Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6484/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 №-li binada (giriş № 6 “C”) yerləşən 64 nömrəli mənzildən cavabdehin istifadə hüququna, onun tərəfindən cavabdehə 9.600 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, 550 manat dəyərində “Samsung” markalı televizorun, 100 manat dəyərində televizoraltının, 650 manat dəyərində “LG” markalı kondisionerin, 880 manat dəyərində “Toshiba” markalı noutbukun, ümumi dəyəri 1.000 manat olan mətbəx üçün künc divanın, masanın və stulların üzərində 1/2 hissəsinə onun pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan iki övladları var. Nikaha daxil olduqları tarixindən xx.xx.2019-cu il tarixədək qeyd edilən mənzildə birlikdə yaşamışlar. Mənzil nikaha qədər iddiaçıya məxsus olmuşdur. Cavabdeh bu ünvana 2018-ci ilin dekabr ayında yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Nikahdan övladlarının olmasına baxmayaraq onların münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli (İş № 2(011)-5103/2019) qətnaməsi ilə nikahın pozulması, uşaqların hazırki iş üzrə cavabdehin yanında saxlanılmaları, uşaqların 18 yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə iddiaçının qazancının və digər gəlirlərinin 1/3-i hissəsində alimentin hər ay tutularaq cavabdehə verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixində cavabdehin əsassız şikayəti əsasında iddiaçı polis idarəsinə aparıldıqdan sonra özünə məxsus mübahisəli mənzildən çıxmış və növbəti dəfə belə bir hadisənin baş verməsindən ehtiyat edərək bir daha oraya qayıtmamışdır. İddiaçıya məxsus əşyalar mübahisəli mənzildə qalmışdır. Hal-hazırda iddiaçı atasına məxsus və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ikiotaqlı mənzildə atası ilə yaşayır. Atası ikinci dəfə ailə qurduğundan iddiaçının atasıgillə birlikdə yaşaması qeyri-mümkündür. Buna görə də, iddiaçı mülkiyyətində olan mübahisəli mənzilə qayıtmaq niyyətindədir. Cavabdehin mübahisəli mənzil üzərində yalnız istifadə hüququ var. Buna görə də, iddiaçı bilir ki, bu hüququn itirilməsi üçün onun tərəfindən cavabdehə müəyyən məbləğdə kompensasiya verilməlidir ki, cavabdeh müəyyən müddət ərzində kirayədə yaşaya bilsin. Mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzillərin aylıq kirayə haqqısı 400 manat təşkil edir. İddiaçı hesab edir ki, onun tərəfindən cavabdehə 9.600 manat verilərsə cavabdeh 2 il müddətində kirayədə yaşaya bilər. Eyni zamanda iddiaçı bildirir ki, o, mənzildən çıxarkən mənzildə olan və iddia ərizəsində sadalanan əşyaları mənzildə qoymuşdur. Həmin əşyalar birgə nikah dövründə birgə vəsait hesabına alındığı üçün onunla cavabdehin ümumi əmlakı sayılır. Buna görə də, iddiaçı hesab edir ki, həmin əşyaların üzərində onun 1/2 hissədə payı tanınmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbin rədd edilməsini, “birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi barədə” tələbin təmin edilməsini, iddia ərizəsində qeyd edilən əşyalar üzərində iş üzrə tərəflərin hər birinin payının 1/2 hissədə müəyyən edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilməsini və bu tələbin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə göstərilir ki, işə baxmış Rayon Məhkəməsi “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbi ona görə təmin etməmişdir ki, iddiaçı tərəfindən kompensasiya kimi təklif edilən 9.600 manat cavabdehin mübahisəli mənzil üzərində olan istifadə hüququna xitam verilməsi üçün azdır. Bunu nəzərə alan iddiaçı kompensasiya məbləğini artırmış və hazırda kompensasiyanın 18.000 manat məbləğində müəyyən edilməsini xahiş edir. Apelyasiya baxışı iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, kompensasiyanın məbləğinin artırılmasının nəzərə alınmasını Məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi “birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi barədə” tələbin təmin edilməsini qət etsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti vermiş iddiaçı isə qətnamənin həmin hissəsini mübahisələndirmir. Göstərilənləri nəzərə alan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışını təşkil edən hissədə ləğv olunmalı, həmin hissədə iddia tələbi təmin edilməli, 18.000 manat məbləğində kompensasiya iddiaçı tərəfindən cavabdehə verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdə notariat orqanında rəsmiləşdirilərək qeydə alınmış “Bağışlanma müqaviləsindən” görünür ki, iddiaçının anası X1 yuxarıda qeyd edilən (mübahisəli) və mülkiyyətində olan mənzili iddiaçıya bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, həmin mənzil xüsusi mülkiyyətdə olan əmlak kimi xx.xx.2017-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(011)- 5103/2019) görünür ki, həmin işə baxmış məhkəmə hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah pozulmasını, nikahdan olan 2 azyaşlı uşağın hazırki iş üzrə cavabdehin yanında saxlanılmasını, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə alimentin tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Daxılı İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, hazırki iş üzrə cavabdeh və məhkəmə qətnaməsi əsasında yanında saxlanılmış 2 uşaq yaşayış yeri üzrə mübahisəli mənzildə qeydiyyatdadırlar. İşin hallarından müəyyən edilir ki, cavabdehin həmin mənzildə yerləşən yaşayış sahəsində istifadə etmək hüququ var. İddiaçı özü də bu halı etiraf edir. Hazırda iddiaçı onun tərəfindən cavabdehə kompensasiya ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi təklif olunan kompensasiya məbləğinin (9.600 manat) aşağı olması qənaətinə gələrək, iddianı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin etməmişdir. Lakin Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra iddiaçı kompensasiyanın məbləğini artırmışdır. Hazırda kompensasiyanın məbləği 18.000 manat təşkil edir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri və tərəflər arasında mübahisənin həlli ilə bağlı qeyd edir ki, kompensasiya verilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə tələblərin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi ərazidə olan analoji obyektlərə dair məlumatlar təqdim edilmişdir. Mübahisəli mənzilin həmin analoji obyektlərlə müqayisəsindən görünür ki, analoji obyektlər təmir, quruluş, şərait baxımından mübahisəli əmlakla oxşardır. İş materiallarına əlavə edilmiş həmin sənədlərdən görünür ki, müqayisə edilən mənzillərin aylıq kirayə haqları 400-500 manat civarındadır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx.xx.2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ilkin olaraq təklif olunan 9.600 manat kompensasiya məbləğini kifayət qədər aşağı məbləğ hesab etməkdə haqlı olmuşdur. Lakin hazırda iddiaçı 18.000 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, müqayisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400-500 manat aralığında olduğunu, analoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Çünki cavabdeh həmin məbləğə təxminən 3 il 8 ay müddətində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələblər əsaslıdır. Beləliklə, apellyasiya baxışının nəticələrini nəzərə alan və MPM-nin 384 və 385-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 18.000 (on səkkiz min) manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 №-li binada (giriş № 6 “C”) yerləşən 64 nömrəli mənzilə olan istifadə hüququna xitam verilsin. Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6484/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6484/2020
04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver