Məhkəmə qərarları › İş №e-2(007)-2081/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2081/2025

05.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2081/2025 05.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “paylı mülkiyyətdə olan avtomobilin hərracdan satılaraq paylara uyğun bölünməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan avtomobilin hərracdan satılaraq paylara uyğun bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan avtomobilin hərracdan satılaraq paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci il istehsalı olan, qara rəngli AZ ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobilin ilkin qiymətinin müəyyən olunmasını, İddiaçı və Cavabdeh ½ nisbətdə paylı mülkiyyətlərində olan 2008-ci il istehsalı olan, qara rəngli AZ ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobilin acıq hərracda satılması, açıq hərracdan satılaraq əldə edilmiş məbləğin, yəni 12000 manatın İddiaçı mülkiyyət hüququ tanınmış ½ nisbətdə bölünərək, 6000 manatın iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ünvanlayaraq, İddiaçı və Cavabdeh ½ nisbətdə paylı mülkiyyətlərində olan 2008-ci il istehsalı olan, qara rəngli AZ ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobilin acıq hərracda satılması, açıq hərracdan satılaraq əldə edilmiş məbləğin, İddiaçı mülkiyyət hüququ tanınmış ½ nisbətdə bölünərək iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq birgə nikah dövründə əldə edilmiş avtomobilin bölünməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-4573/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri və İddiaçı adına qeydiyyatdan keçmiş 2008-ci il istehsalı olan, qara rəngli AZ ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobilin üzərində X2 ½ hissədə pay hüququ müəyyən edilmişdir. Qeyd olunan avtomobil iddiaçının sahibliyində olsa da, istifadəyə yararsız vəziyyətdə olduğundan, cavabdehə ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobili satıb, satış pulunun paylarına mütənasib bərabər bölünməsi təklif olunsa da cavabdeh bununla razılaşmadığından avtomobilin satılması qeyri-mümkün olmuş, hətta günü-gündən köhnələn avtomobilin satış dəyərinin azalması ilə paylı mülkiyyətçi kimi hüquqlarının pozulması ilə nəticələnir. Qeyd olunan avtomobilin “Turbo.Az” saytından təqribi bazar qiyməti 12000 manat müəyyən edildiyindən, qeyd olunan avtomobilin satılıb, satış məbləğinin ½ hissəsi, yəni 6000 manatın onlara ödənilməsini xahiş edirlər. Beləliklə, tərəflərin ½ hissəsinə mülkiyyət hüququ tanınmış 2008-ci il istehsalı olan, qara rəngli AZ ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobillə bağlı hüquqlarını həyata keçirə bilmədiyindən və avtomobilin naturada bölünməsi mümkün olmadığından, hesab edir ki, həmin avtomobil acıq hərracda satılmalı, satış pulu ½ nisbətində iddiaçı və cavabdehin arasında bölünməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, birgə mülkiyyətlərində olan 2008-ci il istehsalı olan, qara rəngli AZ ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobillin aciq hərracda satılması ücün qanunvericiliyin tələbinə uyğun olaraq ilkin qiyməti müəyyən edilməli və həmin avtomobil açıq hərracda satılaraq, qiyməti 12000 manat olan avtomobilin satış pulu ½ nisbətində bölünməklə 6000 manatı iddiaçıya verilməlidir. Qeyd etmək istəyir ki, qeyd olunan iddia ailə mübahisəsi olmadığından, artıq tərəflər arasında nikah pozularaq əldə edilmiş əmlaka payları müəyyən edildiyindən, hazırda paylı mülkiyyətiçi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən iddia tələbi irəli sürüldüyü üçün Azərbaycan Respublikası Mediasiya Haqqında Qanuna əsasən məcburi mediasiya tələb edilməmişdir, ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir.

Tərəflərin izahatları:

4. İddiaçı vəkil və nümayəndəsi ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsini müdafiə edir, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini qəbul edir, avtomobilin ½ nisbətdə bölünməsinə etiraz etmir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

7. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4573/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri ** HU *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobilin üzərində iddiaçı Cavabdeh ½ hissədə pay hüququ müəyyən edilmişdir.

9. X4 Mərkəzinin 10 oktyabr 2025-ci il tarixli, YDQM nömrəli, 007-170/2025-ci il tarixli rəyindən görünür ki, ** HU *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobilin bazar dəyəri 10100 manat müəyyən edilmişdir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən olundu ki, ** HU *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobil ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4573/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri ** HU *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobilin üzərində iddiaçı Cavabdeh ½ hissədə pay hüququ müəyyən edilmişdir. Hazırda İddiaçı və Cavabdeh ½ nisbətdə paylı mülkiyyətlərində olan 2008-ci il istehsalı olan, qara rəngli AZ ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobilin acıq hərracda satılması, açıq hərracdan satılaraq əldə edilmiş məbləğin, İddiaçı mülkiyyət hüququ tanınmış ½ nisbətdə bölünərək iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:

“Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4573/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri ** HU *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobilin üzərində iddiaçı Cavabdeh ½ hissədə pay hüququ müəyyən edilmişdir. X4 Mərkəzinin10 oktyabr 2025-ci il tarixli, YDQM nömrəli, 007-170/2025-ci il tarixli rəyindən görünür ki, ** HU *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobilin bazar dəyəri 10100 manat müəyyən edilmişdir.

16. Yuxarıda qeyd olunan Plenum Qərarına əsasən məhkəmə ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən etməlidir. Göründüyü kimi paylı mülkiyyət avtomobildir və onun naturada ½ hissədə paylara uyğun bölünməsi mümkün deyildir.

17. Bu səbəbdən məhkəmə hesab edir ki, ** HU *** dövlət qeydiyyat nişanlı, “X6” minik markalı avtomobil açıq hərracdan satılaraq əldə olunan vəsait, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4573/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylara uyğun olaraq İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə bölünməlidir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

19. İddia tələbi təmin edildiyindən iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2008-ci il istehsalı olan, qara rəngli, ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş məbləğ İddiaçı və Cavabdeh paylarına uyğun olaraq (hər birinə ½ hissədə olmaqla) bölünməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. 2008-ci il istehsalı olan, qara rəngli, ** HU *** dövlət qeydiyyat nişanlı “X6” minik markalı avtomobil açıq hərracdan satılsın. Satışdan əldə olunmuş məbləğ İddiaçı və Cavabdeh paylarına uyğun olaraq (hər birinə ½ hissədə olmaqla) bölünsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar