Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4328/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6 və apelyatorun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(004)-560/21 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh4 və Cavabdeh3 qarşı “qanunsuz quraşdırılmış dolabın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 30.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri yasamal rayonu Həsənbəy ünvan 1 ünvanda yerləşən binanın 11-ci mərtəbəsində, ümumi dəhlizdə qonşu tərəfindən qanunsuz inşa edilmiş dolabın cavabdehlər tərəfindən sökülərək dəhlizin əvvəlki vəziyyətinə qaytarılması; cavabehlər Cavabdeh1 MTK-dan və ünvan 2 ünvanda yerləşən binanın 11-ci mərtəbəsindəki 68 saylı mənzilin sahibi Cavabdeh4 və Cavabdeh3 vurduqları maddi zərərə görə 3000 manat və mənəvi zərərə görə 3000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-560/21) iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzilinin qarşısında, yəni 11-ci mərtəbədə qonşuların ümumi istifadəsində olan ümumi dəhlizdə (meydançada) yük liftinin yanında cavabdehlər Cavabdeh4 məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 68 nömrəli mənzilində yaşayan Cavabdeh3 tərəfindən qanunsuz quraşdırılmış dolabın (şkaf) sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 MTK-nın, Cavabdeh4 və Cavabdeh3 öhdəsinə qoyulması, iddiaçının nümayəndəsi X6 ərizə və şikayətlərin yazılması üçün 17.09.2020-ci il tarixli FİD320031 nömrəli mədaxil qəbzinə əsasən X3 ödədiyi 220 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərlər Cavabdeh1 MTK-dan, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Hazırda Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə binanın tikinitisinə başlanılmış və iddiaçı 2009-cu ildə binaya köçmüşdür. 14.03.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. 11-ci mərtəbədə yerləşən 68 nömrəli mənzilin sahibi Cavabdeh4dur. 2020-ci ilin iyun-iyul aylarında Cavabdeh3 68 nömrəli mənzilə köçmüş və hazırda həmin mənzildə yaşayır. Cavabdeh3 ümumi istifadədə olan dəhlizdə qanunsuz olaraq dolab quraşdırmışdır. İddiaçı dolab quraşdırılarkən Cavabdeh1 MTK-nın sədri X2 məlumat vermiş və dolabın quraşdırlmasına mane olmasını xahiş etmişdir. Cavabdeh1 MTK-nın sədri X4 dolabın quraşdırılmasının qanunsuz olduğunu və şifahi razılıq verdiyini bildirmişdir. Dolab sökülmədiyinə görə İddiaçı FHN-ə şikayət etmiş və bununla bağlı FHN-dən dolabın qanunsuz olduğu və sökulməli olduğu baradə bildiriş almışdır. Dolab yük liftinin qarşısında quraşdırılmışdır. 11-ci mərtəbədə yerləşən mənzil mülkiyyətçilərinin razılığı alınmadan quraşdürılmışdır. Bu səbəbdən həmin dolab sökülməli və idiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı dəymiş maddi zərəri 3.000 manat, mənəvi zərəri 3.000 manat qiymətləndirir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinə baxarkən iddiaçının cavabdehlərə qarşı belə bir iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını araşdırmalı idi. İddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Sökülməsi tələb olunan dolabın yerləşdiyi yer iddiaçının şəxsi mülkiyyəti deyil. Həmin yer yaşayış binasının bütün mülkiyyətçilərinin ümumi mülkiyyəti hesab olunur. Bu tələbi ya idarəçi, ya da yaşayış binasının mülkiyyətçilərinin yığıncağı həyata keçirə bilər. İddiaçıların bütün mülkiyyətçilər adından belə bir iddia qaldırmaq hüququ yoxdur. Bundan başqa, iddiaçı öz tələbini əsaslandırmamış, dolabın quraşdırılması nəticəsində onun hansı hüquq və azadlıqlarının pozulduğunu sübut etməmişdir. Məhkəmə müəyyən suallara aydınlıq gətirilməsi üçün tikinti-texniki ekspertizası təyin etməli idi. Bundan başqa, Azərbaycan Respublikası FHN Dövlət Yanğın İdarəsinin 13.08.2020-ci il tarixli məktub həlledici sübut hesab edilə bilməz. Belə ki, dolabın quraşdırılması nəticəsində qanun normasının və iddiaçının hüquqlarının pozulması müəyyən edilmədikcə həmin məktubun sübut qüvvəsi yoxdur. İşə baxan məhkəmə yerində müayinə aparsa idi məlum olardı ki, həmin dolabın quraşdırıldığı yer binanın yükdaşıyan dayaq konstruksiyasının çıxıntısının yaratdığı boşluq hissədir və həmin hissə onsuz da ölü sahədən başqa bir şey deyil. Həmin boşluğa dolabın yığılması iddiaçının heç bir hüququnu pozmur və poza da bilməz. Lakin işə baxan məhkəmə bu halları araşdırmamış, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh apellyasiya şikayəti verməklə vaxtı uzadır, lakin o, bununla heç bir şey əldə etməyəcək. Cavabdehlərin dəhlizə heç bir hüququ yoxdur. Cavabdeh3 nümayəndəsi və vəkili C.Cəfərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi N.Arif isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, hazırkı qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Qətnamədən yalnız Cavabdeh3 apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Həmin ünvanda və mərtəbədə yerləşən 68 nömrəli mənzil isə Cavabdeh4 məxsusdur və həmin mənzildə digər Cavabdeh3 yaşayır. İddiaçı cavabdehlər tərəfindən 11-ci mərtəbədə ümumi istifadədə olan yerdə qanunsuz dolab quraşdırıldığını bildirərək həmin dolabın sökülməsi və zərərin ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə Azərbaycan Respublikası FHN X8 Xidmətinin 2-ci ərazi Dövlət Yanğın İdarəsinə müraciət etmiş və həmin İdarənin iddiaçının müraciəti əsasında apardığı müvafiq araşdırma nəticəsində ünvan 2 ünvanda yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 11-ci mərətəbəsində ümumi istifadədə olan dəhlizdə tikinti layihəsində nəzərdə tutulmayan dolabın quraşdırılıması müəyyən edilmiş və həmin dolabın sökülməsi üçün Cavabdeh1 MTK-nın rəhbərliyinə 11.08.2020-ci il tarixli 37/36-01123 saylı məktub göndərilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən – dolabın sökülməsi hissəsində əsaslı saymış və iddianın təmin edilən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh4 məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 68 nömrəli mənzildə yaşayan digər Cavabdeh3 tərəfindən 11-ci mərtəbədə yerləşən mənzillərin mülkiyyətçilərinin ümumi istifadəsində olan dəhlizdə həqiqətən də binanın layihəsində nəzərdə tutulmayan dolab quraşdırılmışdır. İddiaçının etirazına və tələbinə, həmiçinin həmin dolabın sökülməsi üçün Cavabdeh1 MTK-nın rəhbərliyinə ünvanlanmış FHN-nin 11.08.2020-ci il tarixli 37/36-01123 saylı məktubuna cavabdehlər tərəfindən məhəl qoyulmamış, dolabın sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpası həyata keçirilməmişdir. Bu hal təqdim edilmiş fotoşəkillərlə də təsdiq olunur. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün dövlət orqanlarına və məhkəməyə ərizə və şikayətlərin yazılması üçün 220 manat xərc çəkmişdir. Cavabdeh3 apellyasiya şikayətində 11-ci mərtəbədə dolab quraşdırdığını etiraf etsə də, iddia tələbinə etiraz edərək iddiaçının həmin dolabın sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ olmadığını bildirmişdir. Yəni, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, sökülməsi tələb olunan dolab iddiaçının hüquqlarını pozmur, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Apellyasiya baxışı zamanı cavabdeh tərəfə Cavabdeh3 mübahisəli ünvanda hansı əsasla yaşaması, mənzilə mülkiyyət hüququ olub-olmaması ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəmə kollegiyasına təqdim etməsi təklif olunsa da, işə baxan məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, əksinə, Cavabdeh3 öz mülkiyyətində olmayan evin qarşısında yerləşən ümumi paylı mülkiyyətdə olan dəhlizdə digər mülkiyyətçilərin icazəsi və ya razılığı olmadan dolab quraşdırmaq hüququ olmamış, belə hərəkətlərlə iddiaçı da daxil olmaqla digər mülkiyyətçilərin hüququnu pozmuşdur. Halbuki, belə bir dolabın tikilməsi, bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilə bilərdi. İşin hallarından məlum olur ki, iddiaçının və digər mülkiyyətçilərin belə bir razılığı olmamışdır. Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.http://frameworks.e-qanun.az/46/f_46944.html Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Həmin Məcəllənin 231.1.3-cü maddəsinə görə isə əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular, predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Rəşad Həsənov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4328/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4328/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver