Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4310/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1831/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə Bank borcalana 60 ay müddətinə qaytarmaq şərtilə illik 29 faiz ödənilməklə 4500 manat məbləğində kredit limiti vermişdir.
2. Bank tərəfindən borcluya ünvanlanmış pretenziya məktubunda göstərilmişdir ki, 02 iyun 2023-cü il tarixinə 4443,95 manat əsas, 619,34 manat faiz olmaqla cəmi 5063,29 manat borcu var. Bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməsi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 4443,95 manat əsas, 1392,62 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 5836,57 manat borcun və 78,37 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 faiz ödənilməsi şərtilə 4500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verib və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır.
5. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh banka əsas məbləğ üzrə borcu 4443,95 manat əsas, 1392,62 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 5836,57 manat təşkil edir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1831/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi təmin edilmiş, Cavabdeh 4443,95 manat məbləğində əsas borc, 1392,62 manat məbləğində faiz borcu olmaqla, cəmi 5836,57 manat borc pul və 78,37 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “X2" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Buna görə də yaranmış 4443,95 manat əsas, 1392,62 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 5836,57 manat borc cavabdehdən iddiaçı ASC-yə ödəniməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 449.4, 739.1, 739.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, bank qarşısında öhdəliklərini tam yerinə yetirmiş və bu barədə sənəd almışdır, lakin məhkəmə həmin məbləğin yenidən tutulmasını qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir.
27. İddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb etmişdir.
28. Cavabdeh apellyasiya şikayətində bank qarşısında öhdəliklərini tam yerinə yetirdiyini və bu barədə sənəd aldığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.
29. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə iş məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclunun banka borcu xx.xx.2023-cü il tarixinə (pretenziya tarixinə) əsas borc üzrə 4785,40 manat, faiz borcu üzrə 670,75 manat; xx.xx.2024cü il tarixinə (maliyyə arayışının tarixinə) əsas borc üzrə 4785,40 manat, faiz borcu üzrə 1503,41 manat müəyyən edilmişdir.
30. Bank tərəfindən borcluya ünvanlanmış pretenziya məktubunda göstərilmişdir ki, 02 iyun 2023-cü il tarixinə 4443,95 manat əsas, 619,34 manat faiz olmaqla cəmi 5063,29 manat borcu var.
31. Göründüyü kimi ekspert rəyinə görə əsas borc məbləği 4785,40 manat müəyyən edilsə də, iddia tələbində pretenziya məktubuna uyğun olaraq əsas borc olaraq 4443,95 manat tələb edilmişdir.
32. Faiz borcuna münasibətdə isə iddia tələbində 1392,62 manat faiz borcu tələb edilmiş, məhkəmə də faiz borcunu həmin məbləğdə müəyyən etmişdir.
33. Kollegiya hesab edir ki, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməlidir.
34. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.
35. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.
36. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.
37. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.
38. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
39. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
40. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”
42. Göründüyü kimi bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu (xx.xx.2023-cü il tarixli pretenziya) göndərilmiş və bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməsi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır.
43. Pretenziyada cavabdehin 02 iyun 2023-cü il tarixinə 4443,95 manat əsas, 619,34 manat faiz olmaqla cəmi 5063,29 manat borcu yarandığı göstərilmişdir.
44. Göründüyü kimi bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilmişdir.
45. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq da Bank hesablanmış faiz borcunu həmin vaxtadək tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edilə bilər.
46. Kollegiya qeyd edir ki, bank tərəfindən verilmiş xəbərdarlıq məktubuna əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 619,34 manat faiz borcu olmuşdur.
47. Ona görə də Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu müvafiq olaraq 619,34 manat müəyyən edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1831/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilsin. Tərəflər arasında bağlanmış krediti müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 619,34 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın 50 manatı iddiaçı "xxxx" KB ASC-dən, 50 manatı isə Cavabdeh tutularaq Məhkəmə Eskpertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən cavabdeh onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.