Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4338/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borc tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və cavabdehdən əsas borc üzrə 10847 manat, faiz borcu üzrə 15994,91 manat olmaqla, ümumilikdə 26841.91 manat məbləğində kredit borcu və ödənilmiş 170,53 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan “**-CA-***” dövlət qeydiyyat nişanlı “RENAULT LAGUNA” minik markalı (buraxılış ili 2007, ban- VF1BC5YBB37391382, rəngi-gümüşü metal) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məğləbinin cavabdehdən tutularaq iddiaçının xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə A/32 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18% tətbiq edilməklə, 30 ay müddətinə 17500 manat məbləğində pul vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “90- CA-561” qeydiyyat nişanlı “RENAULT LAGUNA” minik markalı avtomobil xx.xx.2008-ci il tarixdə, A/32 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(004)- 1857/2023 saylı qətnaməsi ilə (hakim Günel Abbasova ) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, iddia tələbinin təmin olunmalı olmasını, iddia müddətinin keçməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixdə A/32 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 30 ay müddətinə, illik 18% olmaqla, 17500 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, A/32 nömrəli ipoteka müqaviləsinə əsasən, sonuncu qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyinin təmini kimi özünə məxsus “**-CA-***” dövlət qeydiyyat nişanlı “RENAULT LAGUNA” minik markalı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli akta əsasən, Cavabdeh 10847 manat əsas, 15994,91 manat faiz borcu olmaqla, cəmi 26841,91 manat borcu problemli aktivlərin satın alınması ilə bağlı "xxxx" ASC-dən İddiaçı QSC BOKT-a keçmişdir. İşdə olan Maliyyə arayışından görünür ki, X2 xx.xx.2017-ci il tarixə "xxxx" ASC Nizami filialına əsas borc üzrə 10847 manat və faiz borcu üzrə 15994,91 manat məbləğində borcu vardır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 8114/2018 saylı qətnaməsinə iddiaçı “X5 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3445/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “X5 Edilməsi Agentliyi” MMC-nin apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 8114/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4434/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu it tarixli 2(103)-3445/2019 saylı qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci it tarixli 2(103)-1136/2021 sayli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 8114/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında 14 aprel 2008-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 360 gün müddətinə 17500 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin sərəncamın icrası ilə bağlı cavabdehə aid kredit sənədləri 06 noyabr 2017-ci il tarixli, S-AVK-1343 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan kredit təşkilatına təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı tələb hüququnun ona keçməsinə əsasən hazırki iddianı irəli sürmüşdür. Belə olan halda isə, məhkəmə tərəfindən yoxlanılmalı olan növbəti hal iddianın əsaslı olması, iddia müddətinin keçib-keçməməsi məsələsidir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində məhz bu halı iddianın rədd olunması üçün etirazlarının əsası kimi göstərmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə və s. istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşdə olan sübutlardan (kredit müqaviləsi, ödəniş qrafiki, hesabdan çıxarış və s.) görünür ki, 14 aprel 2008-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması 36 ay müddətində həyata keçirilir. MM-in 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir və hazırki kredit müqaviləsi üzrə iddia müddətinin son günü 14 oktyabr 2013-cü il tarixdə təsadüf etmişdir. İddiaçı əvvəllər də iddia ilə məhkəməyə müraciət edilməsini göstərsə də, işdən görünür ki, iddialar ilk dəfə 2014-cü il tarixdə (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2014-cü il traixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır), daha sonra isə 2018-ci ildə, yəni iddia müddəti keçdikdən sonra verilmişdir. Yəni, hələ ilk dəfə məhkəmə müraciət olunan zaman iddia müddəti keçmişdir. Belə olan halda iddiaçının daha əvvəl məhkəməyə müraciət etməsi barədə dəlilləri iddia müddətinin keçməsini istisna etmir. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, ... iddia müddətinin axımı kəsilir. İşdə olan iddianın baxılmamış saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci it tarixli qərardadından isə görünür ki, iddia buna səlahiyyəti olmayan şəxs tərəfindən irəli sürülmüş, bu səbəbdən də birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürərək, işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə olan halda isə, əvvəlki iddianın verilməsi Mülki Məcəllənin 380.1-ci maddəsinin təsiri altına düşməməklə, iddia müddətinin axımının kəsilməsinə də səbəb olmamışdır. Bununla yanaşı, iddia baxılmamış saxlanıldıqdan sonra yenidən məhkəməyə müraciət müddətləri həddindər artıq uzun (3 ildən yuxarı) olmuşdur. İddia sonuncu dəfə məhkəmə tərəfindən baxılmamış saxlanıldıqdan sonra isə iddiaçı təqribən 2 ildən sonra hazırki iddianı məhkəmə təqdim etmiş, keçən müddət ərzində isə iddia müddətinin axımının kəsilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin cavabdehin son ödənişinin 05 dekabr 2011-ci il tarixdə həyata keçirilməsini bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut (kassa mədaxil qəbzi və s.) təqdim etməmiş, cavabdeh isə belə bir ödənişi etməsini təsdiq etməmişdir. Lakin, hətta həmin ödəniş şərti olaraq nəzərə alınsa belə, hazırki vəziyyətidə yenə iddia müddəti keçmiş olur. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər nəzərə alındıqda belə iddia müddətinin keçməsi müəyyən olunur. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, əsas borc üzrə iddia müddətinin keçməsi əlavə tələblər üzrə də iddia müddətinin keçməsi ilə nəticələnir. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borc tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4338/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4338/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver