Məhkəmə qərarları › İş №2(103)-4343/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4343/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4343/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3478,53 manat ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3808,53 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması və ekspertiza xərcinin cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh, aralarında bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndin tələblərini pozaraq, qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı talamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 15.01.2021-ci il tarixli, 10/3739 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulmanın texniki cəhətdən mümkün olduğu qeyd edilmişdir. Göründüyü kimi, sayğacdan kənar qaz istifadəsi baş vermiş və bu faktı təsdiq edən sübutları təqdim etsələr də, məhkəmə tərəfindən onlara heç bir qiymət verilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, 30.04.2018-ci il tarixli, ******* nomrəli, 28.02.2019-cu il tarixli, ******* nömrəli və 29.03.2019-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ aktlara əsasən, sayğaca baxış keçirilən zaman ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni sayğacdan kənar xətt istifadə edilməsi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamələrə və abonent saldosuna əsasən, ******* nomrəli akt üzrə itirilmiş qazın həcmi cəmi 7102 m3, dəyəri 1420,40 manat; ******* nömrəli akta üzrə itirilmiş qazın həcmi cəmi 6156 m3, dəyəri 561,60 manat və ******* nömrəli akta üzrə itirilmiş qazın həcmi cəmi 1026 m3, dəyəri 102,60 manat hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.01.2021-ci il tarixli, 10/3739 nömrəli rəyinə görə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkündür. Hazırda “İddiaçı” İB, iddiaçıya məxsus evdə sayğacdan kənar xətt aşkarlandığını bildirirərək, 3478,53 manat məbləğində dəymiş ziyanı tələb edir, Cavabdeh isə bunu təkzib edir. İlk növbədə qeyd olunmalıdır ki, “İddiaçı” İB-nin istinad etdiyi aktlar üzrə hesablanmış ziyanın məbləği ümumilikdə 2,804,60 manat təşkil etdiyi halda, cavabdehin nəyə əsasən 3478,53 manat dəymiş ziyan tələb etməsi aydın deyil. Ona görə də iddianın həmin hissədə təmin olunması əsaslıdır. Kollegiya, həmçinin, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən qeyd olunan aktlar üzrə hesablanmış borcun silinməsini də tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci maddəsinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Hazırkı işdə iddiaçının qazdan sayğacdan kənar istifadə etməsi sübut olunmadığı halda ona cərimə hesablanması qanunvericiliyin mənasına görə mümkün deyil. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə rəyi bu halın sübuta yetirilməsi üçün mötəbər hesab etmir. Ona görə ki, ekspert rəyində təqiqatın təsvirindən görünür ki, ekspert tərəfindən qeyd olunan ünvana baxış keçirilmədən, yalnızca cavabdehin təqdim etdiyi iş materiallarında olan aktlara, fotoşəkillərə və ehtimallara əsasən rəy verilmişdir. Qanunsuz qoşulma faktının müəyyən edilməsi üçün isə həmin sənədlər kifaəyedici hesab olunmur. Çünki, cavabeh təşkilatın tərəfsiz şəxslərin iştirakı olmadan tərtib etdiyi aktlar, habelə mənbəyi və işə aidiyyəti müəyyən olunmayan fotoşəkillər isə cavabdehin qazdan sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 282-ci madəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş ziyana görə inzibati məsuliyyət nəzərdə tutulduğu halda qaz paylayıcısı təbii qazın talanması ilə bağlı istehlakçının təqsirini sübut edəcək inzibati xətanı rəsmiləşdirməmiş və istehlakçının iştirakı olmadan müxtəlif vaxtlarda yuxarıda qeyd edilən aktları tərtib etmişdir. Halbuki, qaz paylayıcısı istehlakçı tərəfindən şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar etdikdə, qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, fakt üzrə inzibati və ya cinayət məsuliyyətinin olubolmamasını müəyyənləşdirməli və yalnız istehlakçının təqsiri sübut olunduqdan sonra şəbəkəyə qanunsuz qoşulma nəticəsində dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli idi. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh “İddiaçı” İB, iddiaçının təbii qazadan sayğacdan kənar istifadə etməsini təsdiqləyən və buna görə də, cərimənin hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “İddiaçı” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-183/2021 saylı iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar