Məhkəmə qərarları › İş №2(103)-4297/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4297/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4297/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(010)-3309/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2465 manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2495 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(010)- 3309/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 2465 manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsininin 12 mart 2021-ci il tarixli, 2(010)-3309/2020 saylı qərardadı ilə şikayət qaytarılmışdır. Bundan sonra cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsininin 12 mart 2021-ci il tarixli, 2(010)-3309/2020 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(010)- 3309/2020 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi qərardaddan vaxtında şikayət verilməməsini onunla əsaslandırır ki, o, uzun müddət evdə olmamış, bu səbəbdən qərardad qardaşına təqdim edilmiş, lakin qardaşı qərardadı ona verməyi unutmuşdur. Ərizəçi bu əsasla da hesab etmişdir ki, qərardaddan şikayət verilmə müddətini üzrlü səbəbdən ötürmüşdür. Lakin ərizəyə yuxarıda qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmiş, ərizəçi bu qeyd etdiyi halları yazılı şəkildə bildirməklə kifayətlənmişdir. Bundan başqa, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinin tələblərinə də riayət edilməmişdir. Hansı ki, həmin maddədə qeyd edilir ki, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Hazırkı ərizəyə isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsininin 12.03.2021-ci il tarixli, 2(010)-3309/2020 saylı qərardadından verilmiş şikayət əlavə edilməmişdir. Bu isə o deməkdir ki, qərardaddan şikayət verilməsi üçün prosessual müddətin buraxılması səbəbi məhkəmə tərəfindən üzrlü hesab edilsə belə (hərçənd ki, ərizədə göstərilmiş və heç bir sübutla təsdiq edilməyən bu "səbəb”in üzrlü hesab edilməsi mümkün deyil) məhkəmə tərəfindən qərardaddan şikayətə baxılması mümkün olmazdı. Çünki, ərizəyə heç bir şikayət əlavə edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(010)-3309/2020 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 133.2 və 133.3-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda ərizəyə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş şikayət əlavə olunmalıdır. Cavabdeh isə qərardaddan şikayət verilməsi üçün qanunvericliklə müəyyən edilmiş müddətin barpası barədə ərizə versə də, qanunvericiliyin tələblərinə uyğun şikayəti əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi də bu halı qeyd etmiş, lakin ərizəni baxılmadan qaytarmalı olduğu halda ona mahiyyəti üzrə baxaraq müddətin bərpasından imtina etmişdir. Belə olan halda, məhkəmə kollegiyası, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(010)-3309/2020 saylı qərardad ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(010)-3309/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(010)- 3309/2020 saylı qərardadı ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar