Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-433/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxx» İKB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-76/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxx» İKB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxxxx” İKB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3558,72 ABŞ dolları əsas borc, 1144,89 ABŞ dolları faiz borcu və 111,42 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 4815,03 AbŞ dolları borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-76/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh «xxxxxx» İKB ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc kimi 504,47 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması, «xxxxxx» İKB ASC-dən keçirilmiş ekspertizanın xərcinin əvəzi kimi 258 manat, Cavabdeh 32 manat tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə cavabdehin kredit borcunu əsassız olaraq faiz və cərimə hissəsində tutmamışdır, halbuki Bank tərəfindən cavabdehə təqdim edilmiş ödəniş qrafikində onun vaxtı-vaxtında etməli olduğu ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikmələrlə etmiş və həmin ödənişləri qrafik üzrə aparmamışdır. Bu faktı hakim özüdə qətnamədə qeyd etmişdir. Bundan əlavə qanun cərimənin hakim tərəfindən azaldılmasını nəzərdə tutsada faiz borcuna bu halı aid etməmişdir. Bütün bunları nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilənlər qətnamənin bankın xeyrinə dəyişdirilməsi üçün əsasdır. Hakim qətnamədə ekspert rəyinə əsaslanaraq faiz borcunu tutmamışdır. Bununla bağlı qeyd etmişdir ki, ekspert rəyi tamamilə əsassız olmuşdur. Ekspert bankın sübut növü olaraq təqdim etdiyi hesabdan çıxarışı araşdırmamış, faiz borcunun və cərimə borcu üzrə müəyyənləşdirilmiş subutları ayırmamışdır. Bundan əlavə ilk ekspert rəyində faizlə cərimənin olduğunu qeyd etmiş, ikinci ekspert rəyində isə faizlə cərimənin olmadığını müəyyən etmişdir. Hesab edir ki, iki ekspertiza rəyində ziddiyətlər olduğundan, əlavə mühasibatlıq ekspertizası keçirilməli və borc müəyyən olunmalıdır. Belə ki hesabdan çıxarışda həmin hesab üzrə ayrılmış əsas, faiz və cərimə subutları müəyyənləşir. Ekspert silinmələri faiz sonradan isə əsasdan apardığından, əsassız olaraq əsas borcunu azaltmış, faizi isə tamamilə səhv olaraq tutmamışdır. Məhkəmə iclasında bankın nümayəndəsi tərəfindən təkrar mühasibatlıq ekspertizanın təyin edilməsinə dair vəsatət verilsədə məhkəmə həmin vəsatəti təmin etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə kollegiyasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh apellyasiya şikayəti ilə müraciət etmədiyindən qətnamə ona münasibətdə də yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cavabdehin izahatını nəzərə alaraq, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissədində ləğv edilməlidir Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə «xxxxxx» İKB ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 28% hesablanmaqla, 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 2820 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixə “xxxxxx” İKB ASC-yə olan əsas borcu 3558,72 ABŞ dolları, faiz borcu isə 884,89 ABŞ dolları müəyyən edilmişdir. Həmin borc üzrə cərimə borcu hesablanmamışdır. xx.xx.2017-ci il tarixdə 100 ABŞ dolları məbləğində ödəniş edilmiş, lakin, həmin ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 33271 saylı ekspert rəyinə əsasən, Cavabdeh “xxxxxx” İKB ASC-yə olan əsas borcu 504, 47 ABŞ dolları müəyyən edilmiş, faiz borcu və cərimə borcu hesablanmamışdır. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 33271 saylı ekspert rəyinə əsasən, kredit müqaviləsi üzrə əsas borc 504,47 ABŞ dolları, faiz borcu isə 0 ABŞ dolları təşkil etmişdir. Buna baxmayaraq, iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11386 /2019 saylı qərardadı ilə təkrara məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli 26646 saylı ekspert rəyinə əsasən, xx.xx.2019-cu il tarixə, yəni qətnamə qəbul edilən tarixə olan əsas borc 504,47 ABŞ dolları, faiz borcu isə 16,47 ABŞ dolları hesablanmışdır. Keçirilmiş ekspertiza tədqiqatı ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas borc məbləğinin düzgün müəyyən edilsə də, faiz borcu müəyyən edilməmişdir. Belə olan halda 16,47 ABŞ dolları məbləğində faiz borcu Cavabdeh «xxxxxx» İKB ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasına təqdim edilmiş ekspert rəyində, eyni zamanda birinci instansiya məhkəməsinin əsas götürdüyü ekspert rəyində cərimə borcu müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi cərimə borcunu tutmamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat təşkil etdiyindən, həmin məbləğ iddiaçı “xxxxxx” İKB ASC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxxxx” İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 76/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli, “xxxxxx” İKB ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 16,47 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat təşkil etdiyindən, həmin məbləğ iddiaçı “xxxxxx” İKB ASC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxx” İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-76/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilsin. “xxxxxx” İKB ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 16,47 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat təşkil etdiyindən, həmin məbləğ iddiaçı “xxxxxx” İKB ASC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-433/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-433/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver