Məhkəmə qərarları › İş №2(103)-4332/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4332/2020

17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4332/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X10 və X5 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-95/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: X1 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit pul məbləği olmaqla iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh G.Məmmədseyidovaya qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsində olan “ata” qeydinin dəyişdirilməsi, onun adının həmin qeyddən çıxarılması və onun X7 atası olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-95/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, xx xxxx 2006-cı il təvəllüdlü X7 doğum haqqında şəhadətnaməsində "atası" qeydindən Cavabdeh adı çıxarılmış, Cavabdeh xx xxxx 2006-cı il təvəllüdlü X7 atası olmaması faktı müəyyən edilmiş, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə cavabdehin iddiaçıdan mənəvi zərərə görə 40.000 manat pulun tutulmasının rədd edilməsi' hissəsində əsassızdır, belə ki, materiallarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya" Elmi- Təcrübə və Tədris Birliyi tərəfindən təqdim olunmuş 772/2019-MTBŞ saylı ekspert rəyindən görünür ki, X11 cavabdehin bioloji övladı deyil. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşmış və qarşılıqlı iddia tələbini qismən təmin etmişdir. Buna baxmayaraq, rayon məhkəməsi cavabdehin mənəvi zərərə məruz qalmağı ilə razılaşmamışdır. Göstərilənlərə əsasən, qətnamənin “mənəvi zərərə görə X2 40.000 manat məbləğində pulun tutulması tələbinin rədd edilməsi" hissəsində ləğv edilməsini və həmin hissədə iddianın tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: X11 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməinin ana qrafasında X4, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(004)-2499/09 saylı qətnaməsindən (tərəflərin mübahisləndirmədiyi) görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh X16, X14, X12 və X13 adlı övladları var. Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2019-cu il tarixli rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X7 bioloji atası olması faktı inkar olunmuşdur. Kassa mədaxil orderindən görünür ki, Cavabdeh genetik ekspertizanın aparılması, mal-materialların alınması üçün 2300 AZN ödəniş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə “mənəvi zərərin təmin edilməməsi hissəsində” tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnaməmənəvi zərərə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mənəvi zərərə aid hissədə iddia tələbi qismən təmin edilərək, iddiaçıdan mənəvi zərərə görə 500 manat alınaraq cavabdehə verilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Kollegiya hesab edir ki, bu işin xüsusi halları baxımından təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər. Bu səbəbdən, hazırkı işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq - 500 (beş yüz) manat pulun tutulması ədalətli və ağlabatandır. Bu səbəbdən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mənəvi zərərə aid hissədə iddia tələbi qismən təmin edilməli, iddiaçıdan mənəvi zərərə görə 500 manat alınaraq cavabdehə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mənəvi zərərə aid hissədə iddia tələbi qismən təmin edilərək, iddiaçıdan mənəvi zərərə görə 500 manat alınaraq cavabdehə verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməldir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-95/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - mənəvi zərər hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehə dəymiş mənəvi zərərə görə X1ndan 500 (beş yüz) manat alınaraq Cavabdeh verilsin. Qətnamə qalan hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar