Məhkəmə qərarları › İş №2(103)-4305/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4305/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4305/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borc müqaviləsi üzrə pul və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc müqaviləsi üzrə pul və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-351/2024 nömrəli 23 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 23.02.2021-ci il tarixli 1580 saylı alqı-satqı müqaviləsinə görə icraçı "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 37 saylı binasının 19-cu mərtəbəsində yerləşən sahəsi 105 kv.m olan 2 otaqlı 121 saylı mənzili payçı X9 tikib təqdim etməyi öz öhdəsinə götürür. Mənzilin cəmi dəyəri 94500 manat təşkil edir.

2. xx.xx.2020-ci il tarixli 1548 saylı alqı-satqı müqaviləsinə görə icraçı "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 37 saylı binasının 6-cı mərtəbəsində yerləşən sahəsi 140 kv.m olan 3 otaqlı 35 saylı mənzili payçı X13 tikib təqdim etməyi öz öhdəsinə götürür. Mənzilin cəmi dəyəri 126000 manat təşkil edir.

3. 30.12.2020-ci il tarixli 1544/1 saylı alqı-satqı müqaviləsinə görə icraçı "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 39 saylı binasının 16-cı mərtəbəsində yerləşən sahəsi 105 kv.m olan 2 otaqlı 100 saylı mənzili payçı X4 tikib təqdim etməyi öz öhdəsinə götürür. Mənzilin cəmi dəyəri 94500 manat təşkil edir.

4. xx.xx.2020-ci il tarixli təşəkkürnamədə göstərilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi İddiaçı tərəfindən Cavabdeh1 ayrılan 39 saylı binanın sahəsi 105 kv.m olan 100 saylı mənzili – Əliyev İlkinin adına rəsmiləşdirilən və Cavabdeh2 ayrılan 37 saylı binanın sahəsi 140 kv.m olan 35 saylı mənzili Alizadə Vüsal adına rəsmiləşdirilən dostluq və köməklik məqsədilə təmənnasız onların ailəsinə verilmişdir. Təhvil verdi: İddiaçı. Təhvil aldı: Cavabdeh2

5. 26.02.2021-ci il tarixli təşəkkürnamədə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli təşəkkürnaməyə əlavə olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixdə özünün düşdüyü çətinliklə bağlı İddiaçı müraciət etmişdir. İddiaçı ona təmənnasız təkrar olaraq kömək etmişdir. O da öz növbəsində bildirir ki, bir daha düşdüyü vəziyyətlə bağlı İddiaçı narahat etməyəcək, bu gün, sabah və gələcəkdə heç bir tələbi olmayacaq.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona olan borclarına görə ******* ABŞ dollarının ödəniş gününə məzənnə alınmaqla milli valyuta ilə ekvivalentinin və 315000 manat pulun alınıb ona verilməsi və “Qızıl Balıq” Restoranında ona məxsus 50% pay üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə, orada olan 2 taxtadan olan evlərindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması, cavabdehlərdən həmin restoranın həyətində olan 2 ədəd taxta evin inşası üçün lazım olan bütün materialların (hər biri 152,5 kv.m olan evlərin tikintisi üçün brus tipli, kolibrovka edilmiş hazır taxta materialların) alınıb ona verilməsi, onları qaytarmadıqları təqdirdə cavabdehlərdən müştərək qaydada hər bir ev materialı üçün 100.000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər "xxxx" MMC-nin direktoru Cavabdeh2 və onun arvadı Cavabdeh1 ilə əvvəl dostluq, sonra işgüzar münasibətləri hələ 2000-ci illərdən başlamışdır. Həmin dövrdə Elxan Rusiya Federasiyası Çelyabinsk Vilayətinin qubernatorunun nümayəndəsi kimi müraciət edərək, Azərbaycan Respublikası ilə həmin vilayət və ümumiyyətlə Rusiya Federasiyası arasında işgüzar və dostluq münasibətlərinin qurulması, qarşılıqlı iqtisadi əməkdaşlığın yaradılması üçün ondan kömək istəmişdir. O isə Milli Məclisdə deputat olmaqla yanaşı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunda işləmişdir. O Elxanın bu təklifini qəbul edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi naminə ona malların daşınması, ölkəyə idxal prosedurlarında, habelə bəzi hallarda maddi cəhətdən dəstək olmuşdur. O, bu əlaqələrin daha da gücləndirilməsi üçün kifayət qədər vaxt və vəsait xərcləmişdir. Bundan sonra onların yaxın dostluq münasibətləri formalaşdı və ailəvi yaxınlıq yaranmışdır. Elxan və arvadı onun köməkliyi ilə Azərbaycanda biznes fəaliyyətini genişləndirmişdir. Onlar dəfələrlə rəsmi şərikliyə dəvət etsələr də, o, deputat olduğunu və biznes fəaliyyəti ilə məşğul ola bilmədiyini bildirmişdir. Lakin, deputat mandatının müddəti bitdikdən sonra Elxan və Lyubovun Zirə qəsəbəsində torpaq sahəsinin alınması və orada restoran tikilməsi ilə bağlı təkliflərini qəbul etmişdir. O öz şəxsi əlaqələri hesabına Cavabdeh1 Zirə qəsəbəsində torpağın ayrılmasına, restoranın qurulması üçün Rusiya Federasiyasından mal-materialın gətirilməsinə köməklik etmiş və həmin sahədə onlara məxsus evlərlə yanaşı, biri onun özü üçün digəri dostu X8 üçün də iki ədəd taxtadan qonaq evləri inşa etdirmişlər. 2016-cı ilin sonuna yaxın Elxan və arvadı müraciət edərək başqa bizneslərində ciddi ziyan etdiklərini və təcili pul yardımına ehtiyacları olduğunu bildirmişdilər, onlara ******* ABŞ dolları pul vermişdir ki, borclarını bağlasınlar. Onlar xahiş etmişlər ki, 5 il onlardan bu vəsaiti istəməsin. “Qızıl Balıq” restoranının işindən onlara çatası vəsait digər bank borclarını hər ay bağlasınlar, 5 ilin sonunda əgər gəlirləri artmasa, həmin restoranın onlara çatacaq 50 faiz pay hissəsini də ona verib, borclarını əvəzləşdirsinlər. O 3-4 il onlardan borcunu qaytarmaqlarını tələb etməmişdir. 2020-ci il tarixdə yenidən hər iki cavabdeh ona müraciət edib, ailəvi dostluq münasibətlərindən və onun mərhəmətindən sui-istifadə edərək, ondan düşdükləri ağır vəziyyətdən çıxmaq üçün yenidən borc istəmişlər. O nağd pulunun olmadığını, əvəzində təsisçisi olduğu "xxxx" Mənzil Tikinti Kompleksində ona məxsus 3 ədəd evi sataraq pulunu borc kimi götürməyi təklif etmişdir. Onlar razılaşmış və müştəri taparaq həmin evləri onlara satıb pulunu götürmüşlər. Belə ki, Moskva prospekti 8 ünvanında yerləşən 37 saylı binanın 6-cı mərtəbəsində olan mənzili 126000 manata, həmin binada 19-cu mərtəbədə olan mənzili 94500 manata, 39 saylı binanın 16-cı mərtəbəsində olan mənzili isə 94500 manata satıb pulunu, yəni cəmi 315000 manat pulu götürmüşlər. Bütün qeyd edilənlərlə bağlı cavabdehlər etiraf və təşəkkür məktubu yazmışlar. 2021-ci ildən başlayaraq onlara borclarını qaytarmaq üçün söz verdikləri zamanın çatdığını xatırlatdıqda, onlar tamam başqa insanlar oldular. Ona qarşı əks həmləyə keçərək, guya onun onlara göstərdiyi köməyə görə pul aldığını bildirərək, əsassız tələblər irəli sürdülər. Bu arada, faktiki olaraq Cavabdeh1 arvadı Cavabdeh2 ilə heç vaxt heç bir nə iş münasibətləri, nə hər hansı kommersiya perspektivli münasibəti olmamışdır. Təxminən 2012-ci il ərəfələrində Cavabdeh1 biznes pasrtnyoru Landeberq adlı xanımın günün birində əsassız olaraq haqqında bütün rəsmi dövlət orqanlarına şikayətlə müraciət etmişdir. Bu xüsusatı qeyd etməkdə məqsədi odur ki, artıq bu gün həmin hadisənin təsadüfi olmadığını düşünmüşdür.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, “o, "xxxx" Mənzil Tikinti Kooperativində katib vəzifəsində işləyir. 2020ci ilin axırları, 2021-ci ilin əvvəllərində İddiaçı ona zəng edərək Cavabdeh1 arvadının gələcəyini bildirmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru həmin vaxt Pərviz Hüseynov olmuşdur. Cavabdeh1 arvadı Cavabdeh2 öz sürücüsü ilə ofisə yaxınlaşmışdır. İddiaçı cavabdehə pul yox, ev vermişdir. Sonra isə onlara bildirdi ki, əgər pul istəyirlərsə evin satılmasına kömək etsinlər, satışdan əldə edilən pulu onlara versin”.

9. X2 ifadəsində göstərmişdir ki, “o, "xxxx" Mənzil Tikinti Kooperativində satış şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı həmin kooperativin təsisçilərindən biridir. İddiaçı köməkçi vasitəsilə zəng edərək ona məxsus olan paydan mənzil verilməsini istəmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin evi cavabdeh üçün istəmişdir. Cavabdehə pul əvəzinə, mənzil vermişdir. 2-3 gün sonra isə ev satılaraq pulu cavabdehə verildi. Pul verilərkən heç bir qəbzə qol çəkilməmiş, yalnız təşəkkürnamə verilmişdir. Pul ödənişini təsdiq edən hər hansı bir sənəd mövcud deyil.”

10. X3 ifadəsində göstərmişdir ki, “o, "xxxx" Mənzil Tikinti Kooperativində mütəxəssis vəzifəsində işləyir. O, 2020-2021-ci illərdə İddiaçı sürücüsü olmuşdur. Cavabdeh2 AMEA-ya gələrək İddiaçıla görüşmüşdür. Sonra onlar “Sabir bağı” adlanan əraziyə getmişlər. Cavabdeh2 İddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, bu səbəbdən borclarını bağlamaq üçün pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı isə söhbət əsnasında ona yalnız ev verə biləcəyini qeyd etmişdir. Daha sonra o, Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə aparmışdır. Ofisdə danışılanlar barədə məlumatı olmamışdır”.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 aprel 2024-cü il tarixli 2(003)-351/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia təmin edilməmişdir.

12. Məhkəmə göstərmişdir ki, iddiaçı iddia tələbində cavabdehlərdən tələb etdiyi pul vəsaitlərini onlara borc kimi verdiyini sübut edə bilməmiş, bu faktı təsdiq edəcək hər hansı sənədi iş materiallarına əlavə etməmişdir. Təşəkkürnamələrin birində cavabdehlər iddiaçının onlara mənzil verdiyini bildirsələr də, bunu borc kimi deyil hədiyyə olaraq kömək məqsədilə edildiyi qeyd edilmişdir. Digər təşəkkürnamədə isə iddiaçı tərəfindən onlara kömək edildiyi qeyd edilsə də köməyin nədə ifadə olunması qeyd edilməmişdir. Mülki Məcəllədə borc müqaviləsi üçün tələblərdən biri də onun predmetinin məbləğinin üç min manatdan yuxarı olduğu təqdirdə həmin müqavilənin yazılı şəkildə bağlanmasından gedir. İddiaçının iddia tələbində qeyd etdiyi məbləğ üç min manatdan çox olsa da sonuncu tərəfindən hər hansı yazılı borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir.

13. Şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən dəvət edilən şahidlərin ifadələri heç bir digər sübutla təsdiq olunmadığından mötəbər sübut hesab oluna bilməz. Şahidlər iddiaçıya məxsus müəssisədə işlədiklərindən, onların ifadələri mötəbər hesab edilmir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 739, 742.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İddiaçının vəkili Vəkil2 ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş edərək, göstərmişdir ki, həm hazırki, həm də cavabdehlə aralarında olan digər işlər üzrə barışıq əldə etmək üçün danışıq aparılır. Məhkəmə iclasında iştirak edən cavabdeh hər hansı barışığa razı olmadığını bildirdiyi üçün işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

23. Maddə 739. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. İddiaçı cavabdehlərə verdiyini iddia etdiyi ******* ABŞ dolları, ona məxsus 3 evi satıb, pulunu borc kimi verdiyini iddia etdiyi ümumilikdə 315000 manatı, bundan başqa isə “Qızıl Balıq” Restoranında ona məxsus 50% pay üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə, orada olan 2 taxtadan olan evlərindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması, cavabdehlərdən həmin restoranın həyətində olan 2 ədəd taxta evin inşası üçün lazım olan bütün materialların (hər biri 152,5 kv.m olan evlərin tikintisi üçün brus tipli, kolibrovka edilmiş hazır taxta materialların) alınıb ona verilməsi, onları qaytarmadıqları təqdirdə cavabdehlərdən müştərək qaydada hər bir ev materialı üçün 100.000 manatın alınmasını tələb etmişdir.

33. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

34. Lakin iddiaçı iddia tələbini əsaslandıra bilməmiş, borc verdiyini iddia edərək tələb etdiyi pul məbləğlərinin cavabdehlərə borc verdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

35. İstinad edilən təşəkkürnamələrə məhkəmə haqlı münasibət bildirərək, göstərmişdir ki, təşəkkürnamələrin birində cavabdehlər iddiaçının onlara mənzil verdiyini bildirsələr də, bunu borc kimi deyil hədiyyə olaraq kömək məqsədilə edildiyi qeyd edilmişdir. Digər təşəkkürnamədə isə iddiaçı tərəfindən onlara kömək edildiyi qeyd edilsə də köməyin nədə ifadə olunması qeyd edilməmişdir.

36. İddia tələbi və apellyasiya şikayətində göstərilənlər dəlillər formal mülahizələrə əsaslanmaqla, tələbin əsasını təşkil edən halları təsdiq edən sübutlar təqdim edilmədiyindən məhkəmə haqlı olaraq iddianı rədd edilməsi qənaətinə gəlmişdir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-351/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar