Məhkəmə qərarları › İş №2(103)-4356/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4356/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4356/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2476/2023 nömrəli, 01 may 2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında 24 mart 2009-cu il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından 16 dekabr 2009-cu il tarixdə X7 və 05 noyabr 2013-cü il tarixdə X8 doğulmuşdur. Ucar Rayon Məhkəməsinin 2(063)-141/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş 16 dekabr 2009-cu il təvəllüdlü X7 və 05 noyabr 2013-cü il təvəllüdlü X8 iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 115 manat, cəmi 230 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Tərəflərin əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 05 noyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılması və Cavabdeh uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında 24 mart 2009-cu il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 16 dekabr 2009-cu il tarixdə X7 və 05 noyabr 2013-cü il tarixdə X8 doğulmuşdur. Ucar Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış, habelə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün cavabdehdən iddiaçının xeyrinə 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hesab edir ki, Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə əsasən birgə nikahdan doğulmuş və yetkinlik yaşına çatmamış uşaqların mənafeyini və onların böyüdükcə artan tələbatını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, onun azyaşlı uşaqlarının saxlanılması üçün artan tələbatını təkbaşına ödəyə bilməməsi nəzərə alınmalı, uşaqların yetkinlik yaşına çatanədək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutulmalıdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2476/2023 nömrəli, 01 may 2023-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 2(063)-141/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 05 noyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləğinin artırılması, 16 dekabr 2009-cu il təvəllüdlü X3 və 05 noyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 200 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 40,40 manat məbləğində dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim X9)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hər ay hər uşağa görə sabit pul məbləğində 115 manat miqdarında alimentin tutulmasına dair Ucar Rayon Məhkəməsinin 2(063)-141/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanılması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı isə məhkəmə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinə istinadən qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.2-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 88-ci, 112.1.6-cı, 119.1-ci, 217.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci, 9.1.2-ci, 9.4-cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2476/2023 nömrəli, 01 may 2023-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddiası yolverilən deyildir. Valideynlərdən birindən uşaqların saxlanılması üçün alimentin tutulması o demək deyildir ki, digər valideynin özü uşaqların saxlanılması üçün vəsait xərcləməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Onun isə maddi vəziyyətində müsbət mənada heç bir dəyişiklik olmamış, əksinə səhhəti ilə əlaqədar maddi vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, artıq bir neçə müddətdir ki, heç harda rəsmi işləməməsi ilə yanaşı, həmçinin qeyri-rəsmi olaraq da heç bir qazanc əldə edə bilmir. Eyni zamanda, onurğasında olan xəstəliklə əlaqədar iş qabiliyyəti tamamilə aşağı düşmüş, gün ərzində nə çox ayaq üstə qala bilir, nə də ki, çox otura bilir. Hazırda dolanışıq yeri valideynlərinin yaşa görə aldığı müavinətdir. Ondan fərqli olaraq iddiaçının maddi vəziyyətində yaxşılaşma olmuşdur. O həm sosial müvainət alır, həm də ki, mağazada işləməyə başlamışdır. Üstəlik də ki, maddi vəziyyətinin yaxşılığa doğru dəyişməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, iddia yol verilən olsa belə, yenə də təmin oluna bilməz. Belə ki, Ucar Rayon Məhkəməsi tərəfindən müəyyən olunan aliment məbləğini çətinliklə olsa da ödəməklə yanaşı, həmçinin, müəyyən vaxtlarda uşaqların zəruri tələbatlarının ödənilməsində gücü çatdığı qədər iştirak etmişdir. Hazırki qətnamənin qüvvədə qalması onun ilk olaraq inzibati, sonradan isə CM-nin 306-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcəkdir. Yaxud da o, oğurluq və ya digər cinayət törədərək təyin olunmuş alimenti ödəməlidir. Çünki qeyd etdiyi kimi heç bir yerdə işləmir, hər hansı bir gəlir yeri yoxdur. O, iki uşağa görə cəmi 200 manat aliment ödəmək iqtidarındadır. Hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddaçı tərəfindən verilmiş iddia əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılması ədalətli olardı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, heç bir yerdə işləmir. İş materiallarında həkimdən arayışı var, onurğa sütununa dəmir qoyulub. Evin tək oğludur, eyni zamanda ana-atası da xəstədir, onlara o baxır. Alimenti ödəməyə imkanı yoxdur. Onun bacısı oğlu hərbçidir, öz maaşını göndərir, o da daş alıb ev tikir. Hazırda maşınını satıbdır. Dolanışıq üçün atası lizinqdən öz adına maşın götürüb ki, o, sərnişin daşıma fəaliyyəti ilə məşğul olsun. Avtomobilə görə atası hər ay 480 manat lizinq şirkətinə pul ödəyir. Uşaqlara bacardığı qədər diqqət yetirir və köməklik edir. Uşaqların hər birinə 250 manat dəyərində telefon da alıb vermişdir. Lakin iddiaçı həmin telefonları sındırmışdır. İddiaçı əmək fəaliyyəti ilə məşğul olur və dövlətdən müavinət alır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəf həyətində ikinci evi tikir, öz adına olan maşınını da sonradan atasının adına rəsmiləşdirmişdir. Cavabdeh keçən ayın 11-i 50 manat pul göndərib, həmin məbləğlə heç 10 gün də uşağın ehtiyaclarını qarşılamaq olmur. Oğlu kriptorxizm xəstəsidir, öz gücü ilə onu əməliyyat etdirmişdir. İldə 2 dəfə oğlunu həkim müayinəsinə aparır. Hazırda işləmir, cavabdehin aliment məbləğini ödəməməsi səbəbindən 2 ay işləmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, habelə tərəflərin izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

23. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, onun maddi vəziyyətində müsbət mənada heç bir dəyişikliyin olmadığını, əksinə səhhəti ilə əlaqədar maddi vəziyyətinin daha da acınacaqlı vəziyyətə düşdüyünü, artıq müəyyən müddətdir ki, nə rəsmi, nədə ki, qeyri-rəsmi qaydada hər hansı gəlir əldə edə bilmədiyini, onun maddi imkanının olması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübutun təqdim edilmədiyini, valideynlərinin yaşa görə aldığı müavinət hesabına dolandığını, lakin iddiaçının həm sosial müvainət aldığını, həm də ki, mağazada işlədiyini, məhkəmə tərəfindən müəyyən olunan aliment məbləğini çətinliklə olsa da ödəməklə yanaşı, həmçinin, müəyyən vaxtlarda uşaqların zəruri tələbatlarının ödənilməsində imkanları daxilində iştirak etdiyini, hazırda iki uşağa görə cəmi 200 manat aliment ödəmək imkanında olduğunu bildirir.

24. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2021-ci il) qəbul edilməsindən 2 ilə yaxın müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2023-cü ildə bir uşaq üçün 220 manat təşkil etmişdir. Cavabdehdən hər uşaq üçün tutulan 115 manat aliment miqdarı artıq 2021-ci ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan (175 manat) xeyli az olmuş, hazırda artırılmış məbləğ də 2023-cü il üzrə müəyyən edilmiş məbləğdən aşağıdır. Alimentin əvvəlki miqdarda saxlanılması uşağı həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır.

25. Bununla belə, hazırki mübahisəyədək cavabdehin hər ay hər uşaq üçün 115 manat, ümumilikdə 230 manat məbləğində aliment ödəmək öhdəliyi artıq yaranmışdır, lakin bu məbləğ hazırda uşaqların maddi baxımdan təmin edilməsi üçün yetərli deyil. Bu da öz növbəsində həmin miqdarın artırılmasını şərtləndirir.

26. Müəyyən edilmiş aliment məbləğin artırılmasının mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri ilə məhkəmə iclasında verdiyi izahatı ziddiyyət təşkil edir. Belə ki, iddiaçı izahatında atasının lizinqə avtomobil götürərək, hər ay lizinq şirkətinə 480 manat məbləğində pul ödədiyini, onun da həmin avtomobillə sərnişin daşıyaraq gəlir əldə etdiyini, həmçinin hərbçi olan bacısı oğlunun maaşı hesabına daş alıb ev tikdiyini bildirir. Bu da öz növbəsində onun hər hansı gəlir əldə etməməsi, səhhəti ilə bağlı əmək fəaliyyəti ilə məşğul ola bilməməsi barədə dəlillərinin əsassız olmasını təsdiq edir. Cavabdeh hər ay 480 manat məbləğində lizinq ödənişinin atası tərəfindən aparıldığını, evi isə bacısı oğlunun maaşı hesabı inşa etdiyini də təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Bu da hər iki məsələnin onun vəsaiti hesabına həll edilməsi və bu baxımdan onun aylıq gəlirə malik olması və miqdarı dəyişdirilmiş alimentin ödənilməsini təmin etmək üçün vəsaitə malik olması qənaətinə gəlməyə əsas verir. Cavabdehin uşaqlara bacardığı qədər köməklik etməsi (“nikahın pozulması və digər” tələblərə dair iş üzrə çıxarılmış qətnamədə əks olunmuş izahatda da cavabdeh uşaqlarına ehtiyacı olan əşyaları ala bilməsini göstərmişdir), habelə uşaqların hər birinə 250 manat məbləğində telefon alıb verməsi barədə izahatı da məhkəmə kollegiyasının bu qənaətini təsdiq edir. Eyi zamanda, məhkəmə kollegiyası iddiaçının hazırda əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sübutun cavabdeh tərəfindən təqdim edilmədiyini də nəzərə alır. Qeyd edilənlər aliment miqdarının artırılmasını mümkün edir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız 400 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri isə məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, “Planlaşdırılmamış xərclər” məfhumu mövcuddur və reallıqda uşaqlarla bağlı tez-tez yaranır. Hər bir halda, 200 manat tələb olunan və ya maksimum deyil, 2023-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da aşağı olan dolanışıq xərcidir.

28. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

29. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (200x12=4.800 manat) 4.800 manat təşkil etdiyindən və məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(001)-2476/2023 nömrəli, 01 may 2023ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar