Məhkəmə qərarları › İş №2(103)-4330/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4330/2021

02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4330/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı2 (o həmçinin İddiaçı1 və İddiaçı4 nümayəndəsi), Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-832/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “maddi zərər tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Seyfəli kəndi İnzibati ərazi vahidliyinin ərazisindən İddiaçı1 İsa qızına, X1, X6, X2 və İddiaçı4 Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23.10.1998- ci il tarixli 56 nömrəli qərarı ilə 0.28 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair adlarına nömrəsi JN-456F, KOD 50413005 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Daha sonra isə Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən həmin torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair ailə başçısı İddiaçı1 adına ********** qeydiyyat nömrəli, 07.02.2020-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Həmin çıxarışda ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evinin və sahəsi 0.2630 ha olan həyətyanı torpaq sahəsininin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir: 1. İddiaçı1, torpaq sahəsi - ümumi birgə, ev - tam. 2. İddiaçı2, torpaq sahəsi - ümumi birgə. 3. X8, torpaq sahəsi - ümumi birgə. 4. İddiaçı3, torpaq sahəsi - ümumi birgə. 5. İddiaçı4, torpaq sahəsi - ümumi birgə. Bakı şəhərində pasport qeydiyyatında olmaqla, orada yaşayan X3 həyat yoldaşı və oğlu ilə birlikdə onlara məxsus olan həyətyanı torpaq sahəsindəki 78 ədəd xirnik, 3 ədəd qoz və 1 ədəd ağaclarının məhsulunu özbaşına yığmışdır. Xirnik ağaclarının məhsulunu yığarkən, onlara iradını bildirdikdə, qardaşı Zaməddin, arvadı Tünzalə və oğlu Anar İddiaçı1 döyərək, zorla torpaq sahəsindən çıxartmışlar. Məhsulun talan edilməsi və döyüldüyü barədə 102 qaynar xətt xidmətinə müraciət etmiş, Şəmkir rayon Polis Şöbəsinin adını bilmədiyi əməkdaşı ona zəng edərək bildirmişdir ki, təcili Şəmkir rayon Polis Şöbəsinə gəlməlidir. Ona demişdir ki, “gəlirəm bu şərtlə ki, onlar tərəfindən məhsulun talanmasının qarşısı alınsın.” O, isə bildirmişdir ki, “narahat olma onları da çağırmışıq.” PŞ-nə gəldikdə, ondan izahat alınmış və ekspertdən keçmək üçün göndəriş verilmişdir. Evə qayıdıb görmüşdür ki, lələ köçüb, yurdu boş qalıbdır. Yəni məhsul onlar tərəfindən yığılıb götürülmüşdür. Nəticə də Polis tərəfindən başqasının əmlakının talanmasına göz yumulması və şərait yaradılması səbəbindən xirnik məhsulu onlar tərəfindən yığılarq götürülmüş və onlara xeyli miqdarda zərər vurulmuşdur. Hazırda da Bakı şəhər sakini Cavabdeh Ağaməmməd oğlu **********04-10301 nömrəli, 07.02.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən onlara məxsus olan həyətyanı torpaq sahəsinə qanunsuz müdaxilə edərək, orada özbaşına su arxını doldurmuş, xırda buynuzlu heyvanlar, toyuq-cücə saxlayır, usta gətirəndə onları qapıdan qovmuş, qardaşı və bacısı uşaqlarını buraxmır və s.bu kimi hərəkətlər edərək, həmin torpaq üzərində istifadə, sərəncam və mülkiyyət hüquqlarını pozur. Eləcə də indidən mülkiyyət torpaq sahəsindəki meyvə ağaclarının yığıması üçün hazırlıq görür. 2019-cu ilin noyabr ayında o, bağda olan 78 xurma ağacından 200 yaşik sataraq, 650 manat qzanc əldə etmişdir. Bu il də onun meyvə ağaclarını yığmaması üçün iddianın təmini tədbiri ilə bağlı məhkəməyə əirizə vermək məcburiyyətində qalmışlar. Çünki, Şəmkir RPŞ tərəfindən yazdığı ərizələrə cavab olaraq, məhkəmə orqanlarına müraciət etməli olduğu tövsiyə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-832/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Z.Məmmədovun 14.10. 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, 02.10.2019-cu il tarixdə Cavabdeh DİN-nin 102 xidmətinə zəng edərək, 2 gün öncə Fəxrəddin adlı şəxsin onun evindən xurma yeşiklərini oğurlaması və həyətindəki ağacları kəsməsi barədə məlumat vermiş, aparılmış araşdırma zamanı həmin torpaq sahəsinə baxış keçirlimiş və heç bir ağacın kəsilmədiyi əksinə həmin həyətdə İddiaçı2 tərəfindən təmizlik işləri aparıldığı müəyyən olunmuşdur. Həmin yaşayış evindən və həyatyanı sahəsindən İddiaçı2 və qardaşı Cavabdeh bərabər istifadə hüquqlarına malik olduqları müəyyən edilmişdir. Hal hazırda həmin mülkün kimə aid olması barədə Şəmkir rayon məhkəməsində araşdırma aparılır. Həmçinin Cavabdeh izahatında göstərmişdir ki, qardaşı Fəxrəddin ona məxsus olan xurma yeşiklərini sındırdığı üçün ona 200 manat maddi ziyan vurmuşdur. Bununla da tərəflərin istəklərinin mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmələri məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən faktda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru E.Məmmədovun 30.10.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, 20.10.2019-cu il tarixdə İddiaçı2 DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus olan bağ sahəsindən meyvələrinin qardaşı Zaməddin, arvadı Tünzalə və oğlu Anar tərəfinən yığılaraq aparılması səbəbindən aralannda münaqişənin baş verməsini bildirmiş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı2 və onun qardaşı Cavabdeh aralarında ata yurdu üstündə mübahisələri var və hal-hazırdada davam edir. Bu səbəbdən də aralarında tez tez münaqişlər baş verir. 20.10.2019-cu il tarixdə Zaməddin və ailə üzvləri bağçalarında olan xurmanı yığan zaman Fəxrəddinin onları kameraya çəkmələrini görmüş və ona öz iradların bildirərək evdən çıxarmışlar. Fəxrəddin bağçadan çıxan zaman sol çiyin nahiyəsi bağçada olan ağaca dəymişdir. Həmin zaman heç bir dava dalaş olmamış və İddiaçı2 heç kim vurmamışdır. Onların aralarında ancaq sözlə mübahisə olmuşdur. Bununlada göstərilən fakt öz təsdiqini tapmamışd, göstərilən hadisə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Xətai Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(011)-5660/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı - cavabdehdən maddi zərərə görə 30000 manatın, 6000 ABŞ dollar borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə iddiası rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddiasının əsası kimi göstərdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir, iddiaçı özünün irəli sürdüyü tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmış, lakin cavabdehlə həqiqətən hər ay cavabdehin ona 50 ABŞ dolları ödəməsi barədə razılaşmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə iddiaçının cavabdehin ona məxsus həyətyanı sahədə əkilmiş ağaclardan məhsul götürməsi barədə iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddiaçı qeyd edilən iddiasını da iddia ərizəsində göstərilənlərlə əsaslandırmaqla kifayətlənmiş, lakin məhkəməyə bununla bağlı, heç bir sübut təqdim etməmişdir. Həmin qətnamə üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçılar onlara cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-832/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar