Məhkəmə qərarları › İş №2(103)-4301/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4301/2020

16.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4301/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2020 saylı mülki iş üzrə qəbul etdiyi 15 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənən alqı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 1, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(006)- 1100/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin vəkili X6 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 30 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olmamışdan əvvəl İddiaçı "xxxx" MTK ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 40 saylı mənzili əldə etmiş və mənzilin pay dəyəri onun tərəfindən "xxxx" MTK-ya nikaha daxil olmamışdan əvvəl tam ödənilmişdir. Nikaha daxil olduqdan sonra iddiaçı özünə məxsus olan həmin mənzili 21 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 400.000 manat məbləğinə satmışdır. Daha sonra satıcı X7 ilə alıcı Cavabdeh arasında 04 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı ona məxsus ünvan 4-da yerləşən 35 saylı mənzili 396000 manat məbləğinə alıcıya satmış və mənzil sonuncunun mülkiyyətinə keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(006)-1095/2020 saylı qətnaməsi ilə tərəflər arasında 30 sentyabr 2015-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. İddiaçı bildirir ki, mübahisəli mənzil onun adına rəsmiləşdirilməli idi, lakin mənzili satan şəxs təcili olaraq əməliyyat üçün Almaniyaya getdiyinə görə və onun işdən ayrılmağı mümkün olmadığından, arvadının, yəni cavabdehin təklifi ilə mənzil sonuncunun adına rəsmiləşdirilmişdir. Halbuki o, mənzili nikahdan əvvəl ona məxsus olan mənzilinin satışından əldə edilən pul vəsaiti hesabına əldə etmişdir. Beləliklə, mübahisəli mənzil nikah müddətində əldə edilən ümumi gəlir hesabına əldə edilməyib, ona görə də cavabdehlə ümumi birgə mülkiyyəti deyildir. Bu səbəbdən də, həmin mənzilin alqı-satqı müqaviləsində tərəf kimi o, özü göstərilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisəli mənzilin əldə edilməsi ilə bağlı alqı-satqı müqaviləsi onun tərəfindən bağlanılıb və pul da onun tərəfindən ödənilib. Ona görə də, iddia rədd edilməlidir. İddiaçı tərəfində aşağıdakı sübutlar təqdim edilmişdir: 5 saylı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X3 tərəfindən “X14” ASC 1 saylı şöbənin müdirinə ünvanlanmış 19 iyul 2017-ci il tarixli 809 saylı məktubda göstərilmişdir ki, Rusiya Federasiyası, Samara vilayəti, Samara şəhəri, Kirov rayonu, Alma-Atinskaya küçəsi, ev 102, mənzil 35-də qeydiyyatda olan X8 tərəfindən notariat qaydasında təsdiq edilmiş mənzil alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 400.000 (dörd yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 43-də qeydiyyatda olan İddiaçı 3.930,30 (üç min doqquz yüz otuz manat otuz qəpik) manat vergi məbləğini çıxmaqla 396.069,70 (üç yüz doxsan altı min altmış doqquz manat yetmiş qəpik) manat verilməsi üçün bankda olan ******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş edir. İddiaçı “X14” ASC-nin 1 saylı şöbəsində olan AZ10AZRT******************** nömrəli hesabdan çıxarışdan görünür ki, həmin hesaba xx.xx.2017-ci il tarixdə 396.069,70 manat mədaxil edilmiş, xx.xx.2017-ci il tarixdə isə hesabdan məxaric edilmişdir. Həmçinin “X14” ASC-nin 1 saylı şöbəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 09 dekabr 2019-cu il tarixli 06/Ş-02/421 nömrəli məktubda göstərilmişdir ki, notariat kontorunun xx.xx.2017-ci il tarixli 809 №-li məktubuna əsasən alqı-satqı müqaviləsi üzrə 396069,70 AZN vəsait xx.xx.2019-cu il tarixində İddiaçı tərəfindən notariusun depozit hesabından məxaric olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixində “X14” ASC-nin 1 saylı şöbəsində AZ10AZRT******************** nömrəli cari hesab açmış və həmin tarixdə bu hesaba 396.069,70 AZN məbləğində vəsait mədaxil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları və yuxarıda sadalanan yazılı sübutlarla iddiaçının istinad etdiyi hallar, yəni mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilin əldə olunması üçün sərf olunan 396.000 (üç yüz doxsan altı min) manat məbləğində pul vəsaitinin məhz iddiaçının nikaha daxil olmamışdan əvvəl əldə etdiyi ünvan 2 ünvanında yerləşən 40 saylı mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınması tam təsdiq olunsa da, hazırkı iddia tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Çünki iddia tələblərinin birinci hissəsi mənzilin nikah müddətində əldə edilən ümumi birgə mülkiyyət sayılmamasından ibarətdir. Əvvəla kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin iddiaçı tərəfindən irəli sürülmüş mənzilin nikah müddətində əldə edilən ümumi birgə mülkiyyət sayılmaması barədə iddia tələbi qeyd olunan məqsədləri daşımır və mülki qanunvericilikdə belə bir iddianın irəli sürülməsi ümumiyyətlə müəyyən olunmayıb. Belə ki, iddia icraatı qaydasında hansı növ tələblərin irəli sürülməsinin mümkünlüyünü Mülki və Mülki Prosessual Məcəllənin ayrı-ayrı maddələrindən aydın şəkildə müəyyən etmək olur. Məsələn əmlakın alınması, pul vəsaitlərinin tutulması, müqavilənin ləğv və ya etibarsız hesab edilməsi, dəyişdirilməsi, əmlakın bölünməsi, naturada ayrılması, cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə, alimentin alınması, zərərin əvəzinin ödənilməsi və s. Göründüyü kimi mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. Mənzilin nikah müddətində əldə edilən ümumi birgə mülkiyyət sayılmaması barədə tələb isə qeyri-müəyyən və qeyri-dəqiq olmaqla yanaşı, mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. İddiaçı tərəfindən irəli sürülmüş alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi və onun alıcı kimi göstərilməsi tələblərinə dair kollegiya qeyd edir ki, müqavilənin dəyişdirilməsi məsələsini tənzimləyən Mülki Məcəllənin 421-423-cü maddələrinin tələblərinə görə müqaviləyə dəyişiklik edilməsi tələbi ilə çıxış etmək hüququ yalnız müqavilə tərəfinə məxsusdur. İddiaçı isə mübahisə predmeti olan mənzilin əldə olunması üçün bağlanılan alqısatqı müqaviləsi üzrə tərəf deyildir. Bu baxımdan qeyd olunur ki, həmin iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. İddia tələblərinin qalan hissəsi cavabdehin adına olan çıxarışın ləğv edilməsi və mübahisəli mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi ilə bağlıdır. Bu tələblə bağlı kollegiya qeyd edir ki, həmin çıxarış “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilərək, bağlanmış alqı-satqı müqaviləsi əsasında verilmişdir. Həmin alqı-satqı müqaviləsi isə ləğv və ya etibarsız hesab edilməmişdir. Ona görə də, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi və mənzilin iddiaçının xüsusi mülkiyyətinə keçirilməsi üçün hüquqi əsas yoxdur. Bundan əlavə kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələblərinin qanuni əsasının mümkün variantları isə Mülki Məcəllənin 386-cı maddəsində sadalanmışdır. Həmin maddədə öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində” göstərilir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir. Belə ki, tərəflər arasında mübahisəli mənzilin əldə edilməsi ilə bağlı hər hansı bir müqavilə və ya razılaşma bağlanmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələri götürüldüyü halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Bundan başqa kollegiya qeyd edir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün aşağıdakı halları müəyyən edilməlidir: iddiaçıya məxsus mübahisəli mənzil hüquqi əsas olmadan cavabdehin mülkiyyətinə keçmiş, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin hazırki işin mübahisəsiz halıdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmamışdır. Həmin mənzilin iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzilin satışından götürülən pul vəsaiti hesabına əldə edilməsi isə əsassız varlanmaya aid müddəaları tətbiq etməklə hazırkı iddia tələblərinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi ilə 1092.1 və 1092.2-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “başqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə mərhum olana məxsus olmuş əmlak olmalıdır. Hazırkı işin halları isə ondan ibarətdir ki, iddiaçıya bilavasitə mübahisəli mənzil deyil, onun əldə edilməsi üçün sərf olunan pul vəsaiti məxsus olmuşdur. Lakin iddiaçı hazırkı işdə həmin pul vəsaitinin deyil, onun hesabına əldə olunan mənzilin qaytarılması tələbini irəli sürmüşdür. Məhkəmənin isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələblərindən kənara çıxmağa hüququ yoxdur. Ona görə də, hazırkı işdə həmin pul vəsaitinin iddiaçıya qaytarılması məsələsi həll oluna bilməz. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsi nəticəsinə gəlmiş, lakin gəldiyi nəticəni düzgün əsaslandırmamış və mübahisəli mənzilin alqı-satqı prosesində yalnız cavabdehin iştirak etməsini əsas götürərək iddiaçının istinad etdiyi halların təkzib edildiyi barədə səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1100/2020 saylı mülki iş üzrə qəbul etdiyi 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah müddətində əldə edilən “ümumi birgə mülkiyyət” sayılmaması, həmin mənzilin əldə edilməsi ilə bağlı 04 avqust 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənən alqı-satqı müqaviləsinin “alıcı” hissəsinə dəyişiklik edilməsi, müqavilənin “Alıcı”sı olaraq iddiaçının göstərilməsi, Cavabdeh adına olan ünvan 1, mənzil 35-ə dair çıxarışın ləğv edilməsi və həmin mənzilin iddiaçının xüsusi mülkiyyəti hesab edilməsi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar