Məhkəmə qərarları › İş №2(103)-4318/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4318/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4318/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/23 saylı, xx.xx.2023-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı məhkəmə əmri haqqında ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh İddiaçı ASC-yə 4211,21 manat əsas kredit borcu, 1123,18 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 5334,39 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq kreditor İddiaçı ASC-yə ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20CASAMCG213354 saylı, 23 iyul 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən kreditor İddiaçı ASC tərəfindən borclu Cavabdeh 12 ay müddətinə illik 27% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000 manat məbləğində kredit xətti ayrılmışdır. Kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının 15-nə qədər istifadə olunmuş kredit məbləğinin faizlərini tam ödəməli, həm də kredit xətti müqaviləsinin bitmə tarixinə, 22 iyul 2016-cı il tarixinə qədər ona açılmış 5000 manat məbləğində kredit xəttini tam şəkildə banka ödəməli idi. Kredit xətti müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclu Cavabdeh 19 dekabr 2016-cı il tarixə İddiaçı ASC-yə 4211,21 manat əsas kredit borcu, 1123,18 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 5334,39 manat borcu qalmaqdadır. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(046)-5142/2016 saylı əmri ilə borclu Cavabdeh İddiaçı ASC-yə 4211,21 manat əsas kredit borcu, 1123,18 manat kreditdən istifadəyə görə faiz borcu, cəmi 5334,39 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-5142/2016 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(046)-5142/2016 saylı məhkəmə əmri borclu Cavabdeh etirazı əsasında ləğv edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-5142/2016 saylı qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ASCyə olan borcunun restrukturizasiya edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsi Məhkəməsinin icraatında 2-1(112)-8837/2023 saylı mülki iş mövcuddur. Həmin iş üzrə yekun qərar qəbul olunanadək 2(005)-606/2023 saylı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2023 saylı 22 may 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8837/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair 2(005)-606/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan İddiaçı ASC şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbinin əsasını kredit müqaviləsi üzrə verilmiş kredit borcunun, ona hesablanmış faizlərin və digər ziyanın ödənilməsi təşkil etdiyindən, məhkəmə tərəflər arsındakı kredit münasibətləri zəminində tələbkarın borcludan hansı məbləğdə - əsas kredit borcunun; - ona hesablanmış faizlərin; - digər ziyanın tələb etmək hüququnun və bu hüquqların əsaslı və ya əsassız olub-olmamasını müəyyən edərək bu tələblər üzrə yekun məhkəmə aktı çıxarmalıdır. Bu tələblər iş üzrə keçirilmiş müvafiq məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, cavabdehin tələbdə qeyd olunmuş kredit borcunun olmasını etiraf etməsi və digər sübutlar iddianın təmin edilməsi barədə yekun məhkəmə aktının çıxarılmasına tam əsas verir. Hazırkı halda Cavabdeh “adının kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddiası hətta uğurlu olsa belə bu iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilməz, o cümlədən yekun qərar qəbul edilməsinə hər hansı formada təsir göstərə bilməz. Onun “adının kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddiası təmin olunduğu təqdirdə bu onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanmasına əsas ola bilər ki, bu da hazırki iş üzrə yekun qərar qəbul edilməsinə maneə deyildir və qəbul ediləcək qərarın qanuniliyinə hər hansı formada təsir edə bilməz. Hazırki iş üzrə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddianın predmeti tələbkarın borcludan hansı məbləğdə əsas kredit borcunun, ona hesablanmış faizlərin və digər ziyanın tələb etmək hüququnun olub-olmaması olduğu halda, Cavabdeh Mü rsəl oğlunun Bakı İnzibati Məhkəməsində baxılacaq iddiasının predmeti isə onun kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh təşkilatının üzərinə qoyulmasıdır. Beləliklə hər iki məhkəmədə baxılan işlərin predmetləri biri digərindən tamam fərqli olduğundan, sonuncu iddia tələbi üzrə məhkəmənin icraatında işin olması kredit borcu tələbinə dair işə baxılmasına heç bir hüquqi və qanuni maneə törətmir (mümkünsüz etmir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarının siyahısı Mülki- Prosessual Məcəllənin 254.1-ci maddəsində verilmişdir. Həmin məcburiliyi şərtləndirən əsaslardan biri də mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan, lakin iş üzrə preyudisial əhəmiyyət kəsb edən məsələnin nizamlananasınadək həmin işə baxılmasının ümumiyyətlə mümkün olmamasından ibarətdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə nəticənin Bakı İnzibati Məhkəməsi Məhkəməsinin icraatında olan 2-1(112)-8837/2023 saylı inzibati mübahisənin nəticəsindən aslılığının mövcudluğu aşkardır. Belə ki, sözügedən inzibati işin çərçivəsində iddiaçının borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşəcəyi təqdirdə onun əsas kredit borcuna hesablanmış faiz borcu Fərmana uyğun olaraq tam və ya qismən silinə, əsas kredit borcunun ödənilməsi məqsədilə onunla güzəştli kredit müqaviləsi bağlana bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-606/2023 saylı 22 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar