Məhkəmə qərarları › İş №2(103)-4317/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4317/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4317/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/23 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə su axıtma nəticəsində dəymiş maddi ziyanın əvəzində 2500 (iki min beş yüz) manat məbləğində pulun alınıb onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2023 saylı 07 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh 01 may 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2023 saylı 22 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 124/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 124/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh öz ərizəsində qeyd edilən qətnamənin surətini ona təqdim edilməməsini göstərsə də, iş materiallarından görünür ki, qətnamə hər iki tərəfə göndərilmiş, cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə almışdır. Belə olan halda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 124/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli Qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti buraxılmışdır. Hazırda da həmin müddətin hər hansı üzrlü səbəbə görə buraxılmasını bildirmir. Müddətin bərpası üçün əsas kimi qətnamənin təqdim edilmədiyini göstərir. Həmin qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini, müddətin bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün nülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi qətnamədən şikayət vermə müddətinin ötürülməsinin üzrlü sayılması barədə ərizədə buraxılmış mülki prosesual müddətinin xüsusatlarını, buraxılmış müddətin üzrlü hesab edilməsini obyektiv qaydada mülahizəsini izah etmişdir. Məhkəmə belə halda buraxılmış müddəti bərpa edib, mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərməli idi. Sözügedən qətnaməni cavabdeh özü qeyd edilən ünvanda yalnız qeydiyyatda olduğu, ancaq faktiki yaşamadığı səbəbindən almamış, qətnamə onun nümayəndəsi və vəkilinin şəxsi elektron kabinetinə 29 mart 2023-cü il tarixdə yerləşdirildiyindən də qeydiyyatda olduğu Qax şəhərində faktiki yaşadığına görə müvəkkilli ilə əlaqə yarada bilməmiş və yalnız 27 aprel 2023-cü il tarixdə cavabdehin israrlı tələbindən sonra, Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edilib hazırda mübahisələndirilən qətnaməni qəbz verməklə götürmüşdür. Cavabdehin vəkili və nümayəndəsi olmaqla onunla yeni müqavilə bağlandıqdan sonra, Vəkil, 01 may 2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli 2(005)-124/2023 saylı qətnaməsindən apelyasiya şikayəti tərtib edərək onu elektron qaydada Nərimanov Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, 07 mart 2023-cü il tarixli qətnamə iddiaçını birinci instansiya məhkəməsində təmsil edən nümayəndəsi, eyni zamanda vəkili Vəkil elektron kabinetinə 29 mart 2023-cü il tarixdə yerləşdirilmişir. İddiaçı isə qanunvericiliklə müəyyən edilmiş prosessual müddətini ötürməklə apellyasiya şikayətini birinci instansiya məhkəməsində onu təmsil edən nümayəndə-Vəkil vasitəsilə xx.xx.2023-cü il tarixdə vermiş, şikayət həmin vəkilə məxsus elektron kabinetdən göndərilmiş və bu ərəfədə onun nümayəndə olaraq səlahiyyət müddəti də bitməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməmişdir, şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən və qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Belə ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2023 saylı 22 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar