Məhkəmə qərarları › İş №2(103)-433/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-433/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-433/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2412/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. **-EC-*** dövlət qeydiyyat nişanlı, “Nissan Micra” minik markalı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır.

2. xx.xx.2022-ci il tarixdə X5 idarə etdiyi “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törədərək İddiaçı məxsus olan “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini zədələmişdir.

3. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

4. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərər 5.080 manat məbləğində müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Pirşağı ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil, iddiaçıya məxsus “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. İcbari Sığorta Bürosunun rəsmi saytından əldə olunan məlumata əsasən, yol nəqliyyat hadisəsi tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalanmasına dair icbari sığorta müqaviləsi mövcud olmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, 5.080 manat məbləğində maddi zərər dəymişdir. YNH-nin təfərrüatları barədə Sabunçu rayon DYPŞ-nin arayışından və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, X1 Xətalar Məcəlləsinin 327.1ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilə X2 təqsiri ucbatından maddi ziyan dəymişdir. “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyəti üzrə icbari qaydada sığortalandığından iddiaçının cavabdehə qarşı sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdeh sığorta şirkətinə sığorta ödənişinin verilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, indiyə qədər ödəniş həyata keçilməyib, bu da öz növbəsində iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Buna görə də, hazırki işlə bağlı iddiaçı məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Qeyd olunanlarla yanaşı, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1% həcmində dəbbə pulu ödəməlidir. Göründüyü kimi, artıq 7 aydan çoxdur ki, iddiaçıya sığorta ödənişi ödənilmir. 5.000 AZN x 0.1% x 225 gün:100%= 1125 AZN. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5.000 manat zərər məbləğinin, 1.125 manat dəbbə pulunun və 81.3 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2412/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən dəymiş zərərin əvəzi olaraq 5.000 manat, 112 manat dəbbə pulu və ödənilmiş 81,30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə X5 arasında sığorta müqaviləsi imzalanmış və X3 məxsus “Nissan Micra minik” markalı, 77- EC-174 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, indiyə qədər ödəniş həyata kecirilməyib. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, iddiaçıya məxsus olan “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5.080 manat müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası qanuna görə, dəymiş ziyan 5.000 manat məbləğində müəyyən edilməlidir.

9. Məhkəmə iddia tələbinin cavabdehdən 1.125 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 112 manat məbləğində müəyyən edir.

10. Hazırki iş üzrə iddia tələbi əsas hissədə-dəymiş ziyanın ödənilməsi hissəsində təmin edildiyindən iddia qaldırılması üçün ödənilmiş 81.30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllləsinin 14.2.6, 21.1, 21.2, 467, 883.1, 888.1, 888.3, 899.1.1, 922.1, 922.2, 926.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18, 52.1, 56.1.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavadbeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçıya məxsus “Mersedes Benz E 350” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə “Qrand servis” mərkəzinin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən baş vermiş sığorta hadisəsi nəticəsində qeyd olunan avtomobilə 5.080 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. İş üzrə verilmiş qüsur aktının mötəbər sübut hesab edilə bilinməyəcəyi, buna görə də əmlaka dəymiş zərər məbləğinin qiymətləndirilməsində istinad edilə bilinməyəcəyi faktlarla kifayət qədər əsaslandırılsa da, məhkəmə tərəfindən nəzərə alınmamış və real məbləği müəyyənləşdirmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmamışdır. Halbuki, işin faktiki halları və dəlillər yetərincə məhkəmənin diqqətinə çatdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə araşdırması natamam olmuş və nəticə tək tərəfli sübutlar əsasında əldə olunmuş, cavabdehin kifayət qədər əsaslandırılmış mövqeyi isə nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən iş üzrə qeyd olunan faktiki hallar və sübutlar nəzərə alınmaqla ekspertiza keçirilməli, avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mövcud və mötəbər faktlar əsasında həyata keçirilməsi prinsipinə uyğun olaraq realizə edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsində əlavə olaraq qeyd etmişdir ki, iş üzrə tərtib olunmuş qiymətlər dəymiş zərərin real məbləğindən açıq-aşkar şəkildə azdır və reallığı əks etdirmir. Belə ki, iddiaçı həmin zərəri 5.000 manatdan da artıq qiymətə təmir etdirmiş, lakin icbari sığorta üzrə verilən məbləğ maksimum 5.000 manat olduğundan cavabdehin onları yönləndirdiyi və əməkdaşlıq etdiyi avtoservisin qüsur aktı tərəfindən mübahisələndirilməmişdir. Diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, cavabdeh birinci instansiya məhkəməsində ümumiyyətlə məbləği mübahisələndirməmiş, hətta məhkəmə gedişatında 5.000 manatı ödəyəcəklərini bildirmiş, onların isə dəbbə pulu hissəsində güzəştə getmələrini istəmişlər. Lakin dəymiş zərərin məbləği ilə bağlı məsələni birinci instansiya məhkəməsində mübahisələndirməli olduğu halda apellyasiya instansiyasında hazırki məsələni qaldıraraq pulun ödənməsindən yayınmaq niyyətindədirlər. Birinci instansiya məhkəməsi dəbbə pulu hissəsində olduqca az məbləğ qət etməsinə baxmayaraq, iddiaçı həmin pulu tez almağı üçün həmin qətnamədən şikayət verməmişdir. Lakin iki ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh pulun ödənilməsindən hələ də yayınır və bu da dəbbə pulunun əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmışdır. İş materiallarında olan qüsur aktı cavabdehin əməkdaşlıq etdiyi avtoservis tərəfindən tərtib edilmişdir. Yəni qəzadan sonra cavabdeh özü iddiaçını həmin avtoservisə yönəltmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: ...935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 5.000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması hissəsində dəyişdirilməli, həmin məbləğ 3.980 manat məbləğində müəyyən edilməlidir.

23. İşdən müəyyən olunur ki, cavabdeh tərəfindən icbari qaydada sığortalanmış “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş və bunun nəticəsində iddiaçıya məxsus “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir.

24. Cavabdeh apellyasiya şikayəti verərək avtomobilə dəymiş zərərin düzgün müəyyən edilmədiyini bildirmişdir.

25. Sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın düzgün hesablanıbhesablanmamasını müəyyən etmək məqsədi ilə apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9581 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “F/Ş X7” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2009-cu il buraxılışlı “Mercedes Benz E 350 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.980 manat müəyyən edilir (dəyişilməli hissələrin qiyməti – 2.950 manat, təmir-bərpa işlərinin qiyməti – 1.030 manat).

26. Məhkəmə kollegiyası ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq və daha mötəbər sübut kimi qəbul edərək belə qənaətə gəlir ki, cavabdehdən 3.980 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi dəbbə pulu olaraq cavabdehdən qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az, yəni 112 manat tutulması barədə qənaətə gəlsə də, həmin məbləğ iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd olunan məbləğin qanunvericiliklə tutulmalı olan məbləğdən az olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-2412/2023 nömrəli qətnaməsi sığorta ödənişi məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3.980 manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar