Məhkəmə qərarları › İş №2(103)-4295/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4295/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4295/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə haqqı borcunun və vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı X7, Cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliyə və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi məqsədilə 7.600 manat, maddi ziyanın əvəzi olaraq 1.571 manat və əldən çıxmış faydanın əvəzi olaraq 1.329 manat, ümumilikdə 10.500 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdən ayda 700 manat icarə haqqı ödənilməsi şərti ilə cavabdehin icarəsinə verilmişdir. 2020-ci ilin yanvar-may aylarında mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq cavabdehə güzəşt olunmuş, 2020-ci ilin iyun ayından icarə haqqının ödənilməsi razılaşdırılmışdır. Qeyd edilənlər cavabdehin xx.xx.2021-ci il tarixli öhdəliyi ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında “İcarə müqaviləsi” bağlanmış və icarə haqqı 500 manat müəyyən edilmişdir. Cavabdehin 7.600 manat icarə haqqı borcu qalmışdır. Bundan başqa, cavabdeh iddiaçını xəbərdar etmədən obyekti özbaşına tərk etmiş və nəticədə həmin obyektdə olan, mülkiyyətçiyə məxsus əmlakları yararsız hala salaraq əlavə olaraq maddi ziyan da vurmuşdur. Maddi ziyanla bağlı qüsur aktı tərtib olunaraq dəymiş ziyanın məbləği mütəxəssislər tərəfindən dəqiqləşdirilərək 1.571 manat müəyyən olunmuşdur. Həmçinin icarəyə verilmiş obyekt cavabdehin təqsirindən fəaliyyət göstərmədiyi müddətdə 1.329 manat məbləğində əldən çıxmış fayda da yaranmışdır. İddiaçı tərəfindən cavabdehə icarə haqqı borcunun və maddi ziyanın ödənilməsinə dair pretenziya göndərilsə də, ödəniş edilməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı X7 Rayon Məhkəməsi tərəfindən əsl iddiaçı olan İddiaçı ilə əvəz olunmuşdur ona görə ki, mübahisəli sahə üzərində mülkiyyət hüququ əvvəllər Tofiq İsayevə məxsus olsa da, sonradan mülkiyyət hüququ onun övladı İddiaçı keçmişdir. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

4. Cavabdeh iddiaçı qarşısında heç bir öhdəlik götürməmiş və onunla icarə müqaviləsi bağlamamışdır. Əgər belə bir münasibət mövcuddursa, iddiaçıdan təhvil-təslim aktını məhkəməyə təqdim etməlidir. İcarə müqaviləsi Tofiq İsayev ilə cavabdeh arasında bağlanmışdır. Tofiq İsayev özünə məxsus olmayan daşınmaz əmlakı təqdim edərək cavabdehlə icarə müqaviləsini bağlamışdır. Tofiq İsayev qanunvericiliyin tələblərinə zidd başqasına məxsus əmlakın üzərində şəxsi mülkiyyəti kimi, heç bir səlahiyyəti olmadan sərəncam vermişdir. Bundan başqa müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq notarial qaydada bağlanılmamışdır. Həmin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən, aldatma yolu ilə bağlanıldığından etibarsız sayılmalıdır. Qüsur aktı məlum olmayan və bununla bağlı rəy verilməsi üçün heç bir səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmişdir. İddiaçı öz iddiasını sübut edə bilmir. Tofiq İsayev həmin yaşayış binasını inşa edən "xxxx" MTK-nın rəhbəri olmuşdur. Hazırda həmin bina "xxxx" MMMC tərəfindən idarə olunsa da, faktiki rəhbər yenə də Tofiq İsayevdir. Cavabdehin atası Yunis Osmanlı isə binanın bir çox sakinləri kimi MTK və MMMC ilə mübarizə aparan şəxslərdən biridir. Bu absurd, qeyri-ciddi iddianın verilməsinin əsas səbəbi də aktiv sakinlərdən qisas almaqdır. Digər fəal sakinlər də absurd iddia və ittihamlarla məhkəməyə və polisə verilir. Bundan başqa Əgər bu cür münasibətlər reallıqda mövcud olmuş olsa idi, iddia sahibkarlıq fəaliyyətindən irəli gələn iddia olardı və kommersiya məhkəməsi tərəfindən baxılmalı olardı. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 7.600 manat icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarə obyektinin İddiaçı mülkiyyətində olmaqla, icarə müqaviləsinin Tofiq İsayev və hazırki iş üzrə Cavabdeh arasında bağlanması sonradan mülkiyyətçi tərəfindən bəyənildiyi üçün mülkiyyətçinin icarə münasibətlərinin tərəfi olması və həmin münasibətlərdən irəli gələn hüquq və vəzifələrin ona aid edilməsi məhkəmə tərəfindən tanınmışdır. Məhkəmə İddiaçı mülkiyyətçi olması və onun mülkiyyətinə dair bağlanmış əqdi bəyənməsi ilə yaranmış mübahisə ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ olduğunu qəbul edir. İddia tələbi icarə haqqının ödənilməsi hissəsində sübuta yetirilsə də, qalan hissədə sübut edilmədiyi üçün iddia qismən təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

8. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

10. İddiaçının vəkili (nümayəndəsi) əvvəlki apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir.

11. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın növbəti iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

12. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

14. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən aydın olur ki, o, qətnamənin iddianın bir qisminin təmin edilməsi barədə hissəsini mübahisələndirmişdir.

15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, xx.xx.2021-ci il tarixli öhdəlik adlı sənəddən görünür ki, Cavabdeh imza edərək məlum edir ki, tərəflər arasındakı danışıqlara əsasən o, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasında fəaliyyət göstərən atelyenin xx.xx.2020-ci il tarixdən başlayaraq icarəyə götürmüşdür. Aylıq icarə haqqı 700 manat müəyyən olunmuşdur. 2020-ci ilin yanvar-may ayları üzrə ona güzəşt olunmuşdur. 0106.2020-ci il tarixdən iş başlayandan sonra hər ay 700 manat icarə haqqının ödənilməsini öz üzərinə götürmüşdür.

19. İşdə olan xx.xx.2021-ci il tarixli bildiriş ilə Cavabdeh xx.xx.2020-ci il tarixi daxil olmaqla xx.xx.2021-ci il tarixədək olan 9.100 manat borcun 3 gün ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir (sənəddə Cavabdeh digər sənədlərdəki imzası ilə eynilik təşkil edən imza mövcuddur).

20. İşdə olan xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsindən” görünür ki, Tofiq İsayev yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə verməyi öhdəsinə götürür. İcarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə qədər müəyyən edilir. İcarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. Müqavilənin 16-cı bəndinə görə, icarəçi icarəyə götürdüyü əmlakı qənaətbəxş vəziyyətdə saxlayır. Müqavilənin 24-cü bəndinə görə, icarəçi hazırki müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 10 təqvim günü ərzində əmlakı, təbii aşınma və normal köhnəlmə vəziyyəti nəzərə alınmaqla komplektdə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında icarəçiyə qaytarır. Müqavilənin 28-ci bəndinə görə, icarəçi əmlakın təsadüfən və ya üçüncü şəxslərin təqsiri üzündən məhv olması, zədələnməsi, pisləşməsinə görə məsuliyyət daşıyır.

21. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 638,70 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2019-ci il tarixli qeydə əsasən İddiaçı mülkiyyətindədir.

22. Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin ödənişləri barədə məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixə borc 9.100 manat təşkil edir, 2021-ci ilin iyun-dekabr ayları hər ay 500 manat, 2022-ci ilin yanvar-avqust ayları hər ay 500 manat, sentyabr-dekabr ayları hər ay 600 manat, 2023-cü ilin yanvar-avqust ayları hər ay 600 manat və 2023-cü ilin sentyabr ayı isə 800 manat olmaqla cavabdehdən tərəfindən cəmi 15.500 manat ödəniş edilmiş, lakin xx.xx.2021-ci il tarixdə artıq 9.100 manat borc müəyyən edildiyindən isə cavabdehin 2023-cü ilin sentyabr ayına 7.600 manat məbləğində borcu qalmışdır.

23. X8, X5 və X4 tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmişdir ki, iddiaçıya məxsus olan və yuxarıda qeyd edilmiş qeyriyaşayış sahəsinin icarəçisi olan cavabdeh özbaşına tərk edib getdikdən sonra tərəflərindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş çatışmazlıqlar müəyyən olunmuşdur. Həmin çatışmazlıqların aradan qaldırılması üçün aktda göstərilən işlərin görülməsinə cəmi 1.571 manat vəsait sərf olunmuşdur.

24. Mülkiyyətçinin (iddiaçının) etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən bildirilmişdir ki, pretenziyaya əlavə olunmuş xx.xx.2021-ci il tarixli öhdəliyə əsasən qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən başlayaraq aylıq icarə haqqı 700 manat olmaqla icarəyə götürmüşdür. Həmin öhdəlikdən də göründüyü kimi 2020-ci ilin yanvar-may aylarında mövcud pandemiya şəraiti ilə əlaqədar güzəşt olunmuş və xx.xx.2020-ci il tarixdən iş başlayandan sonra hər ay 700 manat icarə haqqı ödəməlidir. “COVİD-19” virusunun yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilmiş karantin rejimi (tədbirlər) bitdikdən sonra xx.xx.2020-ci il tarixi də daxil olmaqla ümumilikdə 9.100 manat borcun olmasını yazılı sənədi imzalamaqla təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən də göründüyü kimi qeyri-yaşayış sahəsi hər ay 500 manat icarə haqqı ödəməklə icarəyə götürmüşdür. Pretenziyaya əlavə olunmuş icarəyə götürülmüş obyektin ödənişləri barədə məlumatdan da göründüyü kimi xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək güzəşt olunmuş, lakin 7.600 manat bu günədək ödənilməmiş icarə haqqı borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 16, 24 və 29cu bəndlərinin tələblərini kobud şəkildə pozaraq “icarəyəverən”-i qabaqcadan xəbərdar etmədən obyekti özbaşına olaraq tərk etmiş və nəticədə həmin obyektdə olan, mülkiyyətçiyə məxsus əmlakları yararsız hala salaraq əlavə olaraq ona maddi ziyan da vurmuşdur (maddi ziyanla bağlı foto şəkillər pretenziyaya əlavə olunur). Maddi ziyanla bağlı qüsur aktı tərtib olunaraq mütəxəssislər tərəfindən dəqiqləşdiriləcəkdir. Həmçinin icarəyə verilmiş obyekt təqsiri üzündən fəaliyyət göstərmədiyi müddətdə əldən çıxmış fayda da yaranmışdır. Odur ki, yaranmış 7.600 manat icarə haqqı borcunun 3 gün müddətində ödənilməsinin təmin edilməsi bildirilmişdir. Əks təqdirdə həmin borc məbləğinin, obyektin işləmədiyi müddətdə əldən çıxmış faydanın və vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacaqdır.

25. Sürətli poçt daşıma xidmətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Fariz Yusubov tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun ünvan sahibinə çatdırılması mümkün olmamışdır.

26. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2021-ci i tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 650 manat, xx.xx.2022-ci il tarixdə 1.500 manat,xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 600 manat,xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 800 manat məbləğində ödənişlər edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödənişlərin edildiyi kart hesablarının Fərhad Əliyevə məxsusluğu qeyd edilmişdir.

27. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın mühafizəçisi işləyir. İş üzrə cavabdeh həmin binanın üçüncü mərtəbəsində dərzi kimi işləyirdi. Sonra görmüşdür ki, cavabdeh həmin işlədiyi yerdən çıxıb gedibdir. O, qapıda dayanır, gələni gedəni görür. Şirkətin əməkdaşları həmin obyekti təmir edib cavabdehə icarə üçün vermişdilər. Sonra gördülər ki, cavabdeh əşyalarını toplayıb gedir. Cavabdeh 2022-ci ilin oktyabr ayında obyektdən çıxıb getmişdir. Cavabdeh gedəndən sonra məlum olmuşdur ki, sanitar qovşağının avadanlığı yoxdur. Cavabdeh həmin obyektə parçalar, tikiş maşını qoymuşdu. Cavabdeh gedən zaman stol, stul, çıl-çıraq apardığını görməmişdir.

28. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, həmin binada usta kimi işləyir. Həmin binanın üçüncü mərtəbəsini təmir edib cavabdehə icarəyə vermişlər. Cavabdeh orada dərzi kimi işləyirdi. Sonra görmüşdür ki, cavabdeh işlədiyi həmin yerdən çıxıb getmişdir. Onlar obyekti pandemiyadan əvvəl icarəyə vermişdilər. Həmin obyektin döşəməsinə laminat düzmüşlər, qapı qoymuşlar, ümumiyyətlə istifadə üçün bütün şəraiti yaratmışlar. Onlar təmir edən zaman cavabdeh özü gəlib təmirə baxırdı, öz göstərişlərini verirdi. Cavabdeh 2022-ci ildə həmin obyekti tərk edib gedibdir.

29. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, həmin binada tikintiyə nəzarətçi kimi işləyir. Pandemiyadan əvvəl 20 gün ərzində həmin obyekti təmir edib cavabdehə icarəyə vermişlər. Sanitar qovşağında istifadə etmək üçün lazım olan bütün avadanlıqlar qoyulmuşdu. Cavabdeh 2022-ci ildə həmin obyekti tərk edib getmişdir. O, nəzarətçi kimi gedib həmin obyektə gedib baxanda görmüşdür ki, bütün avadanlıqları aparıblar.

30. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonunda cavabdehin icarə götürdüyü obyektə getmiş və görmüşdür ki, obyekt təmirsizdir. Obyekti təmir edib cavabdehə təhvil vermişlər. 2020-ci ilin yanvarından ödəniş etməli idilər. Pulun olmaması bəhanəsi ilə ödənişləri gecikdirilmişdir. Nəticədə ödənişlərin həyata keçirilməsi pandemiya dövrünə düşmüşdür. Sonra o, kağız tərtib etmişdir ki, onlar imza ataraq borclarının olmasını yazılı şəkildə etiraf etdilər. Cavabdehdən ödənişləri ala bilmədiyinə görə borcun ödənilməsi üçün Həsrət İsayev danışıqlara qoşulmuşdur. Amma pulun yığımı yenə onda idi. Həsrətlə danışandan sonra ödənişlər etməyə başladılar. Lakin, köhnə borclar olduğu kimi qalırdı. Ödənişlər yeni yaranmış borclara münasibətdə həyata keçirilirdi. Gecikmələr olurdu. İcarə müddətində açar həmişə özlərində olub və gedib təzədən qayıtmayıblar. Ödənişləri qarışıq həyata keçirirdilər. Nağd şəkildə, karta vasitəsi ilə ödənişlər olub. Bəzən götürdükləri işçi 500 manat, özü isə 100 manat verirdi. Nağd ödənişləri həyətdə, obyektin qabağında götürmüşdür. Nağd qaydada neçə dəfə ödəniş edildiyini xatırlamır. Kart vasitəsilə ödənişlərin nə zaman həyata keçirildiyini bilmir. Ayın 15-i ödəniş edilməli idisə, 17-si, 18-i ödəyirdi və yaxud da bir qismini edib qalanını sonradan ödədiyi hallar olurdu.

31. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, Həsrət İsayev ona zəng etmiş və demişdir ki, açarı gətirəcəklər və o da açarı təhvil almalıdır. Açarı obyekti icarəyə götürmüş cavabdehin atası gətirəcəkdi. Açarı götürmüş və idarəyə təhvil verib evə getmişdir. Obyektdən nə götürüldüyünü bilmir.

32. Göstərilənlərə əsasən müəyyən olunur ki, icarə obyekti İddiaçı mülkiyyətindədir. Obyektə dair “İcarə müqaviləsi” iddiaçının atası Tofiq İsayev ilə cavabdeh arasında bağlanmışdır. İddiaçı həmin müqaviləni sonradan bəyənmişdir.

33. Bunu nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq mülkiyyətçinin icarə münasibətlərinin tərəfi olması və həmin münasibətlərdən irəli gələn hüquq və vəzifələrin ona aid edilməsini tanımışdır. Çünki iddiaçı mülkiyyətçi olduğundan və onun mülkiyyətinə dair bağlanmış əqdi bəyəndiyindən yaranmış mübahisə ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ vardır.

34. İş materiallarından müəyyən edilir ki, cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliyə və xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsinə” əsasən sözügedən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Tərəflər arasında ilkin olaraq münasibətlər şifahi razılaşma əsasında formalaşmışdır. Cavabdeh iddiaçıya məxsus obyekti 2020-ci ilin yanvar ayından etibarən icarəyə götürmüşdür. Lakin tərəflər arasında olan razılaşmaya əsasən ölkədə mövcud olan pandemiya ilə əlaqədar 2020-ci ilin yanvar ayından iyun ayınadək olan dövr üçün cavabdehdən icarə haqqı tələb edilməmişdir. 2020-ci ilin iyun ayından xx.xx.2021-ci il tarixədək olan dövr üçün isə artıq cavabdehin aylıq 700 manat icarə haqqı ödənişlərini həyata keçirməsi razılaşdırılmış və icarəçi bunu xx.xx.2021-ci il tarixli öhdəlik adlı sənədi imza etməklə təsdiqləmişdir. Həmçinin icarəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu imza etməklə cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan icarə haqqı borcunun 9.100 manat təşkil etməsi barədə xəbərdar olunmuşdur.

35. Cavabdeh tərəfin təqdim etdiyi ödəniş qəbzləri də tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu təsdiq edir. Belə ki, tərəflər arasında icarə münasibətləri yalnız xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi dövrü üçün deyil, faktiki olaraq 2020-ci ilin yanvar ayından başlayaraq təxminən 2023-cü ilin oktyabr ayınadək davam etmişdir ki, məhkəmə iclasında tərəflər bu dövrdə münasibətlərin davam etdiyini inkar etməmişlər. Odur ki, Məhkəmə cavabdehin nümayəndəsinin iddia ərizəsində irəli sürdüyü dəlillərin həm cavabdehin nümayəndəsinin özü tərəfindən, həm də işin araşdırılmış halları təkzib olunduğunu qeyd edir.

36. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi cavabdehin icarə haqqı ödənişlərini həm nağd, həm də nağdsız qaydada icra etdiyini bildirmişdir, cavabdehin nümayəndəsi isə nağdsız qaydada ödənişlərə dair qəbzləri təqdim etməklə onlar tərəfindən icarə haqqı borcunun tam şəkildə ödənildiyini bildirmişdir.

37. Cavabdehin nümayəndəsinin irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, ona hesablanan borc mövcud deyildir, belə ki, təqdim etdiyi qəbzlərə əsasən borcun bir hissəsi nağdsız qaydada, qalan hissəsi isə nağd qaydada ödənilmişdir.

38. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qrafikinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu 9.100 manat təşkil etmiş, sonrakı dövr üçün isə 2021-ci ilin iyun ayından başlayaraq hər ay 500 manat məbləğində ödənişlər edilməyə başlanmışdır. Təqdim edilən qrafikdən 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayınadək 500 manat, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək 600 manat, 2023-cü ilin sentyabr ayında isə 800 manat ödəniş edildiyi görünür. İcarəçinin xx.xx.2023-cü il tarixə olan borcunun 7.600 manat təşkil etdiyi qeyd edilmişdir. Təqdim edilən qrafikdən o da aydın olur ki, aylıq 500 manatdan artıq edilmiş ödənişlərlə əvvəlki borcdan silinmələr aparılmış, 2022-ci ilin sentyabr ayından etibarən 9.100 manat məbləğdən hər ay 100 manat silinmiş və bu məbləğ 2023-cü ilin sentyabr ayında artıq 7.600 manat təşkil etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən ümumilikdə 8.500 manat ödəniş edildiyi müəyyən edilir.

39. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən o da müəyyən edilir ki, cavabdeh tərəfindən ödənişlər ardıcıl olaraq ödənilməmişdir, bəzi aylara dair ödəniş qəbzləri təqdim edilməmişdir. Lakin ödəniş qrafikində isə icarəçinin 2021-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayınadək bütövlükdə ödədiyi məbləğin 15.500 manat olduğu aydın olur. Məhkəmə bu halı belə qiymətləndirir ki, mübahisəsiz cavabdeh tərəfindən nağd qaydada ödənişlər həyata keçirilmiş, bu ödənişlər iddiaçı tərəfindən nəzərə alınmışdır, lakin bütövlükdə borc tam şəkildə bağlanmamışdır.

40. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə haqqı ödənişlərinin həm nağd, həm də nağdsız qaydada həyata keçirilməsini məhkəmə qəbul edir, lakin iddiaçının cavabdeh tərəfindən nağd ödənişlərin olmasını bildirməsi heç də cavabdehin bildirdiyi kimi borcun tam şəkildə ödənilməsi demək deyildir. Cavabdehin istinad etdiyi nağd ödənişlər nağdsız qaydada edilmiş 8.500 manat məbləğlə iddiaçı tərəfindən ödənişi qəbul edilmiş 15.500 manat məbləği arasındakı fərqi təşkil edə bilər. Borcun tam ödənilməsini sübut etmək cavabdehin üzərinə düşən vəzifədir.

41. Yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (maddə 6.2.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (maddə 357.). Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin (maddə 360.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (maddə 385.2.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (maddə 443.4.). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1.). öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir (maddə 529.2.). Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir (maddə 529.3.). Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır (maddə 682.). İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (maddə 700.3.). Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir (maddə 705.). Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır (maddə 734.2.).

42. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və apellyasiya baxışının predmeti olan hissədə iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

44. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq və iddiaçı tərəfindən apellyasiya şikayətinin vərilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir.

48. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

49. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

50. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar