Məhkəmə qərarları › İş №2(103)-4339/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4339/2025

18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4339/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1408/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 758,43 (iyirmi iki min yeddi yüz əlli səkkiz manat 43 qəpik) manat artıq ödənilmiş vəsaitin, 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərcinin və 159 (bir yüz əlli doqquz manat) məbləğində dövlət rüsumunun cəmi 23 237,43 (iyirmi üç min iki otuz yeddi manat, 43 qəpik) manat məbləğin cavabdehdən tutularaq iddiaçya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1408/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, habelə dövlət rüsumunun öz ərizəsinə əsasən iddiaçıya geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi 4 ay ərzində işə baxıb qətnamə çıxarmalı olduğu halda, 4 ay ərzində işi hazırlıq mərhələsində saxlamışdır. Məhkəmə iddiaçıya 4 ay sübutları yığmaq üçün vaxt vermişdir. İş hazırlıq icraatında 4 aydan çox qalmışdır. Uzatma ilə bağlı qərardad qəbul olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə görə, iddia ərizəsi yalnız icraata qəbul edilməmişdən əvvəl geri qaytarıla bilər. Lakin bu iş üzrə iddiaçı ərizəni icraata qəbul edildikdən sonra vermişdir ki, bu da geri qaytarma üçün hüquqi əsas yaratmır. Yasamal Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə istinad etmişdir. Mülki Prosessual Məcəlləyə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (maddə 170.1). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarnın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə cavabdehin ərizəsinə (geri qaytarılma barədə ərizə iddia ərizəsi icraata qəbul olunduqdan sonra verildiyindən iddia ərizəsinin geri qaytarıla bilməyəcəyi və s.) münasibətdə isə qeyd etmişdir ki, mülki iş hazırda hazırlıq mərhələsindədir. Bu mərhələdə ərizənin geri qaytarılması barədə ərizə verilməsi prosessual qanunvericiliyin tələblərinə əsasən (MPM mad.170), iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Bu zaman cavabdeh tərəfdən buna razılıq alınması tələb olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərini əsas gətirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1408/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar