Məhkəmə qərarları › İş №2(103)-4308/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4308/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4308/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc müqaviləsi, borcun etirafı, borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı və Cavabdeh tərəfindən imza edilmiş xx.xx.2019-cu il tarixli qəbzdə göstərilmişdir ki, adı çəkilən şəxslər maşının (“Mersedes ML”) alqı-satqısı üçün 22 000 manat məbləğində razılaşmış, Cavabdeh razılaşdırılmış 22 000 manat məbləğdən 9000 manatı ilkin olaraq vermiş, qalan 13 000 manat məbləğ üzrə hər ay 3000 manat ödəyəcəyi, 4 ay müddətində borcunu bağlayacağı barədə tərəflər arasında razılıq əldə olunmuşdur.

2. İddiaçılə Cavabdeh arasında 2019-cu ilin sentyabr ayında “maşın alqısatqısı ilə bağlı borc müqaviləsi” adlandırılan müqavilə bağlanmış, müqavilədə göstərilmişdir ki, Cavabdeh İddiaçıla “Mercedes Benz ML” markalı avtomobilin alqı-satqısı üçün 22 000 manata razılaşır, ilkin ödəniş olaraq 9000 manat verir, qalan hissəni (13 000 manat) 4 ay müddətində tam şəkildə ödəyəcək.

3. Həmin müqavilənin üzərində aparılan və müqavilə tərəflərinin imzaları ilə təsdiqlənən qeydlərə görə, Cavabdeh sentyabr ayında 9000 manat, oktyabr ayında 3000 manat, noyabr ayında 3000 manat, dekabr ayında 3000 manat, yanvar ayında 4000 manat olmaqla, ümumilikdə 22 000 manatı İddiaçı ödəmişdir.

4. İddiaçı tərəfindən ban nömrəsi 4JGBB86E86A055248, buraxılış ili 2006 olan “MERCEDES ML350” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh xx.xx.2019-cu il tarixdə 4 ay müddətli etibarnamə verilmişdir.

5. İddiaçılə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində reyestrdə 3M-3777 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 4518 ABŞ dolları (manatla 7680 manat) borc vermiş, Cavabdeh isə borcu xx.xx.2020-ci il tarixinədək notariusun depozit hesabı vasitəsilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

6. Ban nömrəsi 4JGBB86E86A055248, buraxılış ili 2006 olan “MERCEDES ML350” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (əvvəlki qeydiyyat nömrəsi **-XV-***) xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

7. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh bildiriş göndərmiş, bildirişdə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4518 ABŞ dolları (7680 manat) borcun tam olaraq 20 gün ərzində geri qaytarılması xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 4518 ABŞ dolları pul vəsaitinin qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, eləcə də 96,80 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə 4518 ABŞ dolları (7680 manat) məbləğində pul borc vermiş, bununla bağlı onunla cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində 3M-3777 reyestr nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixədək notariusun depozit hesab vasitəsilə borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən müddətin keçməsinə baxmayaraq, borc götürdüyü pul vəsaitini bu günə qədər qaytarmamışdır. Mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişlə cavabdehə müraciət edərək, xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4518 ABŞ dolları (7680 manat) məbləğində borcun 20 gün müddətində geri qaytarılmasını xahiş etmiş, cavabdeh bildirişi xx.xx.2022ci il tarixdə alsa da, borcunu qaytarmamışdır.

10. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, cavabdehdən 4518 ABŞ dolları pul vəsaitinin (qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə), hüquqi xidmət üçün ödənilmiş 210 manatın və ödənilmiş 98,80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında daha əvvəl maşının alqı satqısına dair müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi cavabdehin maşını öz adına rəsmiləşdirməsi və digər zəruri təlabatları ilə bağlı bağlanmışdır. Cavabdeh tərəfindən maşının alqı-satsıqına dair müqavilə üzrə öhdəlik icra olunsa da, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəlik icra edilməmişdir.

12. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, tərəflər arasında iddiaçıya məxsus “Mercedes Benz ML-350” markalı ** XV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 19 sentyabr 2019-cu il tarixdə müqavilə bağlanmış, avtomobilin qiyməti 22 000 manata razılaşdırılmış, cavabdeh 9000 manat ödəniş etmiş, 13 000 manat qalıq borcu isə 4 ay ərzində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə nəqliyyat vasitəsinin idarə olunması üçün etibarnamə vermiş, razılaşma belə olmuşdur ki, qalıq borc ödənildikdən sonra nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyata alınacaqdır. 2019-cu ilin dekabr ayında iddiaçı cavabdehə bildirmişdir ki, özünə yeni nəqliyyat vasitəsi alıb və ** XV *** dövlət qeydiyyat nişanını özünə aldığı maşına qeydiyyata aldırmaq niyyətindədir, buna görə həmin vaxt qalıq borc olan 7000 manatı ödəsin. Lakin cavabdehin həmin pulu ödəməyə imkanı olmamışdır. Buna görə də 11 dekabr 2019-cu ildə iddiaçının təklifi ilə 7000 manat borcun qalması ilə bağlı kredit müqaviləsi bağlanmışdır. İddiaçı bildirmişdir ki, əlavə olaraq 600-700 manat müqavilənin bağlanmasına və nəqliyyat vasitəsinin qeydiyyata alınmasına xərci çıxacaq, bu səbəblə həmin məbləği qalıq borc olan 7000 manatın üzərinə gəlib müqaviləni 7680 manat məbləği ilə rəsmiləşdirmişlər. Bu məbləğ iddiaçı tərəfindən notariusun depozit hesabına qoyulmuş, cavabdeh tərəfindən çıxarılaraq həmin an iddiaçıya qaytarılmış, bundan sonra avtomobil cavabdehin adına rəsmiləşdirilmişdir. Yəni xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin mahiyyəti avtomobilə görə qalan borc məbləğinin sənədləşdirilməsindən ibarətdir. Cavabdeh tərəfindən 3000 manat dekabr ayında, 4000 manat isə 2020-ci ilin yanvar ayında, yəni 4 ay müddətinə hər iki tərəfin imzası ilə təsdiqlənməklə iddiaçıya ödənilmiş, qalıq 780 manatı isə iddiaçı özü müqavilədə üzərindən xətt çəkərək həmin məbləğdən keçdiyini bildirmişdir. Lakin daha sonra iddiaçı içkili vəziyyədə cavabdehə zəng edərək ondan 780 manatı tələb etmiş, cavabdeh isə borcunun olmadığını və iddiaçının ona 780 manatı keçdiyini bildirmişdir. Göründüyü kimi iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır.

13. Birinci instansiya məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 400 (dörd yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manatın və dövlət rüsumunun əvəzi qismində 30 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

14.1. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında “MERCEDES ML350” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22 000 manata nisyə alqı-satqısına dair müqavilə bağlanmış, müqavilə üzrə cavabdeh ilkin olaraq 9000 manat ödəniş etmiş, qalan 13 000 manat məbləği 4 ay müddətində ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Həmin tarixdə iddiaçı tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin idarə edilməsinə dair cavabdehə etibarnamə verilmişdir. 14.2. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə 4518 ABŞ dolları (7680 manat) məbləğində pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmış və borcalan xx.xx.2020ci il tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin bağlandığı tarixlə “MERCEDES ML350” minik markalı nəqliyyat vasitəsinin borclu Cavabdeh adına qeydiyyata alınma tarixi eynilik təşkil edir. Bu isə öz növbəsində tərəflər arasında bağlanmış kredit müqaviləsinin faktiki olaraq alqı-satqı müqaviləsinə əsaslandığını deməyə imkan verir. Tərəflər arasında borc müqaviləsi - maşın alqı-satqısı barədə müqavilədə göstərilən qrafik üzrə cavabdeh tərəfindən sentyabr, oktyabr, noyabr, dekabr və yanvar ayları üçün ödənişlərin edilməsi və iddiaçı tərəfindən həmin ödənişlərin qəbul edilməsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur. 14.3. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 7000 manat məbləğində ödəniş edilməsi (4118 ABŞ dolları) işdə olan sübutlarla təsdiqini tapmışdır. Belə ki, iddiaçı dekabr və yanvar aylarında avtomobilin alqı-satqısı ilə bağlı borc puldan 7000 manat hissəni (3000+4000 azn) almasını imzası ilə təsdiq etmişdir. Cavabdeh iddiaçının borc puldan 680 manat məbləğində hissəni ona güzəşt edərək keçdiyini bildirsə də, bunu sübuta yetirə bilməmişdir və hal-hazırda iddiaçı həmin məbləğdə pulu cavabdehdən tələb edir. Belə olan halda iddiaçının pul tələbi 400 ABŞ dolları (680 manat) hissəsində əsaslı hesab edilməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 386.1-ci, 425.1-ci, 442-ci, 448.1-ci, 567-ci, 601.1-ci, 601.2-ci, 739.1-ci, 739.2-ci, 740.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını, tərəflər arasında bağlanmış iki müqavilənin fərqli predmet və fərqli öhdəliklər olmasını, müqavilələrdən biri üzrə öhdəliyin icra olunmasına baxmayaraq, digəri üzrə icra edilmədiyini nəzərə almadığını irəli sürmüşdür. Şikayətdə göstərilmişdir ki, iddianın hüquqi əsası kredit müqaviləsi olduğu halda, məhkəmə Mülki Məcəllənin 567-ci maddəsinə (Alqı-satqı müqaviləsi) və 601-ci maddəsinə (Əşyanın hisssə-hissə ödənilməsi) maddəsinə istinad etmiş, bununla da, tətbiq edilməli olan normanı tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin mövcud olduğunu və həmin müqavilə üzrə cavabdehin iddiaçının qarşısında öhdəliklərinin yarandığını, həmçinin iddiaçının cavabdehdən vəzifələrinin icrasını tələb etmək hüququnun olduğunu da qəbul edir. Digər sözlərlə məhkəmə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə iddiaçıya pulun ödənilməli olduğunun və iddiaçı da cavabdehə borc verilmiş pulun geri tələb etməkdə haqlı olduğunu qəbul edir. İddiaçı iddia tələbini onunla sübuta yetirir ki, onun tərəfindən təqdim etdiyi notarial qaydada bağlanmış kredit müqaviləsi mövcuddur və bununla bağlı cavabdeh tərəfindən heç bir ödəniş edilməyib. Cavabdehin etirazının əsası kimi, daha öncə tərəflər arasında digər müqavilənin yəni sadə yazılmış nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsinin mövcud olduğunu qeyd edir və həmin müqavilə üzrə ödənilmiş pul vəsaitinin kredit müqaviləsi üzrə yaranmı öhdəliklərin eyni öhdəliklər olduğunu şifahi bildirərək, kredit müqaviləsi üzrə öhdəliklərin icra etdiyini hesab edir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb mötəbər sübutlarla əsaslandırıldığı halda, cavabdeh öz etirazını qeyri-mötəbər sübutla, şifahi olaraq digər müqavilə üzrə ödənişlərin bir-birinə bağlı olduğunu qeyd edərək, icra olunduğunu bildirir. Beləliklə, məhkəmə mülki işə birtərəfli, qeyri-obyektiv və qərəzli baxaraq nəzərə almır ki, tərəflər arasında bir neçə müqavilə bağlanıla bilər və hər müqavilə üzrə öhdəliklər tərəflər arasında başqa razılıq yoxdursa ayrı-ayilıqqda, müstəqil icra olunmalıdır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

18. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh və onun nümayəndəsi (vəkili) isə iddiaya qarşı etirazın məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

26. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

27. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

28. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

29. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

34. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

39. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

40. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

`Apellyasiya baxışının həddi

47. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbi qismən təmin edilsə də, qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

52. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

53. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, cavabdehə xx.xx.2019-cu il tarixli müqavilə əsasında 4518 ABŞ dolları (7680 manat) borc verdiyini, lakin cavabdehin müəyyənləşdirilmiş vaxt ərzində borcunu qaytarmadığını irəli sürür; cavabdeh isə həmin müqavilənin iddiaçıdan aldığı avtomobilə görə qalan borcunun rəsmiləşdirilməsi üçün bağlandığını, sonradan həmin qalıq borcu ödədiyini və bunun iddiaçının imzaladığı sənədlə öz təsdiqini tapdığını bildirməklə iddiaya etiraz edir.

54. Beləliklə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1ci maddəsi nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin iddiaya etirazının dəlilləri kontekstində ilk növbədə həmin borcun ödənilib-ödənilmədiyi məsələsinə qiymət verilməlidir.

55. Tərəflərin, iddiaçıya məxsus avtomobilin ilkin ödəniş 9000 manat, qalan 13 000 manatın isə 4 ay ərzində ödəniləcəyi şərti ilə 22 000 manata cavabdehə satılması barədə 2019-cu ilin sentyabr ayında razılığa gəldikləri, “MERCEDES ML350” minik markalı **-XV-*** dövlət qeydiyyat nişanlı həmin avtomobilin idarə edilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə 4 ay müddətli etibarnamə verildiyi, ilkin ödəniş olan 9000 manatın razılaşma tarixində, 3000 manatın oktyabr ayında, 3000 manatın isə noyabr ayında ödənildiyi işin mübahisələndirilməyən halıdır.

56. İşin hallarından görünür ki, iddiaçının istinad etdiyi borc müqaviləsinin bağlandığı gün (xx.xx.2019-cu il tarixdə) həmin avtomobil cavabdehin adına alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış, bundan sonra (2019-cu ilin dekabr ayında) 3000 manat, 2020-ci ilin yanvar ayında isə 4000 manat iddiaçıya ödənilmişdir.

57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “tərəflər arasında bağlanmış kredit müqaviləsinin faktiki olaraq alqı-satqı müqaviləsinə əsaslandığı”, habelə “xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 7000 manat məbləğində ödəniş edilməsi (4118 ABŞ dolları) işdə olan sübutlarla təsdiqini tapmışdır” qənaəti işin hallarına tam şəkildə uyğundur və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iddiaçının dürüst olmadığının təzahürüdür.

58. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

59. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

60. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

61. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1138/2023 saylı iş üzrə 18 aprel 2023-cü il il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar