Məhkəmə qərarları › İş №2(103)-4322/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4322/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4322/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh oğluna qarşı mülki iş üzrə (Açar sözlər: kredit, ona hesablanmış faizlərin qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2797/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh illik 15 faizlə, 48 ay müddətinə 20000 manat kredit verilmişdir.

2. 05 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 mart 2024-cü il tarixə kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 13085,86 manat əsas, 1234,53 manat faiz borcu olmaqla, cəmi 14320,39 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13085,86 manat əsas, 1234,53 manat faiz borcu olmaqla, cəmi 14320,39 manat borcun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132,96 manatın bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, GTKR4679688A299 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 15 faizlə, 48 ay müddətinə faizləri ilə birlikdə geri ödəməsi şərti ilə 20000 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2797/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməsi, Cavabdeh 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 13085,86 manat əsas, 1234,53 manat faiz borcu olmaqla cəmi 14320,39 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 132,96 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müəyyən ediləcək borc məbləği dəyərində iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək iddia tələbinin təmin edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd edilən məbləğlər həqiqəti əks etdirmir, cavabdehin ödədiyi pul vəsaitləri heç də nəzərə alınmayıb, hesabatlar düzgün deyil, yanlışdır və xeyli şişirdilmişdir. Bu səbəbdən də sözügedən mübahisə üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən mövcud mülki iş üzrə qəbul ediləcək qətnamənin ədalətli olmasını, obyektivliyini təmin etmək məqsədi ilə hesabatların, tələb olunan yekun məbləğin həqiqətə uyğun olubolmaması barədə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. məhkəmə araşdırma zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin etməyərək cavabdehin banka olan real borcuna dair araşdırma aparmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəf gəlməmə səbəbləri barədə məlumat verməmiş, iddiaçı tərəf ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir . Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

11. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

15. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

16. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

17. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

18. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2797/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddianın təmin olunması üçün hüquqi əsaslar mövcuddur.

31. Kollegiya apellyatorun şikayətinə münasibətdə bildirir ki, apellyasiya şikayətinin yeganə dəlili məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmadan iddia tələbinin tam təmin olunması ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, onun kredit borcu şişirdilmiş, etdiyi ödənişlər nəzərə alınmamışdır.

32. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-xx.xx.2024-cü il tarix aralığını əks etdirən hesabdan çıxarış xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilən borc məbləğini əks etdirir. Cavabdeh apellyasiya şikayətində etdiyi ödənişlərin nəzərə alınmadığını bildirsə də, bununla bağlı hər hansı təsdiqedici sənəd (ödəniş qəbzi, hesabdan çıxarış və s.) təqdim etməmişdir. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı ekspertizanın təyin olunması barədə vəsatət verməməklə yanaşı, apellyasiya şikayətində ekspertizanın təyin olunmasını tələb etsə də, bu barədə tələbini əsaslandırmamışdır.

33. Kollegiya hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri edən hər hansı hal yoxdur. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2797/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar