Məhkəmə qərarları › İş №2(103)-4308/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4308/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4308/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1.244,98 manat əsas borc, 1.000,60 manat faiz borcu, 984,43 manat cərimə borcu, 241,06 manat gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi olmaqla, ümumilikdə isə 3.471,07 manat və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Təbriz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 13.05.2015-ci il tarixli İKM 212 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh2a 18 ay müddətinə illik 30% faiz dərəcəsi ilə 1.900 manat məbləğində kredit verməyi, Cavabdeh2 isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə fazləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə digər Cavabdeh1 arasında bağlanmış 13.05.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə bank arasında bağlanmış 13.05.2015-ci il tarixli İKM 212 saylı kredit müqaviləsinə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə göndərilmiş xəbərdarlığa baxmayaraq o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1.244,98 manat əsas borc, 1.000,60 manat faiz borcu, 984,43 manat cərimə borcu, 241,06 manat gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi olmaqla, ümumilikdə isə 3.471,07 manat və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehlə bank arasında 13.05.2015-ci il tarixində kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti 13.05.2016-cı ildə başa çatmış, tərəflərindən 3 illik iddia müddəti keçməmiş 22 oktyabr 2019-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin, Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixlin Fərmanın icrası ilə əlqadər mülki işin icraata götürülməsini qeyri- mümkün hesab etmiş və 2(004)- 6959/2019 saylı, 01.11.2019-cu il tarixli qərardadla geri qaytarmışdır. Cavabdehə restrukturizasiyasının aparılması məqsədilə təklif göndərilmişdir və fərmanın icrası ilə bağlı müvafiq tədbirlər tərəflərindən görülmüşdür. Lakin hal-hazıradək cavabdeh göndərilmiş təkliflərə baxmayaraq kredit borcunun restrukturizasiyası üçün müraciət etməmiş və təklif olunan restrukturzasiya məbləğini qəbul etmir. Həmçinin qeyd edir ki, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmış və yenidən 03 noyabr 2020-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət olunduqda Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia müddəti tətbiq edilərək iddiamız təmin edilməmişdir. Məhkəmə baxış zamanı mülki iş barədə iddia müddəti keçmədən, vaxtında məhkəməyə müraciət etmələri və işin Fərmanın icrası ilə əlqadər icraata götürülməsini qeyri-mümkün hesab edilməsi barədə qərardad təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, iş üzrə qəbul edilmiş qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdır. Fərman vətandaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Hesab edirik ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Hacıyev Hacıyevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 bank tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Samir Muradzadə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, İddiaçı ASC-nin “Təbriz” filialı ilə Cavabdeh2 arasında bağlanmış İKM 212 saylı, 13 may 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin “Təbriz” filialı Cavabdeh2 illik 30 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1.900 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında оlan, İddiaçı ASC-nin “Təbriz” filialı ilə Cavabdeh2 arasında bağlanmış İKM 212 saylı, 13 may 2015-ci il tarixli kredit müqaviləsinə əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh2 1.900 manat məbləğində əsas bоrc və 482,73 manat faiz məbləği оlmaqla hər ay 132,37 manat оlmaqla banka 2.382,73 manat məbləğini 13 iyun 2015-ci il tarixdən 13 noyabr 2016-cı il tarixə kimi ödəməli idi. İş materiallarında olan, İddiaçı ASC-nin “Təbriz” filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 212 saylı, 13 may 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan, iddiaçı LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş **********201 saylı, 14 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə 1.244,98 manat əsas, 1.000,60 manat faiz, 984,43 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 241,06 manat faiz, cəmi 3.471,07 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdikləri 15 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, cavabdehlər ərizəsində iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməsini qeyd etmiş və iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 15 fevral 2021-ci il tarixli ərizələrini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi nəzərə alaraq hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün hesab etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən zamin Cavabdeh1 qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 13.11.2016-cı il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia tələbi irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə xitam verilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilməməsi nəticasinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, bankın Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında müqavilə 13.05.2015-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 13.11.2016-cı ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə dörd il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bu səbəbdən də iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsinin hazırki mübahisəyə iddia müddətini tətbiq etməkdə düzgün nəticəyə gəlməməsi barədə dəlillərinə münasibət bildirırık qeyd edir ki, tərəflər arasında bağlanılmış İKM 212 saylı, 13 may 2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti müqavilənin 5.1-ci bəndinə əsasən 13.11.2016-cı il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş uç illik iddia müddətində bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətinin dəlillərinə bir daha münasibət bildirərək qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə birinci instansiya məhkəməsinin hazırki mübahisəyə iddia müddətini tətbiq etməkdə düzgün nəticəyə gəlməməsini bildirilsə də, həmin halı təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi Mübariz Süleymanov bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar