Məhkəmə qərarları › İş №2(103)-4296/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4296/2021

14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4296/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(005)-2275/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi kimi 157000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsini 01 yanvar 2015-ci il tarixli icarə müqaviləsi əsasında "Dəmirbank” ASC-yə icarəyə vermişdir. O, müqavilənin şərtlərinə görə öz vəzifələrini icra edərək cavabdehin tələblərinə uyğun şəkildə təmir işləri aparmış, rekonstruksiya işləri gördürmüş, əlavə elektrik xətləri, siqnalizasiya sistemi çəkdirmiş və sair işləri həyata keçirmişdir. Qeyri-yaşayış sahəsinin bank kimi istifadə olunması üçün təmir və rekonstruksiya işlərinə 150000 ABŞ dollarına yaxın məbləğdə vəsait sərf etmiş, bu məqsədlə ASC "Xalq” Bankının Şəmkir filialından kredit götürmüşdür. Cavabdeh isə müqavilə imzalandıqdan bir ildən çox zaman keçməsi, binanın təmirinin vaxtında tamamlanmaması və bu müddət ərzində iqtisadiyyatda və Bankda baş verən əhəmiyyətli dəyişikliklər nəticəsində Bankın "Şəmkir” filialının həmin binaya köçməsinin qeyri-mümkün olması barədə ona məktub göndərərək, müqaviləni icra etməkdən imtina etmişdir. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, 1 aprel 2016-cı il tarixdən etibarən icarə müqaviləsinə xitam vermişdir. Cavabdehin ona heç bir xəbərdarlıq etmədən birtərəfli qaydada müqaviləyə xitam verməsi qanuna zidd olmaqla yanaşı, ona maddi ziyan vurulması ilə nəticələnmişdir. Belə ki, o həmin qeyri-yaşayış sahəsini əvvəlcə çay evi kimi istifadə olunması üçün rekonstruksiya etmək istəmiş, lakin bankla müqavilə bağladıqdan sonra binanı bank kimi istifadə olunmaq üçün uyğunlaşdırmışdır. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək, 29 yanvar 2015-ci il tarixli icarə müqaviləsinin 1.5-ci bəndinə əsasən, iddiaçıya ödənilmiş 21000 manat icarə haqqının və icarə obyektində siqnalizasiya sisteminin quraşdırılması ilə əlaqədar çəkilmiş 12413,60 manat xərcin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(005)- 14/2018 saylı qərardadı ilə İddiaçı Cavabdeh1-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh1-nin İddiaçı qarşı ödənilmiş icarə haqqının və çəkilmiş xərclərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı nümayəndəsi ərizə təqdim edərək, hazırkı iş üzrə Əmanətlərin Sığortalanması Fondunun cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmiş, Əmanətlərin Sığortalanması Fondu cavabdeh qismində mülki işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(005)- 2275/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, müqavilənin şərtlərinə tam əməl etmiş, öz üzərinə götürdüyü öhdəliyi vicdanla icra edərək cavabdehin tələblərinə uyğun səviyyədə külli vəsait tələb edən təmir işləri gördürmüş, hansı ki, bank standartlarına cavab verəcək qaydada sırf cavabdehin sifarişi əsasında belə bir təmir heç də ona lazım olmamışdır. Cavabdeh isə öz öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərini icra etməyərək binanı təhvil almamış, nəticədə ona külli miqdarda zərər dəymişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları tam araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 2(103)-2695/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Cavabdeh1-dən 139142,4 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həm İddiaçı, həm də Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(102)- 889/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(005)-2275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh bank arasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin bankın filialına icarəyə verilməsi barədə 01 yanvar 2015-ci il tarixdə icarə müqaviləsi bağlanmış, iddiaçı həmin obyekti bankın istəklərinə uyğun şəkildə təmir etməyi öhdəsinə götürmüş, aylıq icarə haqqı kimi 3000 manat müəyyənləşdirilmişdir. Sonradan həmin məbləğ artırılıraq 3500 manat müəyyən edilmiş, ilk 6 ayın icarə haqqı kimi cəmi 21000 manat bank tərəfindən iddiaçıya ödənilmiş, bununla bərabər obyektin təhlükəsizlik sisteminin quraşdırılması üçün çəkilmiş 12413 manat xərc də bank tərəfindən qarşılanmışdır. Müqavilə müddəti 5 il müəyyən edilmiş, tərəflərin 6 ay əvvəl rəsmi xəbərdarlıq etməklə müqaviləni vaxtından əvvəl ləğv etmək imkanı nəzərdə tutulmuşdur. Bununla yanaşı, bank tərəfindən xəbərdarlıq müddəti gözləmədən müqavilənin ləğv edilə biləcəyi halların dairəsi də müəyyən edilmişdir ki, bura icarə obyektinin müəyyənləşdirilmiş müddətdə alınmaması, icarəyə verənin gecikdirməyə yol verməsi və sair hallar aid edilmişdir. Bank 07 mart 2016-cı il tarixdə iddiaçıya yazılı qaydada müraciət edərək müqaviləyə 01 aprel 2016-cı il tarixdən birtərəfli qaydada xitam verəcəyini bildirmiş və bunu icarə müqaviləsinin bağlanmasından bir ildən çox keçməsinə baxmayaraq, binanın təmirinin tamamlanmaması, eyni zamanda bankın maliyyə vəziyyətinin pisləşməsi nəticəsində müqavilə münasibətlərinə davam etmənin mümkün olmaması ilə əsaslandırmışdır. İddiaçı obyektin bankın istəklərinə uyğun təmir etdirilməsi üçün 157000 manat məbləğində xərc çəkdiyinə istinad edərək həmin məbləğin maddi zərər qismində bankdan onun xeyrinə tutulması barədə hazırkı tələbi irəli sürmüşdür, yəni iddiaçının hazırki tələbinin əsasını vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsinin əsaslarını müəyyən edən 21-ci maddəsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Həmin Məcəllənin 386-cı maddəsi ilə zərər vurulma öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisə tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlməklə, İddiaçı cavabdeh bankın icarə müqaviləsinə birtərəfli qaydada xitam verməsi nəticəsində ona 157000 manat zərər vurulduğunu iddia edir. İlk olaraq qeyd etmək lazımdır ki, müqavilədə tərəflərin hər birinin 6 ay əvvəlcədən rəsmi xəbərdarlıq etməklə, bankın isə icarə obyektini müəyyənləşdirilmiş müddətdə təhvil almaması, icarəyə verənin gecikdirməyə yol verməsi halında xəbərdarlıq müddəti gözləmədən ləğv etmək hüququ təsbit edilmişdir. Müqavilənin 01 yanvar 2015-ci il tarixdə bağlanması və qeyri-yaşayış sahəsinin 07 mart 2016-cı il tarixə qədər, yəni 15 ay ərzində banka təhvil verilməməsi işin mübahisəsiz halıdır. Bu halda, bankın icarəyə verənin gecikdirməyə yol verməsinə istinad edərək xəbərdarlıq müddəti gözləmədən müqaviləni ləğv etmək hüququ istisna edilmir, məhz həmin hüququn realizə edilməsi də iddiaçıya zərər vurulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının hər hansı pozuntuya yol vermədiyi və bankın da 6 aylıq rəsmi xəbərdarlıq müddətini gözləmədən müqaviləni birtərəfli qaydada ləğv etməyi tələb etdiyi halda belə, iddiaçı dəymiş zərərin əvəzi kimi icarə müqaviləsi üzrə keçən müddət üçün ödənilməyən və əlavə olaraq 6 aylıq icarə haqqına bərabər bir məbləğin ödənilməsini tələb edə bilərdi. Digər tərəfdən, müqavilədə iddiaçı ilə cavabdeh bank arasında icarə obyektinin təmirinə xərclənmiş vəsaitin bank tərəfindən ödəniləcəyinə dair hər hansı müddəa yoxdur, əksinə müqavilənin 2.1.2-ci maddəsində iddiaçının icarə obyektini bankın istədiyi şəkildə təmir edərək icarəçiyə təhvil vermək vəzifəsi təsbit edilmişdir. Bundan başqa, icarə obyektində təhlükəsizlik sisteminin quraşdırılması üçün xərclənmiş 12413 manat vəsait də bankın öz hesabına təmin edilmişdir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı tələblər üzrə iddiaçıya müqavilə tərəfdaşı olan bank tərəfindən müqavilə öhdəlikləri çərçivəsində hər hansı zərərin vurulması və nəticədə iddiaçının hüququnun pozulması müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(005)- 2275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar