Məhkəmə qərarları › İş №2(103)-435/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-435/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-435/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlakın yaxşılaşdırılmasına sərf edilən xərclərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cavabdeh nümayəndəsi və vəkili X11 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın yaxşılaşdırılmasına sərf edilən xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(005)-46/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-ci il tarixli, 2(103)- 6818/2019 saylı qətnaməsindən müəyyən olunur ki, X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-178/2019 saylı 19 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi-haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun, tanınması» tələbinə dair ilk iddiasının rədd edilməsi, X5 qarşılıqlı iddiasının təmin edilməsi, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin X7 təhvil verilməsi vəzifəsinin qoyulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-786/2018 saylı 22 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, "xxxx" MMC-dən 117750 manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

2. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin bazar dəyəri 206 000 manat və təmir xərci 28 453 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkdiyi 50.000 manat məbləğində xərclərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun cavabdeh X3 alınaraq İddiaçı verilməsi, onun mənzildən çıxarılmağı və pulun ödənilməsinin eyni anda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli 2(103)-6818/2019 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Hazırda həmin mülki iş icra prosesindədir. Hazırda iddiaçı azyaşlı uşaqları ilə mənzildən çıxarılır, mənzilsiz qalmaq təhlükəsi ilə üz-üzə qalmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin təqsiri nəticəsində dəyərini tam həcmdə ödədiyi və yüksək səviyyədə təmir etdirdiyi mənzil əlindən alınır. ''İdeal-V’' MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair iki müqavilə bağlanması iddiaçını çıxılmaz vəziyyətdə qoymuşdur. Həmin mənzili özbaşına zəbt etməmişdir. Mənzili iddiaçının istifadəsinə “İdeal- V" MMC tərəfindən yazılı müqavilə bağlanılmaqla verilmişdir, mənzildəki təmir və abadlıq işləri Cəmiyyətin işçilərinin nəzarəti ilə aparılmışdır, görülmüş işlərin dəyəri iddaiçı tərəfindən ödənilmişdir. Hesab edir ki, mənzilin təmirinə və yaxşılaşdırılmasına çəkdiyi xərclərin dəyəri Cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Mənzilin təmirinə və yaxşılaşdırılmasına ümumilikdə 50.000 manat məbləğində pul sərf edilmişdir. Mənzildə sifariş əsasında otaqların ölçülərinə uyğun mebellər yığılmış və quraşdırılmışdır, həmin mebellər sökülərsə, istifadəsiz vəziyyətə düşəcəkdir. Həmin pul məbləği Cavabdeh alınaraq iddiaçıya verilməlidir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(005)- 46/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi olaraq 28 453 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,70 manat məbləğində pul cavabdeh X3 İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC ilə İddiaçı arasında 23 noyabr 2013-cü il tarixdə müqavilə bağlanmışdır. İddiaçı mənzilin dəyərini tam olaraq ödəmiş və mənzilin ona təhvil verilməsi üçün məhkəməyə müraciət etmişdir. Mənzil onun istifadəsinə verildikdən sonra isə orda yaşamış və mənzilin yaxşılaşdırılması üçün xərc çəkmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-ci il tarixli, 2(103)- 6818/2019 saylı qətnaməsi ilə "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin X7 təhvil verilməsi vəzifəsinin qoyulmuşdur. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında həmin mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edilmiş və "xxxx" MMC-dən 117750 manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı X4 həmin mənzilə dair çəkdiyi təmir xərclərinin əvəzi olaraq 50 000 manat pul məbləğinin X3 tutulmasını xahiş edir. Mülki işin məhkəmə baxışı zamanı mənzilə çəkilmiş təmir xərclərinin məbləğini müəyyən etmək üçün iş üzrə 3 dəfə ekspertiza təyin edilmiş, lakin heç bir ekspertiza baxışının təşkil edilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfin təqdim etdiyi ekspert rəyinin iş üzrə sübut kimi qəbul etməsini məqbul hesab etmişdir. Həmin ekspert rəyindən mənzilə çəkilmiş təmir xərcinin məbləğinin 28 453 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı X4 tərəfindən tələb etdiyi təmir xərclərinin dəyərinin 28 453 manat olması məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan, qeyd edilən pul məbləği cavabdeh tərəfindən iddiaçıya ödəməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.6-cı, 157.7ci, 560.1-ci, 560.2-ci, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1094-cü maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, mülki işdən cavabdehin və onun nümayəndəsinin məlumatı olmamış, buna dair məhkəmə bildirişi də göndərilməmişdir. Eyni zamanda, iş üzrə qəbul edilmiş qətnamə də qeyd olunan şəxslərə çatdırılmamışdır. Həmçinin hazırki iş üzrə tərəflər arasında hər hansı razılaşma və ya öhdəlik olmamışdır. Mübahisəli mənzilə dair iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır ki, öhdəlik də məhz həmin müqaviləyə əsasən yarana bilərdi. Bu baxımdan da, məhkəmə qeyriqanuni olaraq mübahisəli mənzilin təmiri və yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarındakı qanuni qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-ci il tarixli, 2(103)- 6818/2019 saylı qətnaməsi ilə mübahisəli mənzilin iddiaçıya qanunsuz satılması faktı müəyyən edilmiş və buna görə "xxxx" MMC-dən mənzilə görə 117750 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə dair zərəri məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Eyni zamanda iddiaçının bu mənzilə dair hər hansı, o cümlədən ona dəymiş zərərlə bağlı tələbi "xxxx" MMC-yə qarşı irəli sürülə bilər. Bununla yanaşı qeyd edilməlidir ki, həmin mülki iş bir neçə il davam etmişdir. Lakin mübahisə olmasına, habelə mənzilin cavabdehə daha əvvəl satılmasını bilməsinə baxmayaraq iddiaçı tələsik qaydada və cavabdehdən xəbərsiz həmin mənzili özbaşına təmir etdirmişdir. Bundan sonra mənzil bir müddət iddiaçının istifadəsində olub. Mənzilin halhazırki təmir olunmuş vəziyyəti cavabdehi qane etmir və mənzil cavabdehin icazəsi olmadan təmir olunub. Bu baxımdan da, iddiaçıdan mənzildəki təmirə görə pul vəsaitinin tutulması əsassızdır. Bundan başqa, qətnamədə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin bazar dəyəri 206 000 manat və təmirxərci 28453 manat müəyyən edildiyi göstərilir. Bununla bağlı qətnamədə, mülki işin məhkəmə baxışı zamanı mənzilə çəkilmiş təmir xərclərinin məbləğini müəyyən etmək üçün iş üzrə 3 dəfə ekspertiza təyin edildiyi, lakin heç bir ekspertiza baxışının təşkil edilməsi mümkün olmadığı, bu səbəbdən məhkəmə tərəfin təqdim etdiyi ekspert rəyinin iş üzrə sübut kimi qəbul etməsini məqbul hesab etdiyi qeyd olunur. "xxxx" MMC-nin bu qiymətləndirməni hansı şəraitdə həyata keçirməsi və nəyə əsasən qeyd olunan məbləği müəyyən etməsi müəmmalıdır. Belə ki, mənzilin qiymətləndirilməsi üçün oraya baxış keçirilməlidir. İş üzrə mübahisəli mənzil cavabdehin mülkiyyətindədir və həmin mənzilin açarları da ondadır. Hazırki iş üzrə isə heç kim, o cümlədən qiymətləndirici cavabdehin iştirakı ilə mənzilə baxış keçirməyib. Bu baxımdan mübahisəli əmlakın qiymətləndirilməsinə dair rəy verilməsi də mümkün deyildir. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə əməl edərək cavabdehin işdə iştirakını təmin etsə idi qeyd olunanlar barədə, yəni mənzilə baxış keçirilmədən rəy verilməsi barədə məlumatı olardı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Cavabdeh nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, hesab edir ki, iddiaçı şirkətə qarşı iddia qaldırmalı idi. Məhkəmə gedişində onlar bildiriblər ki, iddiaçı evi təmir etməsin. İddiaçı isə buna məhəl qoymadı.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

Mülki Məcəllə

13. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

14. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

15. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

16. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi olaraq 28 453 manat məbləğində pulun cavabdeh X3 İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 12396,0 manat məbləğində pul tutulmalıdır.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında 23 noyabr 2013-cü il tarixdə müqavilə bağlanmış, iddiaçı mənzilin dəyərini tam olaraq ödəmiş və mənzilin ona təhvil verilməsi üçün məhkəməyə müraciət etmişdir. Mənzil iddiaçının istifadəsinə verildikdən sonra iddiaçı tərəfindən mənzilin yaxşılaşdırılması məqsədilə təmir işləri aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-ci il tarixli, 2(103)- 6818/2019 saylı qətnaməsi ilə "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin X7 təhvil verilməsi vəzifəsi qoyulmuş, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında həmin mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edilmiş və "xxxx" MMC-dən 117750 manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməsi qət edilmişdir.

25. Qətnamədə tərəfə izah edilir ki, mənzil X7 təhvil verildikdən sonra təmirə çəkilmiş xərcin ödənilməsini ondan tələb etmək hüququ vardır.

26. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsaslı olması ilə bağlı mövqeyini onunla əsaslandırır ki, göründüyü kimi, "xxxx" MMC tərəfindən mənzil 2 nəfərə - İddiaçı və X1, yekun məhkəmə aktı ilə mübahisəli mənzilin X7 təhvil verilməsi vəzifəsi qət edilmişdir. Belə olan halda mənzil iddiaçının sahibliyindən və istifadəsindən alındığı üçün onun mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərclərinin ödənilməsini tələb etmək hüququ yaranır.

27. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, təmirə çəkilmiş xərclər ondan deyil, "xxxx" MMC-dən tutulmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-ci il tarixli, 2(103)- 6818/2019 saylı qətnaməsinə əsasən mənzil iddiaçının sahibliyindən alındığı üçün "xxxx" MMC-dən restitusiya qaydasında 117750 manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməsi qət edilmişdir. Hazırkı halda isə mənzil iddiaçının sahibliyindən alınaraq cavabdehin mülkiyyətinə verildiyi üçün, iddiaçı mənzilin təmirinə çəkilmiş xərclərin tutulması ilə bağlı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

29. Mübahisəli mənzildə həyata keçirilmiş yaxşılaşdırmalara sərf olunmuş məbləğlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki işə birinci instansiya məhkəməsində baxılması zamanı mənzilə çəkilmiş təmir xərclərinin məbləğini müəyyən etmək üçün iş üzrə 3 dəfə ekspertiza təyin edilmiş, lakin heç bir ekspertiza baxışının təşkil edilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfin təqdim etdiyi ekspert rəyinin iş üzrə sübut kimi qəbul etməsini məqbul hesab etmişdir. Həmin ekspert rəyindən mənzilə çəkilmiş təmir xərcinin məbləğinin 28 453 manat olduğu müəyyən edilmişdir.

30. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 2 otaqlı, 12 saylı 94,2 kv.m. sahəsi olan mənzilə baxış keçirilməsi ilə həmin mənzilin təmirinə nə qədər xərc sərf edildiyi müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6829/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

31. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/7737 nömrəli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci mərtəbəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, 2 otaqlı, 12 saylı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 12396,0 manat məbləğində olduğu müəyyən edilmişdir.

32. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

33. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilərək cavabdeh tərəfindən iddiaçının xeyrinə 12396,0 manat məbləğində pul tutulmalıdır.

36. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi olaraq 28 453 manat pul cavabdeh X3 İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməli, cavabdeh X3 İddiaçı xeyrinə 12396,0 manat pulun tutulması qət edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(005)-46/2022 saylı qətnaməsi “Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllə, 12 saylı mənzilin təmiri və yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi olaraq 28 453 manat məbləğində pulun cavabdeh X3 İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh X3 İddiaçı xeyrinə 12396 (on iki min üç yüz doxsan altı) manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar