Məhkəmə qərarları › İş №2(103)-4349/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4349/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4349/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair 2(010)-1466/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 9 mərtəbəli, 20 nömrəli evin, 3-cü mərtəbəsində, 5 otaqlı, 60.26 m2 yaşayış sahəsi olan, 78 saylı mənzilə 20 iyul 2005-ci il təvəllüdlü X1 istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(010)-1466/2021 saylı qərardadına əsasən iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı şikayət verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(010)-1466/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində göstərmişdir ki, uşağa şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN xidmət” mərkəzinə müraciət etmiş, ancaq burada ona bildirmişlər ki, uşağın 15 yaşı tamam olduğu üçün o, yaşadığı yer üzrə qeydiyyata alındıqdan sonra ona şəxsiyyət vəsiqəsi verə bilərlər. O, cavabdehə bu barədə bildirmiş, ancaq o, uşağın qeydiyyata alınması üçün razılıq barədə ərizə verməkdən imtina etmişdir. İddia ərizəsindən göründüyü kimi 30.07.2005-ci il təvəllüdlü X2 15 yaşı tamam olmuşdur. O və uşağın atası X3 qeydiyyatda olduqları yaşayış sahəsinin kirayəçisi onun qayınanası – uşağın atasının anası, hazırkı iş üzrə Cavabdehdır və o, uşağın göstərilən yaşayış sahəsinə qeydiyyata alınması barədə razılıq ərizəsi vermir və mənzilin orderini polis orqanına təqdim etmir. Yəni hazırkı mübahisə onunla inzibati orqan arasında deyil, mənzilin kirayəçisi ilə yaranmışdır. Bundan başqa, məhkəmə özünün qərardadında qeyd edir ki, qeydiyyatla bağlı iddiaçı Suraxanı rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsinə müraciət edərək uşağın qeydiyyat yerinin müəyyən edilməsini xahiş edə, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə inzibati icraat qaydasında məhkəməyə müraciiət edə, uşağın yaşayış yeri üzrə qeydiyyata salınması öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb edə bilər. Suraxanı rayon Polis İdarəsi özünün 03.03.2021-ci il tarixli, D96-5408Ə-121 saylı məktubu ilə qeydiyyatdan imtina verərək bildirmişdir ki, yaşayış sahəsi kirayəçisinin razılıq ərizəsi mütləq lazımdır ki, bununla birlikdə “ASAN” xidmət mərkəzinə müraciət etməlisiniz. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(010)-1466/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi, 15 yaşlı uşağın qeydiyyat yeri onun valideynlərinin razılığı ilə müəyyən edilir. Odur ki, iddiaçı əvvəlcə bu cür razılıqla müvafiq inzibati orqana (Suraxanı rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsi) müraciət edərək uşağın qeydiyyat yerinin müəyyən edilməsini xahiş etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə inzibati icraat qaydasında məhkəməyə müraciət etməli, uşağın yaşayış yeri üzrə qeydiyyata salınması öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb etməlidir. Beləliklə, məhkəmə qaydasında baxılmalı olmadığından “pasport qeydiyyatına alınma” tələbinə dair hissəsində iddia ərizəsini qəbul etməkdən imtina etməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 153.2-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair hissədə də iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Məhkəmə əsas olaraq iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığını bildirmişdir. Lakin qeyd edilən tələbə ümumi məhkəmələrdə baxılmalı olmasını istisna edən norma qanunvericlikdə təsbit edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi gəldiyi qənaət üzrə mövqeyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halı araşdıraraq, iddia ərizəsinin icraata qəbul edilməsinin mümkün olub-olmaması barədə qərar qəbul etməlidir. Ona görə də qərardad ləğv olunmalı, ərizənin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması üçün yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(010)-1466/2021 saylı qərardadı ləğv edilsin və iş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar