Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4301/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(011)-4457/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən məlum olur ki, cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti açılmışdır.
2. Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlə 3 iş günü ərzində borcunun ödənilməsi təklif edilmiş, borcu ödəməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2912,31 manat əsas, 578,48 manat faiz, 19,62 manat cərimə, 0,40 manat komissiyon haqqı borcu olmaqla, cəmi 3510,81 manat borcun və ödənilmiş 55,11 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 08 iyun 2022-ci il tarixinə ASC-yə 2912.31 manat əsas, 578.48 manat faiz, 19.62 manat cərimə, 0.40 komisyon haqqı borcu olmaqla, cəmi 3510.81 manat borcu yaranmışdır.
5. İddiaçının təqdim etdiyi Maliyyə arayışına görə cavabdehin "xxxx" KB ASC-yə 2912.31 manat əsas, 578.48 manat faiz, 19.62 manat cərimə, 0.40 manat komisyon haqqı olmaqla cəmi 3510.81 manat borcu vardır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyul 2022-ci il tarixli 2(011)-4457/2022 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmiş, Cavabdeh 01 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2912.31 manat əsas, 578.48 manat faiz, 19.62 manat cərimə, 0.40 manat komisyon haqqı olmaqla, cəmi 3510.81 manat borc və 55.11 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və bu iş materialları ilə təsdiqini tapdığından, iddia təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 739.2, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfi lazimınca məlumatlandırmayan məhkəmə cavabdehin işlə tanış olmasına mane olmaqla yanaşı iddia tərəfində iştirakı olmadan yekun məhkəmə aktı çıxarmışdır. Əsas borc və ona uyğun olaraq hesablanmış faizlər şişirdilmişdir. Məhkəmə ekspertiza təyin edib, bu halı aydınlaşdırmalı idi. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan)
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
28. İddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
29. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
30. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.
31. Cavabdeh apellyasiya şikayətində borc məbləğini mübahisələndirərək, məhkəmə ekspertizasının keçirilmədiyini göstərmişdir.
32. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmədiyindən, apellyasiya şikayətinin dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın 2(103)-4301/2023 nömrəli iş üzrə 18 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumat xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
34. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
35. Göründüyü kimi, tədqiqatın aparılması üçün ekspert vəsatətinə əsasən hesabdan çıxarış məlumatları tələb edilmiş, lakin bank tərəfindən hesabdan çıxarış təqdim edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş ekspertizanın aparılmasından imtina edilmişdir.
36. Cavabdeh isə borc məbləğinin şişirdildiyini göstərsə də, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.
37. Bununla belə Kollegiya hesab edir ki, qətnamə faiz və cərimə borcuna aid hissədə dəyişdirilməlidir.
38. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.
39. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.
40. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.
41. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.
42. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
43. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
44. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
45. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”
46. Göründüyü kimi bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və banka olan bütün borc məbləğini tam olarqaq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmişdir. Əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.
47. Xəbərdarlıq məktubu 18 mart 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Xəbərdarlıqda 17 mart 2022-ci il tarixə cavabdehin 2912,31 manat əsas, 387,60 manat faiz və 7,72 manat cərimə olmaqla cəmi 3308,03 manat borcun yarandığı göstərilmişdir.
48. Göründüyü kimi bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilmişdir.
49. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq Bank həmin vaxtadək hesablanmış faiz və cərimə borcunu tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
50. Kollegiya qeyd edir ki, bank tərəfindən verilmiş xəbərdarlıq məktubuna əsasən cavabdehin 17 mart 2022-ci il tarixə 2912,31 manat əsas, 387,60 manat faiz və 7,72 manat cərimə olmaqla, cəmi 3308,03 manat borcu olmuşdur.
51. Ona görə də Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu müvafiq olaraq 387,60 manat, cərimə borcu isə 7,72 manat müəyyən edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4457/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh tutulmalı olan faiz və cərimə borcuna aid hissədə dəyişdirilsin. Tərəflər arasında bağlanmış krediti müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 387,60 manat və cərimə borcu 7,72 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.