və təsərrüfat failiyyəti nəticəsində vurduğu 59400 (əlli doqquz min dörd yüz) manat dəyərində maddi ziyanın pul ekvivalenti kimi cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyun 2024-cü tarixli, e-2(003) 2823/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh “maddi ziyanın ödənilməsi” dair iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin İddiaçı geri qaytarılmış, həmçinin iddiaçıya izah edilmişdir ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aiddiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

3. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Rayon məhkəməsinin 20 iyun 2024-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdehin olduğu yer və cavabdehin rəsmi qeydə alındığı yer Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən iddianın cavabdehin olduğu yerə görə verilməsi hissəsində eyni hüquqi məna daşımır. Cavabdeh hər bir işə aid olan sənədlərində ona məxsus olan mülkiyyətin Bakı şəhəri, Xəzər rayonu ərazisində olduğunu göstərir və daimi– faktiki onun yaşayış yerini Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, "Şinçi" b/y-nin 66 saylı sahə kimi göstərir. Bu fakt isə iddiaçıya Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsinə əsas verir. Digər tərəfdən iddia ərizəsində göstərilən maddi ziyan onun mülkiyyətə qanunu sahib olduğu hüquqlarının pozulmasını aradan qaldırma haqqında daşınmaz əşyanın olduğu yerə görə verilməsinə düzgün təyinatını təsdiqləyir.

8. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti münasibətlərini tənzimləyən 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

10. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının qanunun 3cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.

11. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər. (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər).

12. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Plenum Qərarına əsasən, mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir.

13. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında yerləşən mülkiyyətinə yaşayış və təsərrüfat failiyyəti nəticəsində vurduğu 59400 (əlli doqquz min dörd yüz) manat dəyərində maddi ziyanın pul ekvivalenti kimi cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bununla yanaşı iş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı- ünvan 2

15. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, göstərilən ünvanın yerləşdiyi ərazi Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir.

16. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından da göründüyü kimi onun ünvanı Xəzər rayonu ərazisinə daxil deyildir. Digər tərəfdən hazırki tələb daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olmadığından, başqa sözlə, MPM-in 39.1-ci maddəsinin təsiri altına düşmədiyindən iddia ərizəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıla bilməz.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi düzgündür, hazırki iddia ərizəsi aidiyyat qaydalarına uyğun olaraq verilmədiyindən məhkəmə iddia ərizəsini qaytarmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Bununla belə, Məhkəmə kollegiyası iddiaçının diqqətinə MPM-in 152.4-cü maddəsini çatdırmaqla qeyd edir ki, ərizənin geri qaytarılması ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

21. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur.

22. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 10 iyun 2024-cü tarixli, 2(003)-2823/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar