Məhkəmə qərarları › İş №2(103)-4296/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4296/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4296/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: («alimentin miqdarının artırılması») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Murad Akif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2136/2024 saylı işi üzrə xx.xx.2024-cü il qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 2615/2022 saylı qətnaməsi əsasında Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 250 manat alimentin tutulması və ödənilmiş 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz tədim edərək, onun təmin edilməməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2136/2024 saylı işi üzrə xx.xx.2024-cü il qətnaməsi ilə (Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi; “Uşaq hüquqları haqqında” Qanunun 13; Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.14-cü bəndi; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi; Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 75.1; Mülki Prosessual Məcəllənin 112.1.3, 124.1, 233.4, cu maddələrinə istinadən) iddia tələbi qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2615/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 35.6 manat dövlət rüsumunun Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin, buna baxmayaraq göstərilən hal, o cümlədən cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, yenidən ailə qurması, onun əvvəlki nikahından olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Cavabdehin etirazında uşağın saxlanması vəzifəsinin təkcə atanın deyil, həm də ananın vəzifəsi kimi müəyyən edilməsi dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatandək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Alimentin tutulma müddəti ilə bağlı, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.

4. İşin icraatı zamanı müəyyən edilmişdir: - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2615/2022 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - "Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən cavabdeh hazırda "ASG Busines Aviation” MMC-də qeydiyyatçı vəzifəsində işləməklə ayılq əmək haqqı 1258 manat təşkil edir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 2(006)- 2136/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 112; Mülki-Prosessual Məcəlləsinin 14, 77, 217ci maddələrinə istinadən qeyd edilmişdir ki, əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki Cavabdeh ikinci dəfə ailə qurmuşdur. Həyat yoldaşı hamilədir, hamiləliyi problemli olduğu üçün onun davamlı olaraq müalicəyə ehtiyacı var. Göründüyü kimi Cavabdeh ailə vəziyyəti ilə əlaqədar olaraq əlavə xərcləri yaranmışdır, yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməmişdir. Digər tərəfdən də uşağı saxlamaq hər iki valideynin borcudur. Qeyd etdiyi xüsusatlar birinci instansiya məhkəməsində nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Cavabdehin nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki Cavabdeh ikinci dəfə ailə qurmuşdur. Həyat yoldaşı hamilədir, hamiləliyi problemli olduğu üçün onun davamlı olaraq müalicəyə ehtiyacı var. Göründüyü kimi Cavabdeh ailə vəziyyəti ilə əlaqədar olaraq əlavə xərcləri yaranmışdır, yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməmişdir. Digər tərəfdən də qətnamadə də qeyd edilmişdir cavabdeh aylıq qazanca malikdir. Həmçinin uşağı saxlamaq hər iki valideynin borcudur. Buna baxmayaraq, qeyd etdiyi xüsusatlar birinci instansiya məhkəməsində nəzərə alınmamışdır.Qeyd etdiklərimi nəzərə alaraq, işə onların iştirakı olmadan baxaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları” haqqında Qanunun 5, 6, 13; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80- 82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və bunun göstəricisi olan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun (uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının) alternativ forması sübuta yetirilmir. Maddi vəziyyətə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının da maddi vəziyyətinin üstün olmadığı müəyyən edillir. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

12. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2136/2024 saylı işi üzrə xx.xx.2024-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar