Məhkəmə qərarları › İş №e-2(012)-3781/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3781/2025

15.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3781/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus olan 1 ədəd paltar yığmaq üçün şifonerin, 1 ədəd qab-qacaq dəsti yığmaq üçün balaca servantın, 1 ədəd servantın, 1 ədəd güzgülü termonun, qab-qaşıq dəstinin, 1 ədəd divanın, 2 ədəd güldanın, 2 ədəd tək adamlıq çarpayının, 3 ədəd müxtəlif ölçülərdə xalçaların, 1 ədəd stolun, 1 ədəd jurnal stolunun, 1 ədəd tok peçinin, 1 ədəd sandığın, 3 ədəd balışın və 2 ədəd taxt yanı tumbaların ona məxsus evdən cavabdeh tərəfindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh X5 30 noyabr 2001-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2002-ci təvəllüdlü X11 və xx.xx.2005-ci təvəllüdlü X7 anadan olmuşlar. Bir müddət sonra ailə daxili münasibətləri kəskinləşmiş və nəticədə Saatlı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-193/2017 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında Saatlı rayon VVADQ şöbəsində bağlanmış 30 noyabr 2001-ci il tarixli, 94 saylı nikah qeydi pozulmuşdur. Halhazırda tərəflər ayrılmışlar və aralarında əmlak mübahisəsi yaranmışdır. Nəticədə tərəflər razılaşaraq, aidiyyəti üzrə notariat orqanına getmişlər. İddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evdən imtina etmiş, əvəzində isə cavabdeh ünvan 1 ünvanında yerləşən 23 saylı evdən imtina etmişdir. Bundan sonra cavabdeh X5, iddiaçıya məxsus olan Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən 23 saylı evdən cehiz əşyalarının bir qismini götürmüşdür. Lakin cavabdehə aid bəzi cehiz əşyaları iddiaçıya aid evdə qalmışdır. Dəfələrlə iddiaçı cavabdehlə əlaqə saxlasa da cavabdeh aşağıdakı cehiz əşyalarını evdən çıxarmır: 1 ədəd paltar yığmaq üçün şifoner, 1 ədəd qab-qacaq dəsti yığmaq üçün balaca servant, 1 ədəd servant, 1 ədəd güzgülü termo, qabqaşıq dəsti, 1 ədəd divan, 2 ədəd güldan, 2 ədəd tək adamlıq çarpayı, 3 ədəd müxtəlif ölçülərdə xalçalar, 1 ədəd stol, 1 ədəd jurnal stolu, 1 ədəd tok peçi, 1 ədəd sandıq, 3 ədəd balış və 2 ədəd taxt yanı tumbalar olan əşyalardan ibarətdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında və ərizəsində bildirmişdir ki, o, Saatlı rayon sakini İddiaçı ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Neçə illər bundan öncə onların nikahları məhkəmə vasitəsilə rəsmi qaydada pozulmuşdur. Bildirir ki, onların birgə nikahdan 2 övladları olmuş və boşanan zaman uşaqlar onun himayəsinə verilmişdir. Hər 2 övladları hazırda yetkinlik yaşına çatmış və hər ikisi Saatlı rayonu, A.Abuzərov küçəsi-10 ünvanında yəni atalarının qeydiyyatda və yaşadığı fərdi yaşayış evində qeydiyyatdadırlar. Onun himayəsində Vətənpərvər ruhunda tərbiyə almış ilk övladı xx.xx.2002-ci il təvəllüdlü X11 xx.xx.2025-ci il tarixdə hərbi xidmətə göndərilmişdir. Qısa müddət əsgər olmasına baxmayaraq Vətənin keşiyində yüksək səviyyədə əsgər xidmətini yerinə yetirir. Qızı xx.xx.2005-ci il təvəllüdlü X7 isə onunla bir yerdə yaşayır. Övladları mütəmadi olaraq rayona gedən zaman qeydiyyatda olduqları evə gedərək onun həmin evdə olan bütün cehiz əşyalarından da istifadə edirlər. Keçmiş həyat yoldaşı İddiaçı son günlər yaşadığı və iki övladlarının qeydiyyatda olduğu fərdi yaşayış evini satmaq fıkirindədir və bu barədə elan vermişdir. Onun bu şəxslə aralarında sənədləşmə mübahisəli məsələ vardır. Qarşı tərəf neçə illər bundan öncə onu aldadaraq və övladlarına da yalan vədlər verərək sözügedən evi satıb 3 nəfərə pul ifadəsində pay verəcəkdir. Qarşı tərəf söz versə də bugünə kimi sözünə əməl etməyib, onu inandırıb öz şəxsi mənfəətindən ötrü bəzi özünə sərf edən sənədlərə notariat qaydada imza etdirib və həmin sənədlərin kökündən ləğv olunmasından ötrü ona köməklik olunması üçün son vaxtlar yuxarı instansiyalara rəsmi müraciət etmiş və artıq müraciətlərinə müsbət reaksiya verilir. Qeyd edir ki, keçmiş həyat yoldaşı İddiaçı qardaşı X4 sənədlər hazırlamaqla özünü xəstə olmaya-olmaya və bəzi qanunsuz yollara əl ataraq dövlətdən pensiya və mənzillə təmin olunmuşdur. Qarşı tərəf evi satarkən ilkin prosseslər əlbətdəki notariat qaydasında həll olunan zaman həmin sözükeçən evdə qeydiyyatda olanlar notariusa dəvət olunub onların hər birindən rəsmi razılıq ərizəsi alınmalıdır. O, son günlər bu məsələdən xəbərdar olan kimi qərara gəlmişdir ki, qarşı tərəf aidiyyətı təşkilat rəhbərlərini inandırmaqla ondan və 2 övladından xəbərsiz hər hansı bir qanunsuz sənədləşmə apararsa bilavasitə məsuliyyət daşıyır və o, dərhal Saatlı rayon Notariat ofisinə və ərazi üzrə Sabirabad Asan-Xidmət Mərkəzinə rəsmi qaydada məlumat vermişdir ki, onun övladlarının iştirakı olmadan əməliyyat aparmasınlar. Qarşı tərəf son günlər Abşeron rayon Məhkəməsinə iddia qaldıraraq onun cehiz əşyalarının həmin evdən çıxarılmasını istəmişdir. Odur ki, bildirir ki, sözügedən evdə olan əşyalar ona məxsus deyildir, onun qızına məxsusdur. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Saatlı Rayon Məhkəməsinin 2(055)-193/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X6 arasında Saatlı rayon VVADQ şöbəsində bağlanmış 30 noyabr 2001-ci İİ tarixli 94 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan 23 aprel 2002-ci ildə anadan olmuş X11 və 26 sentyabr 2005-ci ildə anadan olmuş X8 adlı iki nəfər uşaqların anası X1 yanında qalmaları müəyyən edilmiş, İddiaçı 23 aprel 2002-ci ildə anadan olmuş X11 və 26 sentyabr 2005-ci ildə anadan olmuş X7 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin bu gündən, yəni 24 fevral 2017-ci il tarixdən tutularaq cavabdeh X2 xeyrinə ödənilməsi qət edilmişdir. -AR Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 564 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Saatlı rayonu, M.Müşviq küçəsində yerləşən binanın ümumi sahəsi 97 kv.m, yaşayış sahəsi 75,4 kv.m olan 2 otaqdan ibarət mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında 2 №-li reyestr kitabında 3361 №-li inventar işi üzrə qeydiyyat alınmışdır. -Abşeron Rayon 1 Saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-496 nömrəli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, hədiyyə verən İddiaçı mülkiyyətində olan hədiyyə alan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evini X3 bağışlamışdır. -Abşeron Rayon 1 Saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 3M-236 nömrəli barışıq sazişindən görünür ki, İddiaçı X6 ilə birgə nikah dövründə əldə etdiyi Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən 23 saylı evin payına düşən hissəsindən imtina etmiş və satılmağına razılıq vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı ilə birgə yaşamışdır. AR Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 564 №-li qeydiyyat vəsiqəsindən göründüyü kimi Saatlı rayonu, M.Müşviq küçəsində yerləşən binanın ümumi sahəsi 97 kv.m, yaşayış sahəsi 75,4 kv.m olan 2 otaqdan ibarət mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında 2 №-li reyestr kitabında 3361 №-li inventar işi üzrə qeydiyyat alınmışdır. Lakin nikahları pozulduqdan sonra iddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evdən imtina etmiş, əvəzində isə cavabdeh ünvan 1 ünvanında yerləşən 23 saylı evdən imtina etmişdir. Bundan sonra cavabdeh, iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən 23 saylı evdən cehiz əşyalarının bir qismini götürmüşdür. Lakin nikahları pozulduqdan sonra cavabdehin qalan əşyaları hələ də iddiaçıya məxsus olan fərdi yaşayış evində qalmışdır. Bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı cavabdehin əşyalarının cavabdehin hesabına çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İ, İİ, İİİ və İV bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İ˝nsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, ˝hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq qeyd edir ki, iddiaçıya məxsus olan fərdi yaşayış evində cavabdehə məxsus cehiz əşyalarının olması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bundan əlavə cavabdeh iddiaçıya məxsus evdə olan əşyaların ona məxsus olmadığını bildirsə də, qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşin araşdırılan hallarından da göründüyü kimi cavabdehin iddiaçıya məxsus evdən pay hüququ yoxdur. Tərəflər artıq rəsmi qaydada nikaha xitam vermiş, birgə əmlakları da öz aralarında bölmüşlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, təmin edilməli, Cavabdeh məxsus 1 ədəd paltar yığmaq üçün şifoner, 1 ədəd qab-qacaq dəsti yığmaq üçün balaca servant, 1 ədəd servant, 1 ədəd güzgülü termo, qab-qaşıq dəstinin, 1 ədəd divan, 2 ədəd güldan, 2 ədəd tək adamlıq çarpayı, 3 ədəd müxtəlif ölçülərdə xalçalar, 1 ədəd stol, 1 ədəd jurnal stolu, 1 ədəd tok peçi, 1 ədəd sandıq, 3 ədəd balış və 2 ədəd taxt yanı tumbalar İddiaçı məxsus Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən 23 saylı evindən çıxarılmalıdır. Azəbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğundan, rüsumun qaytarılması hissəsinə qiymət verilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh məxsus 1 ədəd paltar yığmaq üçün şifoner, 1 ədəd qab-qacaq dəsti yığmaq üçün balaca servant, 1 ədəd servant, 1 ədəd güzgülü termo, qab-qaşıq dəstinin, 1 ədəd divan, 2 ədəd güldan, 2 ədəd tək adamlıq çarpayı, 3 ədəd müxtəlif ölçülərdə xalçalar, 1 ədəd stol, 1 ədəd jurnal stolu, 1 ədəd tok peçi, 1 ədəd sandıq, 3 ədəd balış və 2 ədəd taxt yanı tumbalar İddiaçı məxsus Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən 23 saylı evindən çıxarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar