Məhkəmə qərarları › İş №2(103)-4352/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4352/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4352/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-297/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12.500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Suraxanı Rayon İHB-nın Sərəncamı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısında bağ sahəsi kimi 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla fərdi yaşayış evinin tikintisi qaydaları və digər tələblər müəyyən edilmişdir. Torpaq sahəsi onun və mərhum arvadı Gülbəyim Əmirxanovanın vəsaiti hesabına əldə edilmiş, həmçinin torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmiş torpaq sahəsi təhvil verildikdən sonra həmin sahə və faktiki istifadə də olan digər hissəsinin ətrafına hasar çəkilmiş və torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlanmışdır. Həmin torpaq sahəsinin qonşuluğunda faktiki olaraq eyni hasar daxilində oğlu Vahid Quliyevə və qızına məxsus fərdi yaşayış sahələri mövcuddur. Cavabdeh mütəmadi əmək fəaliyyəti ilə məşğul olmayıb daimi gəlirə malik olmadığından, fərdi yaşayış evinin inşasının aparılması, inşaat materiallarının alınması, ustaların pulunun ödənilməsi ilə bağlı bütün xərclər onun və mərhum arvadının vəsaiti hesabına təmin edilmişdir. Torpaq sahəsinin əldə edilməsi və orada fərdi yaşayış evinin inşa edilməsində məqsəd cavabdehin və yaxud ehtiyac olduqda digər oğlunun həmin yaşayış sahəsinə köçürülməsini təmin etmək olmuşdur. Cavabdeh, digər oğlu Vahid və qızı Sevda Məmmədova ona verilmiş xidməti mənzildə qeydiyyatda olmaqla istifadə hüququna malikdirlər. O, Cavabdeh təklif etmişdir ki, həmin mənzildə olan payından imtina etsin, o, mənzili satıb evi olmayan oğlu üçün də şərait yaratsın, hansı ki, onu da evləndirmək istəyir və onun da mənzil şəraiti yaxşılaşdırılmalıdır. Lakin Cavabdeh və arvadı Kəmalə Quliyeva mənzilə payından imtina edib ona məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilini tamamlayıb ora köçmək niyyətindədir, əlavə olaraq mənzildən pay istəyir, üstəlik torpaq sahəsi ilə qonşuluqda yerləşən qızı S.İmanovaya məxsus evə sahib olub orada yaşamaq istəyir, mənzildə onun yaşamağına imkan vermir, hətta cavabdeh və arvadı əsassız şikayət və ərizələrlə ailə üzvlərini, digər övladlarını da ciddi şəkildə narahat edir, birlikdə yaşamaqları mümkün deyil. Bütün bunlardan sonra hesab edir ki, Cavabdeh məxsus torpaq sahəsində aparılmış inşaat işlərinə görə çəkilmiş xərclər ondan tələb edilməlidir. O, bunu bir valideyn olaraq etmişdir, ancaq qanunla onun belə bir öhdəliyi yoxdur, hazırda cavabdehin davranışları da onu məcbur edir ki, həmin xərcləri cavabdehdən tələb etsin. Fərdi yaşayış evi (yarımçıq tikili) istifadə üçün yararlı deyil, inşası tam başa çatmamış, ancaq müəyyən tamamlama işləri aparıldıqdan sonra yaşamaq mümkündür. Torpaq sahəsi də sərəncamla Cavabdeh məxsusdur. Torpaq sahəsinin hasara alınması və tikilinin inşası üçün təxminən 12.000 manat vəsait xərclənmiş, həmçinin evdən magistral kanalizasiya xəttinə yeni xətt çəkilmiş və 500 manat bunun üçün pul xərclənmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-297/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasının təmin edilməməsi, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsümunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 297/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə gəldiyi nəticə əsassız olmaqla işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyil, ona görə də qətnamə apelyasiya qaydasında ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, torpaq sahəsinin cavabdehə məxsus olması özülüyündə həmin sahədə iddiaçı tərəfindən tikinti aparılmasının sübut olunması yükününün bütünlüklə iddiaçının üzərinə vəzifə kimi qoyulması kimi nəticəyə gəlməyə əsas vermir. Sübutetmənin bölgüsünə əsasən iddiaçı iddianın əsaslarına dair sübutlarını təqdim etdiyi halda, cavabdeh iddianın rəddinə yönəlmiş sübutlar təqdim etməlidir. İddia tələbi üzrə sübutetmənin bütünlüklə iddiaçının üzərinə qoyulması qanunun tələbindən irəli gəlməməklə, məhkəmənin əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. Tikili mövcuddur, həmçinin sahədə müəyyən infrastruktur yaradılmışdır. Belə olan halda məhkəmə aydınlaşdırmalı idi ki, görülmüş işlər kim tərəfindən və kimin vəsaiti hesabına görülmüşdür. Lakin məhkəmə buna nail olmamışdır. İddianın sübut edilməməsinə dair məhkəmənin mövqeyi işin araşdırılmış hallarına və qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı bildirir ki, cavabdeh heç vaxt fərdi əməklə məşğul olmamış, heç bir qazancı olmamış, torpaq sahəsinin alındığı və üzərində tikili inşa edildiyi vaxt yenicə yetkinlik yaşına çatmış, səhhətində olan problemlərdən dolayı əmək fəaliyyəti ilə məşğul olmayıb, mütəmadi gəlir əldə etmədiyindən, torpaq sahəsini əldə etməsi və üzərində fərdi yaşayış evi inşa etməsi mümkün deyildi. İddiaçı iş üzrə cavabdehin əmək fəaliyyəti ilə məşğul olmasının mümkün olmadığına dair müvafiq sənədləri (arayışları) məhkəməyə təqdim etmiş, işlədiyini və gəlir əldə etdiyini iddia edəb cavabdeh isə bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddianın rədd edilməsinə dair nəticəyə gəlmək üçün məhkəmənin əlində heç bir tutarlı əsas olmamışdır. Məhkəmə iddiaçının iş üzrə ekspertiza keçirilməsi və şahidlərin dindirilməsinə dair vəsatətlərini təmin etməyərək işin tam və hərtərəfli araşdırılmasından ibarət vəzifəsini icra etməmiş, nəticədə natamam aparılmış araşdırmanın yekunu olaraq qanunsuz qətnamə çıxarmışdır. Halbuki şahidlərin dindirilməsi və iş üzrə ekspertiza keçirilməsi iddaçının tələbinin təmin edilməsi üçün mühim əhəmiyyət kəsb edirdi. Məhkəmə bunu etməməklə iddiaçını ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-297/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-297/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Suraxanı rayon İHB-nın müvafiq Sərəncamına əsasən mübahisəli yarımtikilinin yerləşdiyi sahə, bağ sahəsi kimi Cavabdeh istifadəsinə verilmiş, həmin sahə üzərindəki yarımçıq tikilinin və hasarın məhz İddiaçı vəsaiti hesabına inşa edilməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Suraxanı rayon İHB-nın 894 saylı, 06 iyun 2000-ci il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan, Bakı şəhəri Suraxanı rayon İHB-nın tərəfindən 10 iyun 2000ci il tarixdə təsdiq edilmiş aktın surətindən görünür ki, Suraxanı rayonunun baş memarı V.Seyidov, mütəxəssis S.Məmmədzadə, Qaraçuxur qəsəbə nümayəndəsi F.Süleymanovun iştirakı ilə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 894 saylı, 06 iyun 2000-ci il tarixli Sərəncamına əsasən Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsin ölçülərini naturada istifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. İş materiallarında olan, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” Publik Hüquqi 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 603 saylı, 16 dekabr 2020-ci il tarixli, məktubundan görünür ki, Cavabdeh “ürəyin anadangəlmə qüsuru. Fallo tetradası. Durğunluq ürək çatmamazlığı İİ dərəcə” diaqnozu ilə qeydiyyatdadır. 29 may 1988-ci il tarixdən xəstəliyi ilə əlaqədar İİ qrup əlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik iddianın əsasını təşkil edən halların sübut edilməsi yükünü iddia edən tərəfin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiacı İddiaçı apelyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə sübutetmənin bütünlüklə iddiaçının üzərinə qoyulması qanunun tələbindən irəli gəlməməklə, məhkəmənin əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı təqdim etdiyi sübutların iddianın əsasını təşkil edən halları təsdiq etmək üçün yetərli olmaması qənaətinə gəlib, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa, İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh heç vaxt fərdi əməklə məşğul olmamış, heç bir qazancının olmamış, torpaq sahəsinin alındığı və üzərində tikili inşa edildiyi vaxt yenicə yetkinlik yaşına çatmış, səhhətində olan problemlərdən dolayı əmək fəaliyyəti ilə məşğul olmayıb, mütəmadi gəlir əldə etmədiyindən, torpaq sahəsini əldə etməsi və üzərində fərdi yaşayış evi inşa etməsi mümkün deyildi. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayətində göstərilən bu dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Beləki, cavabdehin hər-hansı gəlirinin olmaması onun tikili inça etdirə bilməməsi üçün əsas deyil. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-297/2021 saylı, 18 fevral 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-297/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar