Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4350/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)-710/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8359,13 manat əsas borc, 478,68 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8837,81 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 17.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə, 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 17.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26.10.2020-dək Cavabdeh1 banka 17.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8359,13 manat əsas borc, 478,68 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8837,81 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)-710/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8359,13 manat əsas borc, 478,68 manat faiz borcu olmaqla, cəmi 8837,81 manat (səkkiz min səkkiz yüz otuz yeddi manat səksən bir qəpik) məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı “Yelo Bank“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)-710/2021saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış müqavilə 3 illik müqavilədir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsində müəyyən nöqsan olmuşdur. Lakin bu müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması demək deyildir. Bu nöqsanın yaranmasına səbəb bütün dünyada baş verən “Covid-19” pandemiyasının yayılmasıdır. Belə ki, cavabdeh Rusiya Federasiyasında yaşayır və hava yollarının, sərhədlərin bağlı olması səbəbindən həmin ödənişləri banka ödəyə bilməmişdir. Düzdür müəyyən maddi çətinliklərlə, problemlərlə əlaqədar olaraq müqavilə üzrə öhdəliklərin icrasında problem yaranmışdır və cavabdehin həqiqətən də gecikdirilmiş borcu yaranmışdır. Lakin, bankın əməkdaşı cavabdehlə əlaqə yaradaraq məhkəməyə müraciət etdiklərini və ödənişləri edəcəyi təqdirdə iddia ərizələrini geri götürəcəklərini bildirmişdir. Cavabdeh1 həmin vaxtdan ödənişləri ödəmişdir. Bununla bağlı banka müraciət etsə də, bank cavabdehə iddia ərizəsini geri götürməyəcəklərini bildirmişdir. Lakin cavabdeh 18 mart 2021-ci il tarixi də daxil olmaqla banka ödəniləcək olan ödənişləri həyata keçirmişdir. Hal-hazırda cavabdehin banka qalan ödənişi 5362,98 ( beş min üç yüz altmış iki manat doxsan səkkiz qəpik) manat təşkil edir. Bundan sonra da, hər ay banka olan ödənişləri vaxtında yerinə yetirəcəkdir. İşin hallarını araşdırmadan məhkəmənin gəlmiş olduğu nəticə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İlk öncə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: "xxxx" İKB ASC və Cavabdeh1 arasında bağlanmış 17.07.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh1 illik 25 faizlə, 36 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ödənişlərin 17.08.2019–17.07.2022-ci il tarixləri arasında hər ay 397,60 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" İKB ASC və Cavabdeh3 arasında bağlanmış 17.07.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin 17.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bankdan kredit götürmüş Borcalanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" İKB ASC və Cavabdeh2 arasında bağlanmış 17.07.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin 17.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bankdan kredit götürmüş Borcalanın Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 26.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 8359,13 manat, 478,68 manat borcu yaranmışdır. 26.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik nüqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalanın məsuliyyətini öz üzərlərlərinə götürdüklərindən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Apellyator çoxsaylı ödənişlər etdiyini və bu barədə qəbzlərin surətlərini təqdim etdiyi üçün, kollegiya borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə, ekspert qarşısında Cavabdeh1 17.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 26.10.2020-ci il tarixə ödənilməmiş əsas və faiz borcu hansı məbləğ təşkil etməsi, Cavabdeh1 17.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16.02.2021-ci il tarixə (qətnamənin çıxarıldığı tarixə) ödənilməmiş əsas və faiz borcunun hansı məbləğ təşkil etməsi ilə bağlı suallar qoyulmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 19 avqust 2021-ci il tarixli, 9/3504 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, 4-MZ2-1-0-707-19 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu maliyyə arayışının verildiyi-26.10.2020-ci il tarixə (rəydə yanlış olaraq 26.01.2020-ci il tarixi kimi qeyd olunub) əsas borc üzrə 8.359,59 manat, faiz borcu üzrə 471,35 manat, qətnamənin qəbul edildiyi- 16.02.2021-ci il tarixə əsas borc üzrə 5.245,18 manat, faiz borcu üzrə 25,50 manat təşkil edir. Bundan əlavə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 17 iyul 2019-cu il tarixli, 4-MZ2-1 -0-707-19 №-li kredit müqaviləsi üzrə 1.600,00 manat məbləğində artıq ödəniş edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri, həmin rəyin iddiaçı tərəfindən təqdim olunmuş maliyyə sənədləri və cavabdehin təqdim etdiyi qəbzlər əsasında verildiyi də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya iddia tələbinin 8359,13 manat məbləğində əsas borc, 478,68 manat məbləğində faiz borcunun tutulması hissəsində hesab edir ki, iddia qismən təmin edilərək, ekspertizanın rəyi üzrə cavabdehlərdən müştərək qaydada 3.670,68 manat əsas borc (5245,18 əsas borc +25,50 manat faiz borcu=5270,68 manat- 1600 manat artıq ödəniş=3670,68 manat əsas borc) tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada 12,6 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 42 manatı müştərək qaydada cavabdehlərdən, 58 manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, X2, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Kollegiya apellyatorun borcunun olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmiş, onun təqdim etdiyi ödəniş qəbzləri ekspert rəyində nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(010)- 710/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3670,68 (üç min altı yüz yetmiş manat altmış səkkiz qəpik) manat əsas borc, 12,60 (on iki manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçıAçıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 42 (qırx iki) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 58 (əlli səkkiz) manatı İddiaçı ASC-dən alınıb, dövlət büdcəsinə Az.MEM, VÖİN **********, AZ34CTRE**********000 2088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4350/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4350/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver