Məhkəmə qərarları › İş №2(103)-4300/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4300/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4300/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 №-li binada (giriş № 6 “C”) yerləşən 64 nömrəli mənzildən cavabdehin istifadə hüququna 9.600 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, 550 manat dəyərində “Samsung” markalı televizorun, 100 manat dəyərində televizor altının, 650 manat dəyərində “LG” markalı kondisionerin, 880 manat dəyərində “Toshiba” markalı noutbukun, ümumi dəyəri 1.000 manat olan mətbəx üçün künc divanın, masanın və stulların üzərində 1/2 hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-1756/20) iddia qismən təmin edilərək iddia ərizəsində qeyd edilən əşyalar üzərində iş üzrə tərəflərin hər birinin payı ½ hissədə müəyyən olunmuş, “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi isə rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinin rədd olunması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın tam təmin olunmasını, cavabdehə 19 000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, yaxud kompensasiya əvəzinə mülkiyyətində olan Bakı şəhəri, Naxçıvanski küçəsindəki 77 saylı evin 2 otaqlı 17ci mənzilindən cavabdehə uşaqlarla birlikdə istifadə hüququ verilməklə (qeydiyyata alınmaqla) cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov, iş №2(103)-6484/20) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 18000 manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 № li binada (giriş № 6 “C”) yerləşən 64 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Həsənov, iş № 2(102)-1706/21) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28.09.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 07.07.2010-cu il təvəllüdlü X3 və 19.03.2015-ci il təvəllüdlü X2 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə 28.09.2009-cu il tarixindən 27.03.2019-cu il tarixinədək ünvan 1 ünvanında bir yerdə yaşamışlar. Cavabdeh bu ünvana 2018-ci ilin dekabr ayında qeydiyyata düşmüşdür. Cavabdehlə axır vaxtlar xasiyyətləri düz gəlmədiyindən aralarında tez-tez mübahisələrin yaranması, cavabdehin valideynlərinə qarşı sayğısızlığı, onlara qarşı kobud rəftar etməsi, anasının ölümündən sonra onun yas mərasimlərindən heç birində iştirak etməməsi, onu polislə hədələməsi və nəhayət ondan polis idarəsinə şikayət etməsi səbəbindən, münasibətləri faktiki olaraq 27.03.2019-cu il tarixdən kəsilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.10.2019cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların anasının yanında saxlanılmaları, onların 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay onun əmək haqqının və digər gəlirlərinin 1/3-i miqdarında aliment tutulması qət edilmişdir. Cavabdehlə yenidən barışmaq, gələcəkdə yenidən ailə həyatını bərpa edib davam etdirmək ehtimalı yoxdur. 27.03.2019-cu il tarixində cavabdehin əsassız şikayəti əsasında polis idarəsinə aparıldıqdan sonra özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C, mənzil 64-dən çıxmış və növbəti dəfə belə bir hadisənin baş verməsindən ehtiyat edərək bir daha oraya qayıtmamışdır. Hal-Hazırda atasına məxsus Bakı şəhəri Nərimanov rayonunda yerləşən iki otaqlı mənzildə atası ilə yaşayır. Evdən çıxarkən hər hansı əşya və yaxud özünə məxsus əmlakı götürə bilməmişdir. Evdən çıxandan sonra həyatında çətinliklər yaranmışdır. Belə ki, 2019-cu ilin iyul ayında atası prostatdan əməliyyat olunmuş və bununla əlaqədar ona daimi qulluq tələb edilir. Digər tərəfdən 79 yaşlı xəstə atasının təmizliyə, qulluğa ehtiyacı var ki, bu işlər yalnız onun gəlini tərəfındən yerinə yetirilə bilər. Anasının dünyasını dəyişməsi ilə əlaqədar bu vəzifə evin kiçik oğlu oiaraq onun üzərinə düşür və bununla əlaqədar yenidən evlənməsinə zərurət yaranmışdır. Lakin yaşadığı iki otaqlı mənzil buna imkan vermir. Bununla əlaqədar atası, yeni həyat yoldaşı və özünün birgə yaşamaları üçün öz halal 3 otaqlı mənzilinə, yəni anasının ona bağışladığı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C, mənzil 64 yerləşən evinə qayıtması zəruridir. Bu mənzil onun xüsusi mülkiyyətindədir, anası tərəfindən 31.07.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Keçmiş həyat yoldaşı hal-hazırda anasının qurub-yaratdığı mənzildə yaşayır. Hansı ki, o, anasına xəstəliyi dövründə baş çəkməmiş, eləcə də yas mərasimlərinin heç birində iştirak etməmişdir. Bununla əlaqədar onun həmin mənzildə hüquqi haqqı olmamaqla ilə yanaşı, heç mənəvi haqqı da yoxdur. Eyni zamanda bildirmək istəyir ki, yuxarıda adı çəkilən mənzildən çıxarkən aşağıdakı əşya və əmlak da mənzildə qalmışdır ki, bunların bir hissəsi nikahdan əvvəl, bir hissəsi nikah dövründə alınmış, digər bir hissəsi isə valideynləri tərəfindən alınıb ona bağışlanmışdır. Mənzilin təmiri başa çatandan sonra valideynləri öz vəsaitlari hesabına mətbəx mebeli alıb ona bağılamışlar: Nikahdan əvvəl öz vəsaiti hesabına 2200 manat dəyərində uşaq və dəhliz mebeli, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 17 saylı mənzil alınmışdır. Birgə nikah dövründə isə “Samsung” markalı televizor (550 manat), televizor altı (100 manat), “LG” markalı kondisioner (650 manat), “Toshiba” markalı noutbuk (880 manat) və mətbəx üçün künc divanı, masa və stullar (1000 manat) alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, cavabdehlə mübahisəli mənzil anasına məxsus olmuş, anası həmin mənzildə təmir işləri apartdırmış və o evləndikdən sonra cavabdehlə birlikdə tam təmirli həmin mənzilə köçmüşlər. Mənzil anası tərəfindan 31.07.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Cavabdehlə anası arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı iiə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma oimamış, bu səbəbdən həmin hüquq daşınmaz əmlakın dövlət reyesterindən qeydə alınmamışdır. Həmçinin onunla da cavabdeh arasında Azərbaycan Respublikası Aiiə Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş nikah müqaviləsi olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin tələblərindən görünür ki, cavabdehin nikaha xitam verildikdən sonra adıçəkilən mənzildən istifadə hüququ saxlanılmır. Lakin uşaqların mənafeyini nəzərə alaraq cavabdehə kompensasiya verilməsini, yəni cavabdehin iki il ərzində uşaqlarla birlikdə kirayə mənzildə yaşamaları üçün 24 ay x 400 manat = 9.600 manat pul verilməklə cavabdehin sözügedən mənzildən istifadə hüququna xitam verilməsini məqsadəuyğun hesab edir. Göstərilənlərə əsasən cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 nömrəli mənzildən istifadə hüququna 9600 manat kompensasiya verilməklə xitam verilməsi, 550 manat dəyərində “Samsung” markalı televizorun, 100 manat dəyərində televizor altının, 650 manat dəyərində “LG” markalı kondisionerin, 880 manat dəyərində “Toshiba” markalı noutbukun, 1000 manat dəyərində mətbəx üçün künc divanı, masa və stulların dəyərinin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 3 ünvanına verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 2017-ci ilin iyul ayında verilmiş və keçmiş əri İddiaçı dərhal həmin ünvanda qeydiyata almışlar. Onun və uşaqlarının isə həmin evdə qeydiyyata alınmalarına razılıq verilməmiş (valideyinləri və qardaşı), həm də evin sənədləri gizlədilmişdir. Onu isə Heydər Əliyev prospektində yerləşən sökülmüş evdə qeydiyyatda saxlamışlar. Məqsəd təzə tikilmiş evdən daha çox sahə əldə etmək olmuşdur. 2018-ci ilin oktyabr ayında isə anasının ölüm yatağında olmasına baxmayaraq onu məhkəmənin qərarı ilə həmin evin qeydiyatından çıxarmışlar. Nikahları 28.09.2009-cu ildə bağlanmışdır. Bu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvləri, hətta onların ailə münasibətlərinə xitam verildiyi halda da həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Hazırda birgə nikahdan anadan olmuş 07.07.2010-cu il təvəllüdlü X3 və 19.03.2015-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır və başqa yaşayış sahəsi yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə göstərilir ki, işə baxmış Rayon Məhkəməsi onun “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbini ona görə təmin etməmişdir ki, iddiaçı tərəfindən kompensasiya kimi təklif edilən 9.600 manat cavabdehin mübahisəli mənzil üzərində olan istifadə hüququna xitam verilməsi üçün azdır. Bunu nəzərə alan iddiaçı əvvəlki apellyasiya baxışı zamanı cavabdehə təklif olunan kompensasiya məbləğini artıraraq 18.000 manat, hazırkı apellyasiya baxışı zamanı isə 25 000 manat müəyyən etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və göstərdi ki, təmsil etdiyi şəxs birgə nikahdan olan azyaşlı uşaqların cavabdehin himayəsində olmasını nəzərə alaraq cavabdehə təklif olunan kompensasiya məbləğini artırır və 25 000 manat kompensasiya məbləği ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh təklif olunan 25000 manat kompensasiya məbləği ilə razılaşmayaraq apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) cavabdehlə eyni məzmunlu izahat verdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız iddiaçı mübahisələndirmiş və şikayətində qətnamənin qismən – kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinin rədd olunması hissəsində ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən – “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından müəyyən edilir ki, tərəflər keçmiş ər-arvaddır. Onlar arasında nikah 28.09.2009-cu il tarixdə bağlanmış və Xətai Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahdan iki uşaqları var: 07.07.2010-cu il təvəllüdlü Kənan və 19.03.2015-ci il təvəllüdlü Turqut. Nikah pozularkən uşaqlar ananın yanında qalmış və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün atadan aliment tutulmuşdur. Mübahisə predmeti Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildir. Həmin mənzil 92,3 kv.m ümumi sahəyə malik olmaqla 3 otaqdan ibarətdir və 16 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzil iddiaçının mərhum anasının mülkiyyətində olmuş, anası ölümündən əvvəl 31.07.2017-ci il tarixdə mənzili motariat qaydasında təsdiq olunmuş müqaviləyə əsasən iddiaçıya bağışlamış və 04.08.2017-ci il tarixdə iddiaçının mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh və məhkəmə qətnaməsi əsasında yanında saxlanılmış 2 uşaq yaşayış yeri üzrə mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdən həmçinin müəyyən olunur ki, cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ vardır və iddiaçı özü də bu halı etiraf edir. Yuxarıda qeyd olunduğu kimi iddiaçının hazırkı apellyasiya baxışının predmeti olan hissədə tələbi kompensasiya ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədədir. Birinci instansiya məhkəməsi istifadə hüququna xitamın əvəzi kimi təklif olunan kompensasiya məbləğini yetərli saymayaraq iddianı həmin hissədə rədd etsə də, əvvəlki apellyasiya baxışı zamanı iddiaçının kompensasiya məbləğini 18.000 manata qədər artırmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi iddianı təmin etmiş, 18 000 manat ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsini qət etmişdir. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmamış və qətnaməni ləğv edərək işi yeni apellyasiya baxışına qaytarmışdır. Kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400-500 manat olmasına dair iddiaçı tərəfindən təqdim olunan sənədlərin həqiqiliyini, mötəbərliyini yoxlamamış, mütəxəssis rəyinin alınmasını tərəflərlə müzakirə etməmiş, eləcə də kompensasiya verilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsini həll edərkən tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqların cavabdehin himayəsində olmasına əhəmiyyət verməmiş, təklif edilmiş kompensasiya məbləğinin yetərli olmasının müəyyən edilməsi zamanı azyaşlı uşaqların mənafeyini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq mütəxəssis rəyinin (müstəqil qiymətləndiricinin) rəyinin alınması barədə qərardad qəbul etmiş, qərardadın icrasını Azərbaycan Respublikası “xxxx” MMC-yə həvalə etmiş və həmin qurumun verdiyi 18 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, korpus 6, C girişində yerləşən 64 saylı mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzilin kirayə haqqı 450 (dörd yüz əlli) manat – 500 (beş yüz) manat arasında dəyişir. Eyni zamanda hazırkı apellyasiya baxışı zamanı iddiaçı uşaqların ananın yanında qalmalarını nəzərə alaraq mübahisəli mənzildən istifadə hüququna xitamın əvəzi kimi cavabdehə 25 000 manat kompensasiya məbləği təklif etdi. Məhkəmə kollegiyası tərəflərin ailə münasibətlərinə xitam verilməsini və bundan sonra onların eyni mənzildə birgə yaşamalarının qeyri-mümkün olmasını, mübahisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzilin bir aylıq kirayə haqqının 450-500 manat civarında olmasını və sair halları nəzərə alaraq hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün təklif edilən 25 000 manat kompensasiya məbləği yetərlidir və bazar qiymətlərinə uyğundur. Məhkəmə kollegiyası bu barədəki qənaətini həm də onunla əsaslandırır ki, tərəflər arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında hər hansı razılaşma yoxdur. Ona görə də mənzilin mülkiyyətçisi kimi İddiaçı keçmiş arvadı Cavabdeh mənzilə olan istifadə hüququna məhkəmə qaydasında bazar qiymətləri ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında şərh olunan mövqeyə görə mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilən yazılı ərizəyə əsasən o, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün birgə nikahdan doğulan uşaqların mənafeyi nəzərə alınmaqla 25.000 manat məbləğində kompensasiya ödəməyə razıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur. Ona görə də iddiaçının cavabdehə təklif edildiyi 25.000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi İddiaçı qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından onların hər ikisinin mənafeyinə, eləcə də birgə nikahdan olan uşaqların mənafeyinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olubolmamasını müəyyən etmək səlahiyyəti isə işə baxan məhkəmələrə verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təklif olunan məbləğ cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin etmək üçün kifayət qədər yetərlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə təklif olunan 25 000 manat kompensasiya məbləği cavabdehə (25 000:450 = 55 ay; 25 000:500 = 50 ay) 50-55 ay, yəni 4-4,5 il kirayədə yaşamaq imkanı verəcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarnın və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını və mülkiyyətçi tərəfindən 25 000 manat kompensasiya məbləği təklif olunduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən - “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın və iddia təmin olunsun. İddiaçı tərəfindən Cavabdeh 25 000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 saylı evin (giriş № 6 “C”) 64-cü mənzilinə olan istifadə hüququna xitam verilsin. Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar