Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4334/2025 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maddi ziyan, kriptovalyuta») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 ##.##.2024-cü il tarixli qərarına əsasən ********** nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, həmin cinayət işi üzrə ##.##.2024-cü il tarixli qərarına əsasən isə Cavabdeh şübhəli şəxs vəziyyətindən azad edilib.
2. Kriptovalyutalar üzrə mütəxəssis “xxxx” MMC-nin icraçı direktoru X2 ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilib ki, blokçeyn texnologiyasının əsas xüsusiyyətlərindən biri məlumatların dəyişdirilə bilməzliyi və hər bir əməliyyatın rəqəmsal izinin daimi şəkildə saxlanılmasıdır. Belə ki, beynəlxalq təcrübədə blokçeyn əməliyyatlarının təsdiqi təhlükəsizlik, şəffaflıq və etibarlılıq baxımından tam hüquqi sübut qüvvəsinə malikdir. Bu baxımdan əməliyyat birbaşa göndərən şəxsin ünvanından qarşı tərəfin verdiyi alış ünvanına göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbin dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 50.000 (əlli min) manat zərərin əvəzinin, ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumuna görə xərcin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
4. İddiada göstərilib ki, cavabdeh Cavabdeh tərəfindən ona maddi zərər vurulmuş, bu isə öz növbəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini şərtləndirmişdir. İddiaçı artıq dörd ilə yaxın müddətdir ki, kriptovalyutalar üzərində həyata keçirilən əməliyyatlar, onların tətbiqi təcrübəsi ilə maraqlanır. Eyni zamanda bu yaxınlarda təsis edilmiş “xxxx” MMC-nin təsisçisi və direktorudur. Cavabdeh Cavabdeh bu istiqamətdə fəaliyyət göstərdiyini öyrəndikdən sonra ona müraciət etmiş, sonda ona 50.000 (əlli min) AZN məbləğində zərər vurulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixində saat 15 radələrində “Votsap” tətbiqi üzərindən qardaşı Səftər Hüseynova mesaj yazaraq əlaqə nömrəsini “Teleqram” kanalından əldə etdiyini bildirərək kripto valyuta ilə əlaqəli bir məsələdə ona kömək etməyinin mümkün olub-olmadığını soruşdu. Səftərlə həmin vaxt birlikdə olduğuna görə məsələnin nə olduğu ilə maraqlanmışdır. Cavabdeh çinli bir iş adamının 50.000 (əlli min) manat dəyərində və müqabilində 28571 (iyirmi səkkiz min beş yüz yetmiş bir) USDT kriptovalyuta almaq istədiyini, buna görə ona müraciət etdiklərini, özünün çin dili tərcüməçisi olduğunu bildirərək onların qeyd olunan kripto-valyutanı təmin etməyinin mümkün olub-olmadığı ilə maraqlandı. Məlumat üçün bildirir ki, USDT (Tether) birinin dəyəri 1 ABŞ dollarına uyğun gələn ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biri hesab olunur. Həmin tarixdə, onlar məsələni ətraflı müzakirə etmək üçün Babaxanı ofislərinə dəvət etsələr də çinlilərin çəkindiyi üçün başqa yerə getmək istəmədiyini, axşam saatlarında Səbail rayonu, Puşkin küçəsində yerləşən çin restoranlarından birində görüş təklif etdi və onlar görüşmüşlər. Görüşdən öncə də Babaxan Çin dili tərcüməçisi olduğunu, görüşəcəkləri şəxsləri tanıdığını, dəfələrlə çinlilərlə iş gördüyünü və onlarla birbaşa dialoqa girməməli olduqlarını bildirərək həmin vaxt çinlilərin USDT kriptovalyutası almaq istədiklərini bir daha vurğuladı. Görüşdə o, qardaşı Səftər, cavabdeh Cavabdeh və iki Çin vətəndaşı iştirak edirdi. Babaxan həmin şəxsləri onlara USDT almaq istəyən çinli iş adamları kimi təqdim etdi və onlardan 50.000 manat pulu alıb ona saymaq üçün verdi. Onlar pulu sayaraq tam məbləğin təqdim olunduğundan əmin oldular. Bundan sonra, Babaxan pulu stolun üstündə saxlamalı olduqlarını, kriptovalyutanı göndədikdən sonra pulu götürüb gedə biləcəklərini bildirdi. Babaxan ona “Votsap” tətbiqi vasitəsilə USDT kriptovalyutasını göndərməyi üçün TRC20 ünvanını göndərdi və bütöv şəkildə pulu bura köçürməli olduğunu bildirdi. Bir daha hesabın həmin çinlilərə məxsus olduğunu, eləcə də, iş gördükləri çinliləri Babaxanın tanıdığını dəqiqləşdirdikdən sonra ona məxsus “Trust Wallet” kriptovalyuta pul kisəsindən Babaxanın ona vermiş olduğu adresə 28571 USDT göndərdi. Kriptovalyutanı göndərdikdən sonra, Babaxan USDT-nin qeyd olunan ünvana çatmadığını bildirib, çinlilərlə uzun-uzadı müzakirələr etdi. Kriptovalyutanı göndərdiyini desə də, Babaxan pulun hesaba çatmadığı üçün pulu götürdüklərini bildirdi. Çinlilər masanın üzərinə qoyduqları 50.000 (əlli min) manat məbləğində pulu götürərək restoranı tərk etdilər. Həmin vaxt Babaxan qaçıb oradan uzaqlaşmaq istəyəndə dalınca düşdü, Babaxan isə siqaret almaq üçün restoranı tərk edəcəyini bildirdi. Bu barədə polisə məlumat verəcəyini, məhz Babaxanın özünü tanıdığını və ona qarşı olunan bu hüquqazidd əmələ görə birbaşa onun məsuliyyət daşıyacağını dedikdən sonra başqa çarəsi olmadığı üçün onunla gözləyərək çinlilərlə danışıqlar apardı. Daha sonra ona çinlilərdən şikayət etməli oldqlarını bildirdi. Onu əsas gətirdi ki, pulu çinlilər verib aldadıb geri götürüb, səhv çinliyə kriptovalyutanı göndərtdirmişdir. Bundan sonra, ona məxsus kriptovalyutaları mənimsəmək üçün Cavabdeh çin vətəndaşları ilə əlbir olmasından şübhələnmiş və hadisənin araşdırılması məqsədilə Səbail Rayon Polis İdarəsinə yazılı ərizə ilə müraciət etmişdir. Aparılmış ilkin araşdırma tədbirləri nəticəsində törədilmiş əməldə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olduğuna görə ## ### 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin tarixdən iki gün sonra ## ### 2024-cü il tarixli qərarla həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq zamanı dindirilmiş cavabdeh Cavabdeh öz ifadəsində qeyd etmişdir ki, 2018-ci ildən etibarən çin dili tərcüməçisi kimi fəaliyyət göstərir. ## #### 2024-cü il tarixində günorta saat 12 radələrində “Viçat” sosial şəbəkəsi üzərindən çinli bir şəxs tərəfindən sorğu qəbul etmişdir. Həmin gün başqa bir tərcüməçi də Babaxanla əlaqə saxlayaraq çinlinin onunla da əlaqə saxladığını, tərcüməçi tələb olunduğunu bildirmişdir. Nigar adlı həmin tərcüməçi özünün vaxtı olmadığını, əgər ona maraqlı olarsa, çinli ilə işləyə biləcəyini Babaxana bildirdi. Ardınca “Viçat” tətbiqi üzərindən çinli Babaxanı profilinə əlavə etdi. Bundan sonra, çinli Babaxanla əlaqə saxlayaraq ona çin dili tərcüməçisinin lazım olduğunu, mebel fabriki quracağını və işin 8 gün sonra başlayacağını bildirmişdir. Bütün şərtlər barədə tərəflər razılığa gəldikdən sonra birlikdə iş görməyə başlamışlar. Ardınca çinli Babaxandan avadanlıq almaq üçün USDT ehtiyacı olduğunu, USDT satan şəxs tapmasının mümkün olub-olmadığını soruşmuşdur. Bundan sonra, Babaxan “Teleqram” tətbiqi üzərindən USDT alqı-satqısı ilə bağlı qrup tapmış və əlaqə saxlamaq üçün onlara yazmışdır. Tərəflərlə razılıq əldə etdikdən sonra çinliyə görüşün harada və hansı tarixdə olacağı barədə sual vermiş, sonda ## #### 2024-cü il tarixində onlarla görüşmüşdür. Görüşün keçiriləcəyi yeri Çində olan çinli “Viçat“ tətbiqi üzərindən Babaxana göndərmişdir. Babaxan restorana çatandan sonra çinli Babaxana görüşəcəkləri digər çin vətəndaşı olan sonradan adını bildikləri Ahaiti Aisatinin telefon nömrəsini vermişdir. Çində olan onun tanımadığı, Babaxanın ondan gizlətdiyi həmin çinli özünün daha əvvəl Sumqayıta getdiyini, 50.000 manat pulu həmin dostu Ahaitiyə verdiyini, pulu Ahatinin onlara verəcəyini bildirmişdir. Babaxan restoranın qaşısında o və qardaşı Səftərlə görüşmüş və daha sonra onlar restorana daxil olub ikinci mərtəbədə Ahaiti ilə görüşmüşlər. Ahaiti razılaşdırılmış məbləğdə pulu çıxarıb ona təqdim edərək saymaqlarını xahiş etdi. Qardaşı ilə birlikdə pulu götürüb saymışlar. Pulu saydıqdan sonra 28571 ədəd USDT-nin hansı hesaba köçürüləcəyini soruşduqda Babaxan “Viçat” tətbiqi üzərindən onun tanımadığı çinliyə pulun hara köçürülməli olduğu barədə sual ünvanladı. Həmin şəxs Babaxana link göndərdi. Babaxan da həmin linki ona göndərdikdən sonra o, da razılığa uyğun olaraq 28571 ədəd USDT-ni həmin linkə göndərmişdir. Babaxan Ahaitiyə USDT-nin göndərilən hesaba köçürüldüyünü dedikdən sonra, Ahaiti hesabına Yuanın oturmadığını bildirərək pulu götürdü. Bundan sonra, Babaxana aydın oldu ki, çində oturan şəxs Ahaitini ona USDT almaq üçün pulu verəcək dostu kimi tanıtsa da, həqiqətdə Ahaitiyə onların yuan köçürəcəklərini, buna görə də Ahaitinin onlara 50000 manat verməli olduğunu bildirib. Qeyd olunan cinayət işi üzrə Babaxanın ona dəymiş 50000 manat zərərlə bağlı məbləğdən hər hansı hissəni mənimsəyərək maddi mənfəət əldə etməsi, çinlilərlə əl-bir olması sübutların məcmusu ilə öz təsdiqini tapmadığından Cavabdeh şübhəli şəxs vəziyyətindən azad edilmişdir. İşin faktiki halları hissəsində qeyd olunanlardan göründüyü kimi Cavabdeh davranışları sonda ona 50.000 (əlli min) manat məbləğdə əmlakından məhrum olmaqla zərər dəyməsinə gətirib çıxarmış, sonuncunun cinayət işinin gedişi zamanı şübhəli şəxs vəziyyətinin azad edilməsinin əsasında isə sadəcə olaraq həmin əmlakdan maddi mənfəət götürməsinin sübuta yetirilməməsi dayanmışdır. Şəxsin əməlində cinayət tərkibi əlamətləri olmaması, bu mənada onun mülki hüquqi məsuliyyətini istisna etməməklə vurulmuş zərərin əvəzinin Babaxandan xeyrinə tutulmasını şərtləndirir. Çünki Babaxanın davranışları (USDT almaq üçün ona müraciət edən şəxsi gizlətməsi, Ahaitini yalandan ona USDT almaq istəyən çinli biznesmen kimi təqdim etməsi) ona zərər vurulması ilə nəticələnən şəraiti yaratmış, vurulmuş zərərlə cavabdehin hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmuşdur. Əgər cavabdeh USDT almaq istəyən şəxsin ölkə xaricində olduğunu, Ahaitinin isə sadəcə olaraq pulu təqdim edəcək üçüncü şəxs olduğunu ona bildirsə idi, baş verməsi ehtimal olunan riskləri hərtərəfli qiymətləndirər, USDT-ni həmin hesaba göndərməzdi. Aralarında şifahi müqavilə münasibətləri yaranacaq kontragentin Ahaiti olduğundan əmin olduqdan sonra, baş verəcək hər hansı problemin əyani formada həll olunacağının, dələduzluq kimi xoşagəlməz halın baş verəcəyi təqdirdə Ahaitini hüquq-mühafizə orqanlarına şikayət verməyinin mümkün olacağını nəzərə almış, əminlik yarandıqdan sonra 50.000 manat dəyərində USDT-ni Babaxanın ona dediyi hesaba göndərmişdir. Bu mənada Babaxanın USDT almaq istəyən real kontragentinin ondan gizlətməsində ifadə olunan vicdansız davranışı sonda ona xeyli miqdarda əmlak zərərinin vurulması, əmlak vəziyyətimin ağırlaşması ilə nəticələndiyindən zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qanunvericiliyin qüvvədə olan müddəalarının hazırki işin hallarına tətbiq olunması zəruridir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ## #### 2024cü il tarixində saat 15 radələrində “Votsap” tətbiqi üzərindən qardaşı Səftər Hüseynova mesaj yazaraq əlaqə nömrəsini “Teleqram” kanalından əldə etdiyini bildirərək kripto valyuta ilə əlaqəli bir məsələdə ona kömək etməyinin mümkün olub-olmadığını soruşdu. Səftərlə iddiaçı həmin vaxt birlikdə olduğuna görə məsələnin nə olduğu ilə maraqlanmışdır. Cavabdeh çinli bir iş adamının 50.000 (əlli min) manat dəyərində və müqabilində 28571 (iyirmi səkkiz min beş yüz yetmiş bir) USDT kriptovalyuta almaq istədiyini, buna görə iddiaçıya müraciət etdiklərini, özünün çin dili tərcüməçisi olduğunu bildirərək onların qeyd olunan kripto-valyutanı təmin etməyinin mümkün olub-olmadığı ilə maraqlanmışdır. USDT (Tether) birinin dəyəri 1 ABŞ dollarına uyğun gələn ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biri hesab olunur. İddiaçı da 28571 (iyirmi səkkiz min beş yüz yetmiş bir) USDT kriptovalyutanı sata biləcəyini bildirmişdir. Daha sonra onlar çin retoranında görüşmüşlər. Cvabdeh USDT almaq istəyən şəxsləri çinli iş adamları kimi təqdim etmiş və onlardan 50.000 manat pulu alıb iddiaçıya saymaq üçün vermişdir. İddiaçı pulu sayaraq tam məbləğin təqdim olunduğundan əmin olmuşlar. Bundan sonra, cavabdeh pulu stolun üstündə saxlamalı olduqlarını, kriptovalyutanı göndədikdən sonra pulu götürüb gedə biləcəklərini bildirmişdir. Bundan sonra cavabvdeh iddiaçıya “Votsap” tətbiqi vasitəsilə USDT kriptovalyutasını göndərməyi üçün TRC20 ünvanını göndərmişdir və bütöv şəkildə pulu bura köçürməli olduğunu bildirmişdir. İddiaçı bir daha hesabın həmin çinlilərə məxsus olduğunu, eləcə də, iş gördükləri çinliləri cavabdehin tanıdığını dəqiqləşdirdikdən sonra iddiaçıya məxsus “Trust Wallet” kriptovalyuta pul kisəsindən cavabvdehin ona vermiş olduğu adresə 28571 USDT göndərdi. Kriptovalyutanı göndərdikdən sonra, cavabdeh USDT-nin qeyd olunan ünvana çatmadığını bildirib, çinlilərlə uzun-uzadı müzakirələr etmişdir. İddiaçı kriptovalyutanı göndərdiyini desə də, cavabdeh pulun hesaba çatmadığı üçün pulu götürdüklərini bildirmişdir. Çinlilər masanın üzərinə qoyduqları 50.000 (əlli min) manat məbləğində pulu götürərək restoranı tərk etmişlər. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən Cavabdeh tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, cavabdeh yalnız tərcüməçi olmuşdur. Cavabdehin tərcüməçi olması onun çin dili üzrə sertifikatı, whatsapp yazışmaları ilə öz təsdiqini tapır. Həmçinin iddiaçının TueaYcjkaGUyterrphkseJqmch7NBGjq1S ünvanından TJFcTpWzULimKgKgZu6tPo4441aYuBv4pr ünvana 28571 ABŞ dolları məbləğində kriptovalyutanın köçürülməsi uğurla həyata keçirilmişdir. Lakin TJFcTpWzULimKgKgZu6tPo4441aYuBv4pr ünvanın kimə məxsus olduğunu müəyyən etmək qeyri mümkündür. Qeyd olunan vəsait də həmin ünvana köçürülmüşdür. Bundan başqa, cavabdehin çinli AAA X1 ilə whatsapp yazışmasından müəyyən edilir ki, cavabdehin kriptovalyuta ilə bağlılığı yoxdur, yalnız tərcüməçi qismində fəaliyyət göstərib çinli ilə iddiaçının kriptovalyuta alınıb-satılmasında tərcümə xidmətini həyata keçirmişdir. Göstərilənlərə əsasən cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərir ki, hadisə nəticəsində özünəməxsus 50.000 manat ekvivalentində 28.571 USDT kriptovalyutası əldən çıxmış, Səbail RPİ-nin # ### 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərarında ona 50.000 manat dəyərində zərər dəydiyi göstərilmişdir. Babaxanın təqdim etdiyi ünvana kriptovalyutanın yönləndirilməsi, amma bu ünvanın əsl sahibi haqqında ona düzgün olmayan məlumat verməsi, ona çinlilərlə bağlı yalan məlumat verib 3-cü şəxsi gizlətməsi, test göndərişi üçün xırda məbləğin göndərilməsinə etiraz edib bütün məsuliyyəti öz üzərinə götürməsi və sonda məsuliyyətdən boyun qaçırması hüquqazidd hərəkətlər hesab edilir. Babaxan özünü passiv iştirakçı və yalnız tərcüməçi kimi qələmə verib məsuliyyətdən yayınmağa çalışsa da, iş materiallarından aydın görünür ki, Babaxan prosesin aktiv təşkilatçısı olmuşdur. Belə ki, Çinlilərlə məhz özü əlaqə saxlamış, işi təşkil etmiş, sonda vicdansız davranışı nəticəsində ona vurduğu zərərdən boyun qaçırmışdır. Əgər Babaxan bu prosesi lazımi səviyyədə yoxlasaydı, öz əsl qazancını gizlətmək məqsədilə ona yalan məlumatlar təqdim etməklə iradəsini manipulyasiya etməsəydi, o, bu əməliyyatı həyata keçirməzdi. Babaxanın təqsiri yanlış və natamam məlumatlar əsasında formalaşan azad iradəsini həyata keçirmək hüququnu məhdudlaşdırmaqda ifadə olunur. O, kriptovalyutanı öz iradəsilə göndərsə də, yalan məlumatlarla onun iradəsi faktiki olaraq manipulyasiya olunmuşdur. Bundan başqa, mülki hüquq münasibətlərində iştirak edən şəxslər vicdanla, ədalətlə və qarşılıqlı hörmət prinsipləri əsasında davranmalı olduqları halda, cavabdeh onun etibarını sui-istifadə etmişdir. İş materiallarından onun zərərə düşməyi ilə Babaxanın hərəkətləri arasında səbəbli-nəticə əlaqəsinin olduğu aydın olur. Belə ki, o, zərərçəkmiş olaraq heç bir zaman 3-cü şəxslə və çinlilərlə əlaqədə olmamışdır. Onun əməliyyatı icra etməyinə səbəb Babaxanın ona təqdim etdiyi məlumatlar və onun yaratdığı etibar mühitidir. Əgər Babaxan bu prosesdə diqqətli olsaydı, ona görüş zamanı çinlilərlə birbaşa əlaqəyə girməyinə icazə versəydi, yoxlama məqsədli kiçik test göndərişi etməyinə razılıq versəydi və ona çinlilər haqqında yalan məlumatlar verməsəydi, o, 50.000 manatlıq əmlakından məhrum olunmazdı. Ali Məhkəmənin vurulan zərərlə bağlı göstərdiyi mövqeyi ondan ibarətdir ki, şəxsin mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində məsuliyyət daşıması üçün ehtiyatsızlıq etməsi kifayət edir. Babaxanın istər qəsdən, istərsə də ehtiyatsızlıqla müşahidə olunan davranışı etməsi belə onun məsuliyyətini istisna edən hal kimi dəyərləndirilə bilməz. Yuxarıda qeyd olunanlar məhkəmənin mövqeyinin bu hissədə də əsassız olduğunu, işin faktiki hallarına düzgün qiymət verilmədiyini göstərir. Məhkəməyə təqdim edilmiş sübutlara münasibət bildirilməmiş, qətnamə əsaslandırılmamışdır. Tərəfindən təqdim edilən qarşı tərəfin etirazına irəli sürülən mülahizəyə və oradakı arqumentlərə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara və bəzi faktlara münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş Teleqram-ani mesajlaşma tətbiqində cavabdeh tərəfindən məhkəməyə müraciət etməməyinə dair xahiş edilmiş, dəymiş zərərin bir hissəsinin ödənilməsi üçün vaxt istənilmişdir. Qətnamənin əsaslandırma hissəsində təqdim olunmuş həmin sübuta heç bir münasibət bildirilməmişdir. Halbuki, təqdim olunmuş sübutdan da aydın olur ki, qarşı tərəf nəinki ona zərər vurmuş, vurduğu zərəri özü etiraf edərək onunla razılaşmağa çalışmışdır. Bu səmimi peşmançılıqla cavabdeh öz təqsirini etiraf etmiş, bütün məbləği ödəmək imkanına malik olmadığı, maddi vəziyyəti imkan verərsə, ziyanını qarşılaya biləcəyini bildirmişdir. Babaxan əvvəlcə 15.000 manat dəymiş zərəri ödəməyi öhdəsinə götürmüş, daha sonra ziyanı yarı-yarıya bölməyi (25.000 azn ödəməyi) təklif etsə də, bununla razılaşmamış, bütöv şəkildə dəymiş zərərin ödənilməli olduğunu bir daha nəzərinə çatdırmışdır. Atasının vəziyyətinin ağır olduğunu, müalicəsinə pul lazım olduğunu bildirmiş, bu səbəbdən ondan vaxt istəmişdir. Öz növbəsində insanlıq edərək onu bir müddət gözləyə biləcəyini bildirdikdən sonra qarşı tərəf hissəli şəkildə aylıq vurduğu ziyandan ödəniş etmək öhdəliyi götürmüşdür. Məhz bu səbəbdən o, cavabdehə mülki qaydada iddianı proses baş verdikdən uzun müddət sonra - vurmuş olduğu zərəri ödəmək məsuliyyətindən yayınmaq istədiyi zaman məhkəməyə müraciət etmişdir. Qarşı tərəf Teleqram-ani mesajlaşma tətbiqindən bütün mesajları ikitərəfli silsə də, bu mesajların nüsxələri tərəfindən çıxarılmaqla saxlanılmışdır. Babaxan sübutları məhv etmək üçün, onun qardaşı X7 ilə arasında olan teleqram yazışmalarını da silmiş, onu bloka atmış, beləcə məsuliyyətdən yayına biləcəyini düşünmüşdür. Yasamal Rayon Məhkəməsinə təqdim olunmuş bu yazışmalara heç bir münasibət bildirilmədiyindən, onların məhkəmə tərəfindən nəzərə alınmadığı qənaətinə gəlmək olar. Məhkəməyə qarşı tərəfin vəkili Nümayəndə tərəfindən təqdim olunmuş etirazın heç bir hüquqi əsasının olmaması və həqiqətləri əks etdirməməsi ## ### 2025-ci il tarixli mülahizəsində əsaslı sübutlar göstərilməklə izah edilmiş və iş materiallarına təqdim olunmuşdur. Bununla belə, məhkəmə həmin mülahizəyə və ona əlavə olunmuş sübutlara lazımi prosessual qiymət verməmiş, qeyd olunan halları nəzərə almadan qərar çıxarmışdır. Qarşı tərəfin vəkili tərəfindən verilmiş etirazda bu məqamlara aydınlıq gətirilmişdir: Cavabdeh tərəfindən kriptovalyutanın Çin Xalq Respublikasında yaşayan biznesmenə göndəriləcəyi barədə ona məlumatın verilməsi; İstintaqın gedişində baş vermiş hadisə üzrə cavabdeh tərəfindən ona zərər vurulması faktının aşkar edilməməsi; İstintaq zamanı Guo adlı çin vətəndaşının hesabına kripto-valyuta göndərilməsi faktının sübuta yetirilməməsi; Kripto-valyuta üzrə mütəxəssis olduğuna görə baş vermiş hadisə nəticəsində dəymiş zərər üzrə risklərin onun üzərinə düşməsi. Cavabdeh tərəfindən ona kripto-valyuta göndəriləcək şəxsin ÇXR-da yaşayan iş adamı olması barədə məlumatın verilməsi ilə bağlı etirazda qeyd olunanlar həqiqəti əks etdirmir. İlk növbədə, hadisə baş verən gün orada olan və gedən söhbətləri bilavasitə müşahidə edən şahid X7 öz ifadəsində cavabdehin kriptovalyuta göndəriləcək şəxsin restoranda olan və pulu ona təqdim edən Ahaiti olması barədə məlumat verdiyini bildirmişdir. Hadisədən sonra şikayət ərizəsində Babaxanla yanaşı Ahaitidən də şübhələri barədə qeyd olunanlar da bu mənada ona verilən məlumatın yalan olduğunu təsdiq edir. Belə ki, o, kriptovalyuta göndəriləcək şəxsin Ahaiti olduğunu düşündüyündən, məhz şikayət ərizəsində Babaxanla onun əlbir olaraq ona qarşı dələduzluq cinayəti törətməsindən şübhələnmiş və bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Əlavə etmək istəyir ki, tam ali təhsilli hüquqşünas, eləcə də, bu istiqamətdə fəaliyyət göstərən peşəkar bir mütəxəssis kimi onun 50.000 (əlli min) manat məbləğinə ekvivalent dəyərdə olan kriptovalyutanı heç vaxt görmədiyi və tanımadığı, hətta ölkədən kənarda olan bir şəxsin hesabına göndərməyə razı olmağı da ağlabatan ola bilməz. Əgər Babaxanın guya bu barədə ona düzgün məlumatlar verməsi ilə bağlı etirazı həqiqəti əks etdirsə idi, o, ümumiyyətlə, kripto-valyutanı göndərməkdən imtina edərdi. Qarşı tərəfin cinayət işində polisə verdiyi məlumatla məhkəməyə təqdim etdiyi məlumatlar arasında ciddi uyğunsuzluqlar mövcud olmuşdur. Belə ki, Səbail Rayon Polis İdarəsinin ## #### 2024-cü il tarixli şübhəli şəxsi dindirmə protokolunda qarşı tərəf pulu Sumqayıta getmiş Guo adlı çinliyə göndərtdiyini, Çindən avadanlıq alınması üçün ona kriptovalyuta lazım olduğuna dair ifadə vermişdir. Halbuki məhkəməyə verilən etirazında guya Babaxanın ona Çin Xalq Respublikasında yaşayan çinliyə göndərməyi barədə ona məlumat verdiyini demişdir. Həmin dindirmə protokolundan tam aydın şəkildə məlum olur ki, onun çinlilərlə heç bir əlaqəsi olmamış, Babaxan prosesin aktiv iştirakçısı kimi çıxış etmişdir. İstintaqın gedişində guya cavabdeh tərəfindən ona zərər vurulması faktının aşkar edilməməsi barədə qeyd olunanlara münasibətdə bildirmək istəyir ki, cinayət işinin gedişi zamanı cavabdeh tərəfindən ona maddi zərər vurulması faktı deyil, həqiqətən də, dələduzluq əməli törədib-törətməməsi istiqamətində araşdırma aparılmış və onun 50.000 manat pul vəsaitindən hər hansı maddi mənfəət əldə etməsi sübuta yetirilmədiyindən məhz o, şübhəli şəxs vəziyyətindən azad edilmişdir. Başqa sözlə desə, cinayət işi zamanı Babaxan tərəfindən həqiqətən ona zərər vurulub-vurulmaması deyil, onun cinayət əməlini törədib-törətməməsi istiqamətində istintaq aparılmışdır. Cavabdeh tərəfindən ona zərər vurulub-vurulmaması isə mülki mübahisə çərçivəsində həll edilməli olan məsələdir və hazırki icraatdadır. Şəxsin cinayət məsuliyyətinin müəyyən edilməməsi, onun mülki hüquqi məsuliyyətini də istisna etmədiyindən hazırda məhz Babaxanın vicdansız davranışı ilə ona 50.000 (əlli min) manat məbləğində zərər vurulması faktı arasında səbəbli əlaqənin mövcud olub-olmaması ayrıca məhkəmə araşdırması predmeti olmalıdır. İstintaq zamanı guya tərəfindən Guo adlı çin vətəndaşının hesabına kriptovalyuta göndərilməsinin sübuta yetirilməməsinə münasibətdə bildirmək istəyir ki, bu barədə qeyd olunanlar da həqiqəti əks etdirmir. Əksinə, istintaqın gedişində ona məxsus hesabdan cavabdehin ona təqdim etdiyi hesaba kriptovalyuta göndərilməsi işin mübahisələndirilməyən halı olduğundan məhz bu barədə cinayət işinin başlanması barədə Qərar qəbul edilərək istintaq həyata keçirilmişdir. Eləcə də, Babaxanın ona göstərdiyi hesaba həqiqətən də 50.000 (əlli min) manat məbləğində kriptovalyutanın göndərilməsini təsdiq edən mütəxəssis rəyi də Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir və iş materiallarında mövcuddur. Burada önəmli olan məqam kriptovalyutanın göndərildiyi hesabın kimə məxsus olmasında deyil, həmin hesabın kriptovalyuta göndərilməsi üçün məhz cavabdeh tərəfindən ona təqdim olunmasında ifadə olunur. Həmin hesab Guo adlı şəxs əvəzinə ona məlum olmayan üçüncü şəxsə də aid olsa, Babaxanın mülki hüquqi məsuliyyəti istisna edilməməlidir. Çünki həmin hesab pul göndərilməsi üçün məhz Babaxan tərəfindən ona təqdim olunmuş və kriptovalyutanın bütöv formada göndərilməsində sonuncu israr etmişdi. Baş vermiş hadisədə dəymiş zərərə görə bir mütəxəssis kimi risklərin onun üzərinə düşməsi və həmin risklərin düzgün qiymətləndirilməməsi ilə bağlı cavabdehin vəkilinin etirazına münasibətdə qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən ona yalan məlumatların verilməsi risklərin düzgün qiymətləndirilməsini mümkünsüz etmişdir. Cavabdehin bu barədə etirazı o zaman əsaslı ola bilərdi ki, tərcüməçi kimi prosesdə iştirak edərdi və Babaxan tərəfindən vasitəçi kimi ona düzgün və tam şəkildə məlumatlar təqdim olunar, bundan sonra baş verəcək hər hansı problemə görə məsuliyyət daşıyardı. Prosesdə Babaxan heç bir tərcüməçilik fəaliyyətini həyata keçirməmiş bu məqsədlə ora çağırılmamışdır. O, özü birbaşa çinlilərin adamı kimi özünü təqdim etməklə ona zərər vurulması ilə nəticələnən hərəkətlər etmiş, tərcüməçi və ya vasitəçi olduğu arqumentin gətirərək məsuliyyətdən yayınmağa çalışmışdır. Başqa sözlə, şəxslər öz vicdanlı olmayan davranışları nəticəsində dəymiş zərərdən yayınmaq üçün bütün risklərin qarşı tərəfə düşməsinə istinad edə bilməzlər. Hazırkı iş üzrə Babaxan tərəfindən Ahaitinin kriptovalyuta göndəriləcək şəxs qismində ona təqdim olunması, hər hansı problem baş verəcəyi təqdirdə Ahaiti ilə əyani surətdə problemin həllinin mümkünlüyü barədə ona əminlik yaratmış, Babaxanın yalan məlumatı əsasında riskləri düzgün qiymətləndirmək imkanından məhrum olmuşdu. İşin hallarının tam və hərətərfli araşdırılması baxımından mülahizədə qeyd olunanlar məhkəmə tərəfindən nəzərə almadığı və iddia tələbinin təmin edilməməsi nəticəsində, qəbul edilmiş qərar əsassız və hüquqi baxımdan qüsurlu olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı sonuncu məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onuun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
19. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
21. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
22. Əvvəla, apellyasiya baxışı zamanı məhkəmə tərkibi hesab etdi ki, iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından Azərbaycan Respublikası Mərkəzi Bankından və Maliyyə Monitorinqi Xidmətindən mütəxəssis (ekspert) rəyi alınmalıdır: -Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər tərəfindən virtiual aktivlərin bir forması olan kriptovalyutaların bir şəxsdən digərinə köçürülməsi, ödəniş vasitəsi kimi istifadə olunması qaydaları hansı normativ hüquqi akt(lar)la tənzimlənir, bu əməliyyatların hüquqa uyğun həyata keçirilməsinə hansı orqan tərəfindən nəzarət edilir? -Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər tərəfindən virtiual aktivlərin bir forması olan kriptovalyutaların bir şəxsdən digərinə köçürülməsi, ödəniş vasitəsi kimi istifadə olunması əməliyyatları zamanı göndərilən vəsaitlər hansı texnologiya vasitəsi ilə izlənilə bilir və əməliyyatın konkret tarixdə, konkret məbləğdə və konkret cüzdanlar -yəni, elektron pul kisələri arasında baş verdiyini müəyyən etmək mümkündürmü? -İddiaçı İddiaçıun “Trust Wallet” kriptovalyuta pul kisəsindən X6 - TueaYcjkaGUyterrphkseJqmch7NBGjq1S olan ünvanından X3- TJFcTpWzULimKgKgZu6tPo4441aYuBv4pr olan ünvana ## #### 2024-cü ildə, saat 20:59:39 da yaxud digər vaxtda 28571 (iyirmi səkkiz min beş yüz yetmiş bir) USDT (Tether) birinin dəyəri 1 ABŞ dollarına uyğun gələn blokçeyn mərkəzli kriptovalyuta köçürülmüşdürmü, köçürülmüşdürsə alıcı hansı şəxs olmuşdur, bunu müəyyən etmək mümkün deyilsə səbəbləri nə ilə bağlı ola bilir? -Kriptovalyutalar üzrə mütəxəssis “xxxx” MMC-nin icraçı direktoru X2 ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilənlər, o cümlədən kriptovalyuta həqiqətən köçürülməsi hissəsində həqiqəti əks etdirirmi?
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərardadına əsasən, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən verilmiş *-**-**/*-****/**** saylı, ## ####### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.8ci maddəsinə əsasən virtual aktiv xidməti təminatçıları maliyyə institutu hesab edilirlər və həmin Qanununun 16.1.1-ci maddəsinə əsasən onlar üzərində nəzarət orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Qeyd edilənlər nəzərə alınaraq bildiririk ki, müvafiq sahə üzrə normativ tənzimetməni Mərkəzi Bank həyata keçirdiyindən bu barədə məlumatın aidiyyəti üzrə Mərkəzi Bank tərəfindən verilməsi məqsədəuyğun hesab edilir. Digər suallara cavab olaraq bildirir ki, “xxxx” MMC-nin icraçı direktoru X2 2025-ci il # ### tarixli mütəxəssis rəyində qeyd edildiyi kimi virtual aktiv əməliyyatlarının izlənilməsi mümkündür. Belə ki, müvafiq əməliyyatlar “Tron” blokçeyni üzərindən aparıldığından “tronscan.org” vebsaytı üzərindən izlənilə bilər. Maliyyə Monitorinqi Xidməti tərəfindən əməliyyatın 2024-cü il ## #### tarixində aparıldığı və vəsaitlərin TJFcTpWzULimKgKgZu*tPo****aYuBv*pr nömrəli virtual aktiv hesabına köçürüldüyü müəyyən edilmişdir. Bununla belə, qeyd edilən virtual aktiv hesabı “soyuq cüzdan” hesab olunur və bu tipli hesablar virtual aktiv xidməti təminatçılarının xidmətlərindən istifadə edilmədən xüsusi kompyuter tətbiqləri vasitəsilə açıldığı üçün onların açılması zamanı hesab sahibindən eyniləşdirmə məlumatları tələb olunmur. Bu səbəbdən, müvafiq hesabın sahibinin müəyyən edilməsi mümkün deyildir.
24. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş *-*- **/*-*****/**** saylı, ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində isə qeyd edilmişdir ki, kriptovalyutanın emissiyası və dövriyyəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənmir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda (bundan sonra - Qanun) virtual aktivlər və virtual aktiv xidməti təminatçıları ilə bağlı tənzimləməyə yer verilmiş və Qanuna əsasən virtual aktiv xidməti təminatçıları öhdəlik daşıyan şəxslərin dairəsinə daxil edilmişdir. Qanunun 4.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2023-cü il tarixli **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası” (bundan sonra - Qayda) təsdiq edilmişdir. Lakin virtual aktiv xidməti təminatçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi akt olmadığından Qaydanın qüvvəyə minməsi müvafiq normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqələndirilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda virtual aktivlər və onların təminatçılarının fəaliyyətinə dair normativ hüquqi bazanın hazırlanması nəzərdə tutulur.
25. Bundan sonra da, məhkəmə tərkibi hesab etdi ki, iş materiallarında olan (i.v.34-46) iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Teleqram-ani mesajlaşma tətbiqində olan yazışmaların həqiqətən onlar arasında olub-olmaması, olmuşdursa bu mesajlaşma iddiaçıya məxsus ********** və cavabdehə məxsus ********** mobil telefon nömrələri arasında yaxud hansısa texniki vasitə(kompyüter və.s) ilə olub-olmaması, bu mesajlaşmanın sonradan Cavabdeh tərəfindən silinib-silinməməsi müəyyən edilməlidir. Buna görə də, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yaranmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə məhkəmə kompyütertexniki (yeni texnologiyalar) ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *-**-**-*/*-***/**** saylı, ## #### 2026-cı il tarixli ekspert rəyində qeyd edildi ki, tədqiq olunan "iPhone 14 Pro" markalı mobil smartfonun yaddaşında müxtəlif formatlı yalnız mövcud olan məlumatlar müəyyən olundu. "Tədqiqat prosesinin təsviri hissəsi"nin 1-ci bəndində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallarda göstərilən "Telegram" çat seanslarının olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, iş materiallarındakı kağız daşıyıcılar üzərində qeyd olunmuş məlumatların, o cümlədən foto təsvirlərdə göstərilən çat seanslarının hansı nömrələr arasında aparılması, hansı texniki vasitələrlə aparılması və bu kimi məsələlər məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir.
27. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində göstərilən dəlillərin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki prosessual qanunvericiliyin imkan verdiyi həddə mümkün olan bütün tədbirlər görülməsinə baxmayaraq hazırkı vəziyyətdə cavabdehin iddiaçıya zərər vurması mötəbər sübutlarla öz təsdiqini tapmadı. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı da bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə məhz mötəbər sübutlar təqdim edilməmişdir. Başqa sözlə, təqdim edilən sübutlar hazırkı mülki iş üzrə cavabdehi mülki hüquq pozuntusu törətdiyinə görə mülki hüquqi məsuliyyətə cəlb edilməsi üçün kifayət edən və yetərli həddə deyil.
28. Bununla yanaşı, eyni məsələ ilə bağlı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı da müstəntiqin ## #### 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs və ya şəxslərin müəyyən edilməsi mümkün olmadığından cinayət törədən şəxs müəyyən edilib istintaqa cəlb edilənə kimi dayandırılmışdır. Demək ki, cinayət təqibi üzrə aparılan araşdırma zamanı da hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı hüquq pozuntusu törətməsi hazırkı vaxta kimi sübuta yetirilməmişdir. İstisna olunmur ki, gələcəkdə bu cinayət işinin nəticəsində yeni hallar ortaya çıxa bilər və bu halda da iddiaçı yeni əsasla istər hazırkı iş üzrə cavabdehə, istərsə də digər şəxslərə qarşı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda zərərvurmadan əmələ gələn öhdəliklər institutunun yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE00000000000002088501 hesabına köçürülməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE00000000000002088501 hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.