Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1540/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(012)-3781/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Saatlı Rayon Məhkəməsinin 2(055)-193/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X4 arasında Saatlı rayon VVADQ şöbəsində bağlanmış 30 noyabr 2001-ci İİ tarixli 94 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan 23 aprel 2002-ci ildə anadan olmuş X9 və 26 sentyabr 2005-ci ildə anadan olmuş X5 adlı iki nəfər uşaqların anası X1 yanında qalmaları müəyyən edilmiş, İddiaçı 23 aprel 2002-ci ildə anadan olmuş X9 və 26 sentyabr 2005-ci ildə anadan olmuş X6 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin bu gündən, yəni 24 fevral 2017-ci il tarixdən tutularaq cavabdeh X1 xeyrinə ödənilməsi qət edilmişdir.
2. AR Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 564 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Saatlı rayonu, M.Müşviq küçəsində yerləşən binanın ümumi sahəsi 97 kv.m., yaşayış sahəsi 75,4 kv.metr olan 2 otaqdan ibarət mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında 2 №-li reyestr kitabında 3361 №-li inventar işi üzrə qeydiyyata alınmışdır.
3. Abşeron Rayon 1 Saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-496 nömrəli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, hədiyyə verən İddiaçı mülkiyyətində olan hədiyyə alan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evini X2 bağışlamışdır.
4. Abşeron Rayon 1 Saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 3M-236 nömrəli barışıq sazişindən görünür ki, İddiaçı X4 ilə birgə nikah dövründə əldə etdiyi Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən 23 saylı evin payına düşən hissəsindən imtina etmiş və satılmağına razılıq vermişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus olan 1 ədəd paltar yığmaq üçün şifonerin, 1 ədəd qab-qacaq dəsti yığmaq üçün balaca servantın, 1 ədəd servantın, 1 ədəd güzgülü termonun, qab-qaşıq dəstinin, 1 ədəd divanın, 2 ədəd güldanın, 2 ədəd tək adamlıq çarpayının, 3 ədəd müxtəlif ölçülərdə xalçaların, 1 ədəd stolun, 1 ədəd jurnal stolunun, 1 ədəd tok peçinin, 1 ədəd sandığın, 3 ədəd balışın və 2 ədəd taxt yanı tumbaların ona məxsus evdən cavabdeh tərəfindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X4 30 noyabr 2001-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2002-ci təvəllüdlü X9 və xx.xx.2005-ci təvəllüdlü X6 anadan olmuşlar. Bir müddət sonra ailə daxili münasibətləri kəskinləşmiş və nəticədə Saatlı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-193/2017 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında Saatlı rayon VVADQ şöbəsində bağlanmış 30 noyabr 2001-ci il tarixli, 94 saylı nikah qeydi pozulmuşdur. Hal-hazırda tərəflər ayrılmışlar və aralarında əmlak mübahisəsi yaranmışdır. Nəticədə tərəflər razılaşaraq, aidiyyəti üzrə notariat orqanına getmişlər. İddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evdən imtina etmiş, əvəzində isə cavabdeh ünvan 1 ünvanında yerləşən 23 saylı evdən imtina etmişdir. Bundan sonra cavabdeh X4, iddiaçıya məxsus olan Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən 23 saylı evdən cehiz əşyalarının bir qismini götürmüşdür. Lakin cavabdehə aid bəzi cehiz əşyaları iddiaçıya aid evdə qalmışdır. Dəfələrlə iddiaçı cavabdehlə əlaqə saxlasa da cavabdeh aşağıdakı cehiz əşyalarını evdən çıxarmır: 1 ədəd paltar yığmaq üçün şifoner, 1 ədəd qab-qacaq dəsti yığmaq üçün balaca servant, 1 ədəd servant, 1 ədəd güzgülü termo, qabqaşıq dəsti, 1 ədəd divan, 2 ədəd güldan, 2 ədəd tək adamlıq çarpayı, 3 ədəd müxtəlif ölçülərdə xalçalar, 1 ədəd stol, 1 ədəd jurnal stolu, 1 ədəd tok peçi, 1 ədəd sandıq, 3 ədəd balış və 2 ədəd taxt yanı tumbalar olan əşyalardan ibarətdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(012)-3781/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh məxsus 1 ədəd paltar yığmaq üçün şifoner, 1 ədəd qab-qacaq dəsti yığmaq üçün balaca servant, 1 ədəd servant, 1 ədəd güzgülü termo, qab-qaşıq dəstinin, 1 ədəd divan, 2 ədəd güldan, 2 ədəd tək adamlıq çarpayı, 3 ədəd müxtəlif ölçülərdə xalçalar, 1 ədəd stol, 1 ədəd jurnal stolu, 1 ədəd tok peçi, 1 ədəd sandıq, 3 ədəd balış və 2 ədəd taxt yanı tumbaların İddiaçı məxsus Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən 23 saylı evindən çıxarılması qət edilmişdir (hakim Habil Əhmədov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı ilə birgə yaşamışdır. AR Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 564 №-li qeydiyyat vəsiqəsindən göründüyü kimi Saatlı rayonu, M.Müşviq küçəsində yerləşən binanın ümumi sahəsi 97 kv.m, yaşayış sahəsi 75,4 kv.m olan 2 otaqdan ibarət mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında 2 №-li reyestr kitabında 3361 №-li inventar işi üzrə qeydiyyat alınmışdır. Lakin nikahları pozulduqdan sonra iddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evdən imtina etmiş, əvəzində isə cavabdeh ünvan 1 ünvanında yerləşən 23 saylı evdən imtina etmişdir. Bundan sonra cavabdeh, iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən 23 saylı evdən cehiz əşyalarının bir qismini götürmüşdür. Lakin nikahları pozulduqdan sonra cavabdehin qalan əşyaları hələ də iddiaçıya məxsus olan fərdi yaşayış evində qalmışdır. Bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı cavabdehin əşyalarının cavabdehin hesabına çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçıya məxsus olan fərdi yaşayış evində cavabdehə məxsus cehiz əşyalarının olması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bundan əlavə cavabdeh iddiaçıya məxsus evdə olan əşyaların ona məxsus olmadığını bildirsə də, qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşin araşdırılan hallarından da göründüyü kimi cavabdehin iddiaçıya məxsus evdən pay hüququ yoxdur. Tərəflər artıq rəsmi qaydada nikaha xitam vermiş, birgə əmlakları da öz aralarında bölmüşlər. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinin, Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-3781/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Saatlı rayon sakini İddiaçı ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Neçə illər bundan öncə onların nikahları məhkəmə vasitəsilə rəsmi qaydada pozulmuşdur. Bildirir ki, onların birgə nikahdan 2 övladları olmuş və boşanan zaman uşaqlar onun himayəsinə verilmişdir. Hər 2 övladları hazırda yetkinlik yaşına çatmış və hər ikisi Saatlı rayonu, A.Abuzərov küçəsi-10 ünvanında, yəni atalarının qeydiyyatda və yaşadığı fərdi yaşayış evində qeydiyyatdadırlar. Onun himayəsində vətənpərvər ruhunda tərbiyə almış ilk övladı xx.xx.2002-ci il təvəllüdlü X9 xx.xx.2025-ci il tarixdə hərbi xidmətə göndərilmişdir. Qısa müddət əsgər olmasına baxmayaraq Vətənin keşiyində yüksək səviyyədə əsgər xidmətini yerinə yetirir. Qızı xx.xx.2005-ci il təvəllüdlü X6 isə onunla bir yerdə yaşayır. Övladları mütəmadi olaraq rayona gedən zaman qeydiyyatda olduqları evə gedərək onun həmin evdə olan bütün cehiz əşyalarından da istifadə edirlər. Keçmiş həyat yoldaşı İddiaçı son günlər yaşadığı və iki övladlarının qeydiyyatda olduğu fərdi yaşayış evini satmaq fıkirindədir və bu barədə elan vermişdir. Onun bu şəxslə aralarında sənədləşmə mübahisəli məsələ vardır. Qarşı tərəf neçə illər bundan öncə onu aldadaraq və övladlarına da yalan vədlər verərək sözügedən evi satıb 3 nəfərə pul ifadəsində pay verəcəkdir. Qarşı tərəf söz versə də, bugünə kimi sözünə əməl etməyib, onu inandırıb öz şəxsi mənfəətindən ötrü bəzi özünə sərf edən sənədlərə notariat qaydada imza etdirib və həmin sənədlərin kökündən ləğv olunmasından ötrü ona köməklik olunması üçün son vaxtlar yuxarı instansiyalara rəsmi müraciət etmiş və artıq müraciətlərinə müsbət reaksiya verilir. Qeyd edir ki, keçmiş həyat yoldaşı İddiaçı qardaşı X3 sənədlər hazırlamaqla özünü xəstə olmaya-olmaya və bəzi qanunsuz yollara əl ataraq dövlətdən pensiya və mənzillə təmin olunmuşdur. Qarşı tərəf evi satarkən ilkin prosseslər əlbətdəki notariat qaydasında həll olunan zaman həmin sözükeçən evdə qeydiyyatda olanlar notariusa dəvət olunub onların hər birindən rəsmi razılıq ərizəsi alınmalıdır. O, son günlər bu məsələdən xəbərdar olan kimi qərara gəlmişdir ki, qarşı tərəf aidiyyətı təşkilat rəhbərlərini inandırmaqla ondan və 2 övladından xəbərsiz hər hansı bir qanunsuz sənədləşmə apararsa bilavasitə məsuliyyət daşıyır və o, dərhal Saatlı rayon Notariat ofisinə və ərazi üzrə Sabirabad Asan-Xidmət Mərkəzinə rəsmi qaydada məlumat vermişdir ki, onun övladlarının iştirakı olmadan əməliyyat aparmasınlar. Qarşı tərəf son günlər Abşeron rayon Məhkəməsinə iddia qaldıraraq onun cehiz əşyalarının həmin evdən çıxarılmasını istəmişdir. Odur ki, bildirir ki, sözügedən evdə olan əşyalar ona məxsus deyildir, onun qızına məxsusdur.
Apellyasiya şikayətinə etiraz
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdeh 2017-ci ildə iddiaçıdan boşanaraq, yaşamaq üçün başqa yerə getmiş, cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətində olan evdə qalmışdır. Belə olan halda, iddiaçı həmin əşyaların ona məxsus evdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər formal xarakter daşıyır və cavabdehin heç bir hüququ olmadan iddiaçıya məxsus evdə əşyalarını saxlaması iddiaçının Konstitusiya ilə qorunan hüquqlarını pozur. Həmin dəlillər cavabdehin cehiz əşyalarını iddiaçının evində saxlaması üçün əsas ola bilməz.
21. Cavabdeh apellyasiya şikayətində ziddiyyətli dəlillər irəli sürərək evdən çıxarılması tələb olan əşyaların həm onun əvvəllər gətirmiş olduğu cehiz əmlaklar kimi ona məxsus olduğunu, həm də həmin əşyaların ona deyil, qızına məxsus olduğunu bildirir.Bununla əlaqədar onun qızı çıxarıılmış qətnamədən maraqlı şəxs kimi özü MPM-in 357.1-ci maddəsinə əsasən şikayət verə bilər. Ona görə məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, e-2(012)-3781/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.