Məhkəmə qərarları › İş №2(103)-4338/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4338/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4338/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” 2(001)-1321/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada əsas borca görə 1309,30 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.01.2017-ci il tarixinə hesablanan faiz borcuna görə 1471,65 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik hesablanan 5% görə 244,80 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cəriməyə görə 1508,09 manat olmaqla, cəmi 4533,84 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.07.2015-ci il tarixli, İKM 275 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 36 % ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 10.07.2015-ci il tarixli, İKM 275 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 10.07.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərini yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu 1309,30 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.01.2017-ci il tarixinə faiz borcu 1471,65 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 244,80 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1508,09 manat olmaqla cəmi borcu 4533,84 manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Borcalanla bağlanan kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri dairəsinə düşsə də, cavabdeh banka müraciət etmədiyindən onla yeni güzəştli müqavilə bağlanmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 10.07.2015-ci il tarixli, İKM 275 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1309,30 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1339,30 manat pulun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)-1321/2021 saylı qətnaməsi ilə faiz borcu, cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən olunur ki kifayət qədər sübutlar tərəflərindən təqdim olunmuşdur. Faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdehin hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə tərəfimizdən təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun bu müddəasına əməl etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə kredit borcunun tutulmasına dair iddianın təmin olunmayan hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 10.07.2015-ci il tarixli İKM 275 saylı istehlak krediti müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 18 ay müddətinə qaytarmaq, illik 36 % ödəmək şərti ilə 2000 manat kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən banka qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, borc alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 10.07.2015-ci il tarixli, İKM 275 zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin 10.07.2015-ci il tarixli, İKM 275 saylı kredit müqaviləsi üzrə borcalanın 2000 manat məbləğində öhdəliyini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC-nin 13.10.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 10.07.2015-ci il tarixli, İKM 275 kredit müqaviləsi üzrə 01.10.2020-ci il tarixinə Cavabdeh1 əsas borcu 1309,30 manat, müqavilə müddət üzrə faiz borcu 1471,65 manat, cərimə borcu 1508,09 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 244,80 manat olmaqla cəmi borcu 4533,84 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, vaxtında öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda borcalana qarşı faiz, cərimə, 5% tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələblərinin bu hissədə təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(001)- 1321/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - kredit borcunun tutulmasına dair iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar