Məhkəmə qərarları › İş №2(103)-4342/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4342/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4342/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadı ilə (hakim G.Abbasova, iş № 2(001)-3297/2023) iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam veriməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023cü il tarixdə, yəni "xxxx" BOKT MMC tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət olunmamışdan əvvəl vəfat etmişdir. Hazırkı iş üzrə iddia xx.xx.2023-cü il tarixdə qaldırılmışdır. Ölmüş şəxsə qarşı isə iddia qaldırıla və baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə cavab verməli olan əsas borclu (kredit alan) öldüyündən, hüquqi varislərə qarşı iddia qaldırılmadığından, iddia ərizəsində borc cavabdehlərdən müştərək qaydada tələb olunduğundan və bu baxımdan mübahisə predmeti bölünməz olduğundan iddia ərizəsi icraata qəbul edilməməli idi. Səhvən icraata qəbul edilmiş işə baxılması isə davam etdirilə bilməz və xitam olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən səbəbdən, yəni borc müştərək tələb olunduğundan yalnız zaminə qarşı icraatın davam etdirilməsini mümkün saymır. Mülki prosessual qanunvericiliyə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi "xxxx" BOKT MMC-nin Cavabdeh1 vərəsələrinə və zaminə qarşı yenidən iddia qaldırmasının qarşısını kəsmir. Şikayətin dəlilləri işin mahiyyəti üzrə maddi hüquq normaları ilə əsaslandırılsa da, qanunvericiliyin prosessual müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar