Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4342/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1183/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılaraq Cavabdeh 2 uşağı saxlamaq üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Cavabdeh ilə xx.xx.1998-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü X5, xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009ci il təvəllüdlü X7 adlı üç övladları vardır. İddiaçı xx.xx.2019-cü il tarixdə aliment tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli, 2(006)-2839/2019 saylı qətnamə ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün xx.xx.2019-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. İddiaçıya verilən aliment uşaqlarının ehtiyaclarını ödəmir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1183/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, əqətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdr. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəməyə təqdim olunmuş sübutlardan məlum olur ki, Cavabdeh aylıq gəliri 2246,48 manat təşkil edir. Cavabdeh hal-hazırda X16 880 manat, Gimnastika Federasiyasından 766,48 manat, Dövlət X13 Bakı şəhəri Nəsimi rayon Şöbəsindən 100 manat və Mədəniyyət Nazirliyindən 500 manat rəsmi pul alır. Ondan da artıq, sübut edə bilmədiyimiz “Bu Şəhərdə”, “Парни из Баку”, “Buta Palas” və digər tamaşalardan 3000 manat alır. Onun iddia tələbi, 2 uşağı saxlamaq üçün yetkinlik yaşlarına çatana qədər hər ay hər uşağa görə 350 manat, cəmi 700 manat sabit pul məbləğində aliment tutulması AR Ailə Məcəlləsinin tələblərinə uyğundur. Ondan da artıq, subuta qətirilmiş məbləğin 1/3 hissəsi 742.82 manat olmağına baxmayaraq, iddia tələbi ondan azdır. Maraqlıdır ki, hansı səbəbə görə Nəsimi rayon Məhkəməsinin hakimi onun və uşaqlarının hüquqlarını pozur. Nəsimi rayon Məhkəməsinin hakimi onların hüquqlarını pozaraq, ancaq cavabdehin xeyrinə çalışmışdır. Belə ki, alimentin artırılması ilə əlaqədar iddia ərizəsi xx.xx.2019-cü il tarixdə məhkəməyə təqdim olunmuş, hakim tərəfindən qətnamə ancaq 2 ay 3 gündən sonra qət olunub və hansı tarixdən artım olub həmin qətnamədə göstərilmir. O, bildiyinə görə aliment tələbinə dair mülki işlərə bir ay müddətində baxılır və qətnamə çıxarılır. Aliment iddia məhkəməyə verildiyi gündən hesablanır. Ondan da artıq, aliment tələbinə dair işə baxan hakim qətnamədə göstərməlidir ki, hansı tarixdən aliment (alimentin artırılması) tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1183/2020 saylı qətnaməsinin alimentlə bağlı hissədə qismən ləğv edilərək, alimentin miqdarının artırılması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillrinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-2839/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Gimnastika Federasiyasının xx xxxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh Azərbaycan Gimnastika Federasiyasında gimnastika növləri üzrə yığma komandalara “Aktyor ustalığı” üzrə dərslər keçir və aylıq əmək haqqı 766,48 manat təşkil edir. İş materiallarında olan Səməd Vurğun adına Azərbaycan Dövlət X17 Teatrının xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh Azərbaycan Dövlət X17 Teatrında 1994-cü ildən çalışır, hal-hazırda 15-ci dərəcəli aparıcı səhnə ustası vəzifəsini tutur və onun aylıq əmək haqqı 880 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixindən Azərbaycan Dövlət X17 Teatrının aktyoru, Əməkdar artist Cavabdeh Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Prezident mükafatı 1 il müddətinə hər ay 500 manat məbləğində ödənilir. İş materiallarında olan Əmək və X9 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh şöbədən 100 manat əməkdar artist fəxri adına görə prezident təqaüdü alır. İş materiallarında olan “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2020-ci il tarixli Sərəncamına əsasən “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 70 saylı Fərmanına uyğun olaraq səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimi Cavabdeh mükafat verilməsi qərara alınmışdır. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-2839/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdehin rəsmi gəlirlərinin olmasını, iddianı qismən qəbul etdiyini nəzərə alaraq, Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İşdə olan sübutlarla müəyyən olunur ki, cavabdehin aylıq qazancı 2246,48 manat (766,48+880+100+500=2246,48) təşkil edir. Belə olan halda isə bir uşaq üçün aliment 2246,48:1/3:2=374,4 manat təşkil edir. İddiaçı tələbində alimentin artırılaraq, hər uşağa görə 350 manat tutulmasını tələb etdiyindən, kollegiya MPM-nin 218.3-cü maddəsinə əsasən işə verilmiş tələb daxilində baxır. Məhkəmə kollegiyası hesab edir ki, uşaqların saxlanması üçün alimentin məbləğinin hər ay hər uşaq üçün 350 manat məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur. Belə ki,“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya hesab edir ki, tərəflərin maddi və əmlak vəziyyəti, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyi nəzərə alınmaqla, hər uşağa görə alimentin məbləği artırılaraq, 350 manat olmaqla, cəmi məbləğ 700 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Kollegiya cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1183/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Baki şəhəri, Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-2839/2019 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilsin. xx.xx.2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarı artırılaraq hər ay hər uşağa görə 350 (üç yüz əlli) manat olmaqla, cəmi 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Alınsın Cavabdeh 30 (otuz) manat dövlət rüsumu verilsin dövlət büdcəsinə. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4342/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4342/2020
03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver