Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4295/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü Nigar adlı uşaq anadan olmuş, tərəflər arasında nikah pozulmuşdur. Xəzər Rayon məhkəməsinin 14 dekabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay 117 manat miqdarında aliment tutulmuşdur. Xəzər Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 136,6 manat, 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə 154 manat sabit pul məbləğində müəyyən edilmişdir. Xəzər Rayon Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşağın müalicəsi üçün əlavə xərc üzrə hər ay 40 manat tutulması qət edilmişdir. İddiaçı "xxxx" MMC-də işləyir və 669,71 manat əmək haqqı alır. Cavabdeh "xxxx"xxxx"xxxx" MMC-də elektrik işləməklə 545 manat əmək haqqı alır. Cavabdeh ikinci dəfə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, yeni nikahdan iki övladı vardır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-2202/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq cavabdehdən onun xeyrinə uşağın saxlanılması üçün ayda 220 manat sabit pul məbləğində alimentin tutulması, cavabdehdən uşağın müalicəsi üçün əlavə xərc üzrə hər ay 80 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaq böyüdükcə onun müalicəsinə çoxlu pul sərf olunur. Uşağın bütün ehtiyaclarını ödəməkdə çətinlik çəkir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1173/23 saylı, 07 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim İ.Cəfərzadə) iddia qismən təmin edilmiş, alimentin miqdarı artırılaraq 220 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s. dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməli, alimentin məbləği artırılmalıdır. Məhkəmə iddianı əlavə xərcin artırılması hissəsində rədd edərkən uşağın səhhətində olan problemlərin müalicəsi üçün bu məqsədlə məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan məbləğin kifayət etməməsinə, həmçinin bu məqsədlə cavabdehin yetərli qazanc əldə etməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməməsinə istinad etmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin artırılması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. 2018-ci ildən 154 manat və 40 manat əlavə xərc olmaqla hazırkı yaşayış minimumuna uyğun aliment ödəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən və iddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şəratini və diqqətəlayiq olan digər halları nəzərə alaraq azyaşlı uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 220 manat müəyyən etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, həmin dəlillər alimentin artırılmasını istisna etmir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşaqların saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir.
17. Bundan əlavə apellyator hazırkı yaşayış minimumu həddində aliment ödədiyini bildirsə də, nəzərə alınmalıdır ki, bu məbləğ əlavə xərclə birlikdə 194 manat təşkil edir. 40 manat əlavə xərc isə aliment deyildir.
18. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cımaddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 07 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.