Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4352/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: “notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə pul tələbi” ) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1690/2023 saylı, 20 aprel 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanan və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 200000(iki yüz min) manat borcu borcalanın notariusun bankda olan depozit hesabı vasitəsilə ödəyir, borcalan isə krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür.
2. "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən xx.xx.2019-cu il kredit müqaviləsinə əsasən X2 hesabına 200000(iki yüz min) manat ödəniş edilmişdir.
3. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən "xxxx" ASC-nin 7 saylı şöbəsinə yazılan ərizədə, İddiaçı tərəfindən notariat qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə 200000(iki yüz min) manatın məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh verilməsi üçün bankda olan hesabına qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X3 yazılan ərizədə İddiaçı 200000(iki yüz min) manat borcun alınması barədə razılığa gəldiyini, həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah edildiyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 200000(iki yüz min) manatın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 490(dörd yüz doxsan) manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiada göstərilir ki, borcalan həmin borc üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməyərək, krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirməmişdir. Cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və onun qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müqavilənin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1690/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 200000 (iki yüz min) manat və 490 (dörd yüz doxsan) manat dövlət rüsumu əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, sübutetmə yükünün bölgüsü baxımından iddiaçı iddia tələbini əsası kimi istinad etdiyi halı sübut edir. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bundan əlavə, cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh ona 200000 manat məbləğində pulun verilmədiyini, müqavilənin formal olaraq bağlanıldığını iddia etsə də, öz etirazını sübut edə bilmir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən - iddianın təmin edilməsi hissəsində dəyişdirilməsi və borcun konkret məbləğinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı ilə aralarında olan kredit müqaviləsinə əsasən onun iddiaçıya borcu müqavilədə nəzərdə tutulan məbləğdən 10 dəfə azdır. Çünki, aralarında pul söhbəti 2009-cu il tarixdə olub və həmin vaxt isə borc məbləğ 30000- 40000 manat civarında olmuşdur. Borcun bir hissəsinin əvəzində iddiaçıya 1 Kamaz yük avtomobili ilə, təxminən 20000-25000 manat civarında Mingəçevirə aparılması üçün mərmər qranit vermişdir. İddiaçı kiməsə hesabat verir, ona görə də iddiaçı özü xahiş etmişdir ki, simvolik olaraq aralarında 200000 manat məbləğində müqavilə bağlansın. Hazırda iddiaçıya 10000-15000 manat arası borcu var. Həmçinin iddiaçı ondan 2000-3000 manat arası pulun verilməsini tələb etmiş, lakin pandemiyadan sonra işləmədiyi üçün ona həmin pulu verə bilməyəcəyini bildirmişdir. Bu amildə özü sübut edir ki, iddiaçıya kredit müqaviləsində nəzərdə tutulmuş miqdarda borcu yoxdur. Hüquqi savadı olmadığı və iddiaçıya etibar etdiyi üçün vaxtında müqavilənin etibarsızlığı barədə mübahisə qaldırmamışdır. Lakin işə baxan məhkəmə bu amilləri nəzərə almamışdır və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən aydın görünür ki, işə baxan hakim iddiaçı tərəfin təkidi ilə ciddi qanun pozuntusu əsasında bağlanmış kredit müqaviləsində şişirdilmiş borc məbləğini təmin etməklə onun hüquqlarını pozmuşdur. Həmçinin məhkəmə prosesi bir tərəfli qaydada aparılmışdır. Məhkəmədə işə baxılarkən izahatı nəzərə alınmamışdır, hakimin həqiqətin ortaya çıxarılmasına nail olmaq niyyətinin olmaması səbəbindən, iş araşdırılmamışdır. Hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş kredit müqaviləsini əsas götürülməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Bundan başqa kredit müqaviləsi üzrə borc məbləğinin düzgün olub-olmaması aydınlaşdırılmamışdır. Həmçinin müqavilə əsas götürülmüş və borc məbləğinin yaranma səbəbi və halları müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi təsbit olunmuşdur. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır.
22. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
23. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə cavabdehlə bağladığı 04 fevral 2019-cu il tarixli kredit müqaviləsini təqdim etmişdir. Cavabdeh isə iddia tələbində etirazda eləcə də apellyasiya şikayətində iddia tələbini qismən etiraf edərək, iddiaçıya həqiqətən borcunun olduğunu bildirsə də, borc məbləğinin 10000-15000 manat aralığında qaldığını, müqavilənin simvolik bağlandığını göstərmişdir.
24. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.
25. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək borc(kredit) müqaviləsi yaxud barışıq razılaşması və ya mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud barışıq razılaşmasına və ya mövcud borcun etirafına dair digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə tələb edilən məbləğdə borcu olmadığını və yaxud hazırki işdə olduğu kimi tələb edilən öhdəliyin əsasını təşkil edən əqdlərin etibarsız olduğunu bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında 04 fevral 2019-cu il tarixli 200000 (iki yüz min) manatın borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, iddiaçı da həmin müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün həmin məbləği tələb etmiş, cavabdeh isə iddia tələbini qismən qəbul etmiş, borcun 30000-40000 manat təşkil etdiyini, həmçinin bu borcdan 10000- 15000 manat qaldığını və iddiaçının istinad etdiyi müqavilənin formal olaraq bağlanmasını bildirmişdir. Ancaq cavabdehin gətirdiyi bu dəlillər sübut edilməmişdir. Çünki, iddia tələbinə etirazın əsası kimi şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir. Apellyasiya baxışı zamanı da cavabdeh bankdan 200000 (iki yüz min) manatı qəbul etdiyini təsdiq etdi.
27. Göründüyü kimi işin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, verilmiş pul vəsaitini ödəməkdən yayınmışdır.
28. Apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. 29.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı və kredit müqaviləsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1690/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1690/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.