Məhkəmə qərarları › İş №2(103)-4347/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4347/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4347/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinin – Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh vəkilləri (nümayəndələri) Vəkil1 və Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Bankın ləğvedicisi olan Fond iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış, 126 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 99.074,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 160.704 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 550 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus daşınmaz əmlaka – Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən binanın B blokunda 2 otaqlı 87 saylı mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi; həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması; ipoteka predmeti olan mənzil hərracdan satıldığı halda mənzilin boşaldılaraq, mənzili alacaq şəxsə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 14 faiz dərəcəsi ilə 99.450 manat məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsinin” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinin” şərtlərinə görə kredit borcu, ona hesablanmış faizlə birlikdə 180 ay müddətində hissə-hissə və aybaay Banka ödənilməli idi. “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq cavabdehlə Bank arasında xx.xx.2011-ci il tarixli 126/1 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, Banka olan borcun cüzi bir hissəsini ödəmiş, qalan borcu isə ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka 99.074,35 manat məbləğində əsas kredit borcu, 160.704 manat məbləğində faiz borcu yaranmışdır. Bank, borcun ödənilməsi barədə borcalana yazılı və şifahi qaydada dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 550 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdehə iddia tələbində göstərilən kredit vəsaiti ümumiyyətlə verilməmişdir. Kreditin cavabdehə verilməsini təsdiq edən əsas sənəd – “Kassa məxaric” orderi iddia ərizəsinə əlavə edilməmiş, Bank tərəfindən məhkəməyə təqdim edilməmişdir. Çünki belə sənəd mövcud deyil. Cavabdehə xx.xx.2011-ci il tarixdə kredit məbləği ayrılmış olsaydı, həmin dövrdən gecikmələr olması səbəbindən 12 il ərzində iddiaçı Bank tərəfindən tələb irəli sürülərdi. Cavabdehə ilk və yeganə bildiriş məktubu xx.xx.2022-ci il tarixdə, yəni kredit müqaviləsinin bağlanmasında 12 il sonra göndərilmiş və əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələb olunmuşdur. Bundan başqa, ipoteka predmeti olan mənzil nə, ipoteka müqaviləsinin bağlandığı qeyd edilən tarixdə, nə də sonra cavabdehə məxsus olmamış və cavabdeh tərəfindən ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh həmin mənzilin kimə məxsus olduğunu bilmir. İddiaçı Bank tərəfindən iş materiallarına “İpoteka müqaviləsinin” surəti əlavə edilmiş və həmin ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi xahiş edilmişdir. Lakin, həmin mənzilin ipotekaya qoyulmasına dair qeydiyyat sənədləri və hansı notariat ofisində təsdiq olunmasına dair sənəd təqdim edilməmişdir. Hüquqmüəyyənedici sənədi olmayan daşınmaz əmlak ipoteka predmeti ola bilməz. Göründüyü kimi, iddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etsə, iddianı sübut edən sənədlər mövcud deyildir və vaxtilə verilməmiş kredit vəsaitinin və ona hesablanmış faizlərin ödənilməsi, eləcə də tələbin mənzilə yönəldilməsi barədə iddia ərizəsi əsassız hesab edilərək, rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini alması sübuta yetmədiyindən, cavabdeh həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır. Bu səbəbdən cavabdehdən iddiaçı Bankın xeyrinə pul tutula, tutma isə mənzilə yönəldilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə cavabdeh, "xxxx" MTK-dan 114.450 manat dəyəri olan həmin mənzilin alınması məqsədilə Banka müraciət edərək, ona 15 il müddətinə 99.450 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir. Kredit və ipoteka müqavilələri ilə cavabdehlə "xxxx" MTK arasında bağlanmış müqavilənin tarixləri eynidir. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh özü və arvadı X2 (cavabdeh arvadının adından verilmiş etibarnamə əsasında çıxış etmişdir) mənzilin ipoteka qoyulması ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizələr vermişdir. Cavabdeh tərəfindən mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin Rayon Məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Halbuki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən “Hesabdan çıxarışa” əsasən müəyyən edilir ki, kredit borcuna görə cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir. Bu hal Mərkəzi kredit reyestri barədə çıxarışla da təsdiq olunur. Lakin işə baxmış rayon Məhkəməsi bunu da nəzərə almamışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. İddiaçı Bankın ləğvedicisi olan Fondunun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

8. Cavabdehin vəkilləri (nümayəndələri) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddiaya qarşı verilmiş etirazın məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, 2011-ci ildə cavabdeh kredit almaq üçün həqiqətən də iddiaçı Banka müraciət etmiş, Bankın əməkdaşlarının ona təqdim etdikləri bir neçə sənədi, sənələr ilə tanış olmadan imzalamış, lakin kredit almaq fikrindən sonradan imtina etmişdir. Mənzillə dair MTK ilə bağlanmış müqavilədəki imza cavabdehə məxsusdur. Lakin cavabdeh həmin MTK-dan mənzil almamışdır. Ola bilsin ki, həmin müqavilə, cavabdehə imzalamaq üçün verilmiş sənədlərin arasında olmuşdur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, xx.xx.2011-ci il tarixli 126 saylı “Kredit müqaviləsindən” görünür ki, həmin müqavilədə Bank tərəfindən borcalan olan cavabdehə 180 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 99.450 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, kreditor olan Bank borcalana alınan yaşayış sahəsinin dəyərinin 87 % hissəsini ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyərinin ödənilməsi üçün 99.450 manat məbləğində kredit verir.

11. xx.xx.2011-ci il tarixli 126/1 saylı “İpoteka müqaviləsindən” görünür ki, həmin müqavilədə xx.xx.2011-ci il tarixdə Bank ilə cavabdeh arasında bağlanmış 126 saylı “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə ayrılmış 99.450 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyulması nəzərdə tutulmuşdur.

12. Bank tərəfindən işə baxmış Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdehin həmin “Kredit müqaviləsinə” əsasən Banka xx.xx.2022-ci il tarixə 99.074,35 manat məbləğində əsas borcu və 160.704,10 manat məbləğində faiz borcu vardır.

13. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.).

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. İddiaçı Bank bildirir ki, xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99.450 manat kredit vermişdir. Cavabdeh isə həmin məbləği almadığını bildirir. Belə olan halda, xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə 99.450 manatın verilməsini sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Lakin Bank tərəfindən “Kredit müqaviləsinin” predmeti olan pul vəsaitinin cavabdehə təhvil verilməsi barədə “Kassa məxaric” orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəmələrə təqdim edilməmişdir. Halbuki, “Kredit müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Bank kredit müqaviləsi üzrə pulu cavabdehə təhvil verilməsini sübuta yetirə bilmir.

16. Bu hal sübuta yetirilmədiyindən cavabdehin qeyd edilən “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə öhdəlik götürməsi və həmin öhdəliyi yerinə yetirməməsi halı da təsdiqini tapmır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı Bankın “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutulması barədə” tələbi Mülki Məcəllənin 441 və 442-ci maddələrinin tələbləri baxımından əsaslı hesab edilə bilməz və Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

17. Məhkəmə eyni zamanda bildirir ki, Mülki Məcəlləsinin tələblərinə görə, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (maddə 307.7.). Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (maddə 309.1.).

18. Məhkəmə qeyd edir ki, üzərində iddiaçı Bank ilə cavabdeh arasında bağlanması qeyd edilən xx.xx.2011-ci il tarixli “İpoteka müqaviləsi” notariat qaydasında bağlanmayıb, ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmayıb.

19. Bunları və kredit məbləğinin Bank tərəfindən iddiaçıya verilməsinin sübuta yetməməsini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı Bankın “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” tələbi əsaslı hesab edilə bilməz və Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili də əsassızdır. g) apelyasiya baxışının nəticəsi

20. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqtəyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar