Məhkəmə qərarları › İş №2(103)-4310/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4310/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4310/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" MMC və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı işi üzrə Açar sözlər: (“kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" MMC və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-108/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X7 Kredit Təşkilatı" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4014 N-li kredit müqaviləsinin ləğv edilməsi, 3 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli icra qeydinin etibarsız hesab edilməklə icra sənədinin icraatına xitam verilərək geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 05 dekabr 2022-ci il tarixli, 2022/4015 saylı kredit müqavilə bağlayaraq 18000 manat kredit götürmüşdür. Həmin kreditin bir qismini ödəmişdir. Lakin cavabdeh şirkət əsassız olaraq vaxtından əvvəl şişirdilmiş faiz, cərimə və əsas borca dair 3 saylı notariat ofisinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilməsinə nail olmuşdur. 3 saylı Notariat Ofisi işin hallarını araşdırmadan 17 oktyabr 2023-cü il tarixli icra qeydini Nərimanov rayon icra şöbəsinə göndərmişdir. Həmin icra qeydinə əsasən həddindən artıq şişirdilmiş əsas, faiz və cərimə borcunun hazırda ona məxsus 100000 manata yaxın dəyəri olan ünvan 1 ünvanında yerləşən 57 saylı mənzildən tutulması mərhələsindədir. Yəni ona məxsus mənzil satılaraq “X7 Kredit Təşkilatı” MMC-nin xeyrinə borc tutulacaq. Bakı Şəhəri 3 Saylı Notariat Ofisinin Xüsusi X1 işin hallarını, onun həqiqi borcunu dəqiq müəyyən etmədən icra qeydini Nərimanov rayon icra şöbəsinə yönləndirməsi əsassız və qanunsuzdur. Qanunun tələbinə əsasən həm “X7 Kredit Təşkilatı” MMC tərəfindən müqavilə münasibətlərindən gələn tələblər üzrə pulun ödənilməsini tələb edən “pretenziya” məktubu, həm notariat orqanı tərəfindən icra qeydi barədə məlumat məktubu, həmçinin ipoteka bildirişi barədə müvafiq məlumatlar inzibati orqana və ona göndərilmədən icra qeydinin tərtib olunaraq Nərimanov rayon icra şöbəsinə göndərilməsi qanunsuz və əsassızdır. 05 dekabr 2022-ci il tarixli 2022/4015 saylı kredit müqaviləsi bağlanan zaman ona məxsus əmlakın girov qoyulmasından xəbəri olmayıb, belə olsa da, o, 100000 manat dəyəri olan əmlakı 18000 manat müqabilində 45000 manat dəyərləndirməzdi. “X7 Kredit Təşkilatı” MMC-nin əməkdaşları onu aldadaraq kredit müqaviləsi imzaladıblar. Ümumiyyətlə o, sonradan bilmişdir ki, “X7 Kredit Təşkilatı” MMC kredit müqaviləsinin tərkibində girov müqaviləsinin müvafiq bəndlərini yerləşdirərək ona imzaladıblar.

2. İşin icraatı zamanı müəyyən edilmişdir: - RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimnaov rayonu, Faiq Yusifov küçəsi, ev 36, mənzil 57 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; - "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4015 saylı kredit müqaviləsindən görünür ki, “Bank” “Müştəri”yə 36 ay müddətinə, illik 32% dərəcəsi ilə 18000 manat kredit verməyi, “Müştəri” isə istifadə etdiyi krediti müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür; - 2022/4015-İP saylı, xx.xx.2022ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 29 kv.m ümumi, 16.2 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 57 saylı mənzili "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4015 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir; xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı 5 gün ərzində borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ipoteka saxlayan “X7 Kredit Təşkilatı” MMC tələbi ilə ipoteka qoyan - İddiaçı məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 57 saylı mənzilə tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 2022/4015-İP müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18000.00 AZN əsas borc, 3216.41 AZN faiz borcu, 3906.00 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 25122.41 AZN təşkil edir); - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Bakı şəhər 3 saylı Notariat Kontorunun 8İ-5864 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır; - "xxxx" MMC-nin maliyyə arayışının surətinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixli 4015/2022 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 18000 manat əsas, 3216,41 manat faiz, 3906 manat cərimə borcu vardır; - 787312 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-yə 800 manat məbləğində ödəniş etmişdir; - 840448 saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-yə 3100 manat məbləğində ödəniş etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/8743 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli, 4015/2022 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı tərəfindən cavabdeh "xxxx" BOКТ ММС-yə olan borcu xəbərdarlıq məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə-17435,58 manat, faiz borcu üzrə 2.245,80 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17009,93 manat, faiz borcu üzrə 3155,97 manat, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2025-ci il tarixə əsas borc üzrə 15389,06 manat; faiz borcu üzrə 5887,19 manat müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli işi üzrə 2(005)- 108/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76; “İpoteka haqqında” Qanunun 34, 36, 37.1 və 37.3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162, 169-1-ci bəndinə; “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatı, 36 ay müddətinə 18000 manat kredit vermiş, kredit öhdəliyi borclu tərəfindən pozulmuş, xx.xx.2023-cü il tarixində borcla bağlı bildirişlər göndərilmişdir. İddiaçı (borclu) notariusun icra qeydi verilərkən qanunvericiliyin iki tələbinin pozulduğunu, bildirişlərin ona çatdırılmadığını və borcun mübahisəsiz olmadığını, yəni borcun yüksək göstərildiyini iddia edir. İddiaçının borcluya bildirişin çatdırılmaması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə kredit və ipoteka müqaviləsində borcalanın ünvanı kimi ünvan 4 saxlayan kredit təşkilatı tərəfindən “Azari Express” Sürətli Poçt Xidməti vasitəsilə bidirişlər göndərilmiş, xx.xx.2023-cü il tarixdə bildiriş “Məmmədov K” adlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. İpoteka saxlayan tərəfindən icra qeydi almaq üçün ipotekaya tutmanın yönəldilməsi və ya borcun qaytarılması barədə bildirişin borcluya göndərilməsini və ya ona çatdırılmasını təsdiq edən sənədin təqdim edilməsi tələbi qanunvericilikdə mövcud deyildir. Bildiriş ipoteka qoyana göndərildiyi halda, çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. Hər bir halda hazırki iş materiallarından göründüyü kimi, ipoteka qoyana göndərilmiş bildiriş onun məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən imza edilərək qəbul edilmişdir. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə utulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4015-İP saylı ipoteka müqaviləsinin 7.8-ci maddəsində “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarından biri kimi göstərilmişdir. Həmin müqavilənin 9.1-ci maddəsində əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hal kimi müəyyən edilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən isə ipoteka predmetinə tutma yönəldiyi təqdirdə ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə, tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi. Hazırki iş üzrə borcun 3 aydan çox müddətə gecikdirilməsi, borcun 90 təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişin ipoteka qoyana göndərilməsi və onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməməsi iş materialları ilə təsdiq olunur. Eləcə də kredit təşkilatı tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda tələbkar (ipoteka saxlayan) tərəfindən iddiaçıya (borcluya) borcun ödənilməsi, eləcə də ipoteka qoyana ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin onlara göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir. İcra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının kredit müqaviləsinin ləğvi tələbinə gəlincə qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçı hər hansı bir əsaslandırma aparmadan mülki qanunvericiliyin əqdin etibarsızlığı normalarına istinad etmiş, tələbində isə müqavilənin ləğvini irəli sürmüşdür. Həmçinin iddia ərizəsində iddiaçının ipoteka müqaviləsindən məlumatsız olduğu qeyd edilmişdir. Göstərilən iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Müllki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin müqavilənin ləğv edilməsi və dəyişdirilməsi əsaslarını müəyyən edən 421-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hazırki iş üzrə iddiaçı müvafiq tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, müqavilənin ləğvi ilə bağlı formal tələb irəli sürmüşdür. Həmçinin iddiaçının özünün də təqdim etdiyi qəbzlərdən göründüyü kimi kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmiş, yəni müqavilənin etibarlılığı onun tərəfindən qəbul edilmişdir. Mənzilinin ipoteka qoyulmasından məlumatsız olması dəlili isə ağlabatan olmamaqla, iş materialları ilə təkzib olunur. Müqavilənin ləğvinə gəlincə isə qeyd olunmalıdır ki, hər bir halda kredit təşkilatı borcluya borcun tam ödənilməsi ilə bağlı bildiriş göndərdiyi andan müqavilə ləğv edilmiş hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" MMC-yə və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti vermiş və Nərimanov rayon məhkəməsi tərəfindən 2(005)- 108/2025 nömrəli, xx.xx.2025-ci il qətnaməsinin dəyişdirilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77.1, 78.1, 385.1.1-ci maddələrinə; X8 və Azadlıqları Konvensiyasının 6cı maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Cavabdeh ilə 05 dekabr 2022-ci il tarixli, 2022/4015 saylı kredit müqavilə bağlayaraq 18000 manat kredit götürmüş və kreditin bir qismini ödəmişdir. Lakin cavabdeh şirkət əsassız olaraq vaxtından əvvəl şişirdilmiş faiz, cərimə və əsas borca dair 3 saylı notariat ofisinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilməsinə nail olmuşdur. 3 saylı Notariat Ofisi işin hallarını araşdırmadan 17 oktyabr 2023-cü il tarixli icra qeydini Nərimanov rayon İcra Şöbəsinə göndərmişdir. Həmin icra qeydinə əsasən həddindən artıq şişirdilmiş əsas, faiz və cərimə borcunun hazırda ona məxsus 100000 manata yaxın dəyəri olan ünvan 5 ünvanında yerləşən 57 saylı mənzildən tutulması mərhələsindədir. Yəni ona məxsus mənzil satılaraq “X7 Kredit Təşkilatı” MMCnin xeyrinə borc tutulacaq. Bakı Şəhəri 3 Saylı Notariat Ofisinin Xüsusi X1 işin hallarını, onun həqiqi borcunu dəqiq müəyyən etmədən icra qeydini Nərimanov rayon icra şöbəsinə yönləndirməsi əsassız və qanunsuzdur. Qanunun tələbinə əsasən həm “X7 Kredit Təşkilatı” MMC tərəfindən müqavilə münasibətlərindən gələn tələblər üzrə pulun ödənilməsini tələb edən “pretenziya” məktubu, həm notariat orqanı tərəfindən icra qeydi barədə məlumat məktubu, həmçinin ipoteka bildirişi barədə müvafiq məlumatlar inzibati orqana və ona göndərilmədən icra qeydinin tərtib olunaraq Nərimanov rayon icra şöbəsinə göndərilməsi qanunsuz və əsassızdır. 05 dekabr 2022-ci il tarixli 2022/4015 saylı kredit müqaviləsi bağlanan zaman ona məxsus əmlakın girov qoyulmasından xəbəri olmayıb, belə olsa da, o, 100000 manat dəyəri olan əmlakı 18000 manat müqabilində 45000 manat dəyərləndirməzdi. “X7 Kredit Təşkilatı” MMC-nin əməkdaşları onu aldadaraq kredit müqaviləsi imzaladıblar. Ümumiyyətlə o, sonradan bilmişdir ki, “X7 Kredit Təşkilatı” MMC kredit müqaviləsinin tərkibində girov müqaviləsinin müvafiq bəndlərini yerləşdirərək ona imzaladıblar. Hesab edir ki, ünvan 5 ünvanında yerləşən 57 saylı mənzil yenidən qiymətləndirilməlidir. Prosesdə onun təqdim etdiyi sübutlara məhkəmə əhəmiyyət verməyib. Ona görə də hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir. Məhkəmə onun fərdi yaşayış sahəsinin bugünki satış qiymətini nəzərə almayıb. Bundan başqa, hesablanmış əlavə faiz və cərimə borclarının silinməsini də məhkəmə nəzərə almayıb. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etmiş, borc məbləği ilə, o cümlədən ipoteka predmeti olan əmlakın dəyəri ilə razılaşmadığını bildirmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, kredit müqaviləsinin, icra qeydinin etibarsız hesab edilməsinə və ya ləğv edilməsinə əsas yoxdur. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişləri əldə edib və məsələdən məlumatlı olub. Qanunvericiliyin tələbinə əsasən də bildirişi aldığı gündən 20 gün müddətində şəxs onu mübahisələndirə bilərdi. “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin borcluya “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Qanunda ipoteka qoyana bildiriş göndərilməsi tələb olunur ki, həmin bildiriş də onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Hazırki iddianın məqsədi işin uzadılması məqsədi daşıyır. Odur ki, işə onların iştirakı olmadan baxaraq, apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

9. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən: notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır.

10. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-ci maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79cu maddəsinə əsasən: İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

11. “İpoteka haqqında” Qanunun tələblərinə əsasən: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-

1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.

12. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən: 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

162. İcra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin ziddiyyətli dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddiaçının icra qeydinin ləğvinə əsas kimi göstərdiyi onun ünvanına bildirişin göndərilməməsi halı ilə bağlı məhkəmə qeyd edir ki, icra qeydi ilə bağlı təqdim olunmuş notariat işindən görünür ki, bildiriş iddiaçının ünvanına poçt vasitəsilə göndərilmişdir. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir. İcra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Belə ki, iddiaçının borc məbləğinin şişirdilməsinə dair dəlilinə dair münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/8743 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli, 4015/2022 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı tərəfindən cavabdeh "xxxx" BOКТ ММС-yə olan borcu xəbərdarlıq məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə-17435,58 manat, faiz borcu üzrə 2.245,80 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17009,93 manat, faiz borcu üzrə 3155,97 manat, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2025-ci il tarixə əsas borc üzrə 15389,06 manat; faiz borcu üzrə 5887,19 manat müəyyən edilmişdir. Apellyasiya (habelə birinci instansiya) icraatı zamanı təqdim edilən qəbzlərdən başqa iddiaçı əlavə ödənişlərin edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayəti hüquqlardan suiistifadəyə yönəlmiş və onlara şərait yaradan müraciət kimi qiymətləndirilərək təmin edilməməli və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-108/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar