Məhkəmə qərarları › İş №2(103)-4360/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4360/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4360/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Kooperativinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödədiyi 25.812 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ilin axırlarında cavabdeh "xxxx" Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzili almaq barədə cavabdehlə razılaşmışlar. Həmin tikilidən alınan mənzil Cavabdeh2 ASC tərəfindən ipoteka krediti ilə təmin edilmişdir. Mənzil üçün hər ay ən azı 2000 manat pulu Cavabdeh2 ASC- də onun adına açılmış **********0000 nömrəli hesaba köçürmüşdür. xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ümumilikdə 25.812 manat banka pul ödəmişdir. Sonradan imkanı olmadığından mənzil haqqını ödəyə bilməmişdir. Cavabdehlərlə aralarında belə razılaşma olmuşdur ki, mənzili başqa şəxsə verəndən sonra ödədiyi pulları özünə qaytaracaqlar. Cavabdeh2 ASC tərəfindən ona bankda **********24420000 saylı hesabının olması və xx.xx.2013-cü il tarixə banka heç bir borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 369 nömrəli arayış verilmişdir. Son vaxtlar cavabdeh "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə ödədiyi 25.812 manat pulun qaytarılması barədə müraciət etmiş, məlum olmuşdur ki, cavabdeh tərəf həmin mənzili başqa şəxsə vermişdir. Lakin ödədiyi 25.812 manat pulu geri qaytarmaqdan imtina etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)1999/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" Kooperativindən 25812 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12310/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi qismən təmin edilib və "xxxx" firmasından (Kooperativindən, hazırkı "xxxx" MMC-dən) 25.812 manat pulun tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12310/2018 saylı, 18 dekabr 2018ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh2 ASC-yə aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2549/2019 saylı, 23 aprel 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2549/2019 saylı, 07 may 2019-cu il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12310/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9354/2019 saylı, 06 avqust 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, işə ərazi aidiyyəti pozulmaqla baxıldığından ləğv edilmiş və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının hüquqi varisidir. İş materiallarında olan kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan-Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 ASC (kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinə əsasən borcalana ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində kredit verilməsi, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə”yə əsasən "xxxx" firması ünvan 2 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda, İİİ mərtəbədə 40 nömrəli mənzili ilə İddiaçı verməyi öz öhdəsinə götürməsi, tərəflərin razılaşmasına əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, ödənilmiş məbləğin icraçı tərəfindən həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılacağı, iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan müddətdə ipoteka krediti üçün Cavabdeh2 ASC vasitəsi ilə "xxxx" firmasının hesabına cəmi 25.812 manat məbləğində pul ödəməsi, həmin vaxtdan sonra iddiaçının müqaviləni birtərəfli qaydada pozması, mənzilə görə ödənişləri dayandırması, bununla da müqavilənin 2.5-ci bəndində nəzərdə tutulduğu qaydada ödənilmiş məbləğin ona geri qaytarılması üçün əsasların yaranması, iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh "xxxx" firmasının iddiaçıya məxsus pul məbləğini ona geri qaytarmaması müəyyən olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh "xxxx" Firması ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 manat pulu ona qaytarmamaqla əsassız olaraq varlanmışdır. Ona görə də, İddiaçı iddia irəli sürərək əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılmasını və vurulmuş zərərin əvəzinin ödənilməsində haqlı olmuşdur. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ASC-yə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) mənzilin alınmasına görə ödənilmiş 25.812 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 135, 405.1, 421.3, 425, 1091, 1092, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh "xxxx" MMC-nin direktoru X1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Auditorlar Palatasına həvalə edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli auditor rəyində bildirilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 103 saylı kredit müqaviləsi əsasında (kreditin təminatı üçün Girov müqaviləsi əldə olunmadı), 103/1 saylı, 24 noyabr 2009 tarixli ipoteka müqaviləsi üzrə (kredit xətti) əməliyyatlar hüquqi nəticələr doğursa da natamam maliyyə nəticələri doğurur. Yəni müqavilə üzrə ipoteka saxlayan cavabdeh "xxxx" ASC ipoteka haqqında qanunvericiliyin tələblərini gözləməklə, habelə ipoteka müqaviləsinin tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirdiyi 3.1-ci maddəsində təsbit olunmuş (Borcalana 154.000,00 manat kredit verir) vəzifəni yerinə yetirməsi barədə əməliyyatlar təsdiqini tapmır və ya ipoteka kreditinin verilməsi təsdiqini tapmır. İqtisadi (maliyyə) cəhətdən əsaslandırılması mümkün olmayan əməliyyatlara görə hər hansı ödəniş öhdəliyi yarana bilməz və ya etibarlı deyil. Əgər bu məsələ ilə bağlı tutarlı audit sübutlarını əhatə edə biləcək rəsmi sənədlər (elektron sənədlər və çıxarışlar) və faktlar aşkar edilərsə, auditor tədqiqata yenidən başlaya (baxa) bilər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)279/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “pul tələbinə dair” iddiasının rədd edilməsi və ekspertiza xərci olan 145 manat məbləğdə pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-388, 446, 447, 452,458, 527, 529, 556, 560; Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlara müvafiq səhv qənaətə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən pulun məhz cavabdeh "xxxx" firmasına və ya Kooperativinə ("xxxx" MMC) ödənilməsini təsdiq edən sübutlar müəyyən edilməmiş, qəbzlərdə qeyd edilmiş hesab nömrəsi "xxxx" Firması kimi qeyd edilən hesabla uyğunluq təşkil etmir, lakin kredit müqaviləsində qeyd edilən iddiaçının hesab nömrəsi ilə eynilik təşkil edir (iş səh.9-11,61-64,67-72). Diqqətə çatdırılmalıdır ki, Cavabdeh2 ASC aid hissədə iddia tələbinə xitam verildiyindən ona münasibətdə tələbin tədqiq edilməsi prosessual cəhətdən yolverilməzdir. Ona görə şikayət baxılan hissədə təmin edilməli, qətnamə ləğv edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə müvafiq qənaət ondan ibarətdir ki, müqavilə öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi müstəvisində iddiaçı pulu məhz "xxxx" MMC-dən tələb etsədə bunu sübuta yetirməmiş, aparılmış araşdırmalar zamanı qeyd edilən tələbin əsasları öz təsdiqini tapmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)279/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1430/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-279/2021 saylı qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Hazırki apelyasiya icraatında apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəmdəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh "xxxx" MMC-nin nümayəmdəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Hazırki apelyasiya icraatında apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ətizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan, Cavabdeh2 ASC (Kreditor) ilə İddiaçı (borcalan) arasında bağlanmış 103 saylı, 24 noyabr 2009-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, kreditor borcalana ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə görə borcalan bu müqaviləyə uyğun tərtib edilmiş və onun ayrılmaz hissəsi olan, tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəli əsasında ödənişləri hər ayın 24-ü həyata keçirir. Müqavilədə bank hesabı **********0000 müəyyən edilmişdir.(Cild İ, İ.vər. 61 - 64) İş materiallarında olan, "xxxx" firması (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə”nin surətindən görünür ki, Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı ünvan 2 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda, İİİ mərtəbədə 40 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 140 kv.m. təşkil edir. Mənzil sahəsinin ümumi dəyəri 154.000 manat təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən payçı mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməklə son nəticədə yaşayış sahəsini qəbul etməyi öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin hər kvadratmetri 1100 manat həcmində qiymətləndirilməklə mənzil sahəsinin dəyəri 154.000 manat təşkil edir. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, payçı tərəfindən ödənilmiş məbləğ icraçı tərəfindən yalnız həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır.(Cild İ, İ.vər. 67 - 69) İş materiallarında olan, Cavabdeh2 ASC (borc verən) ilə İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 103/1 saylı, 24 noyabr 2009-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış həmin tarixli 103 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ona ayrılmış 154.000 manat məbləğində kreditin təminatı üçün ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzili ipoteka qoymuşdur.(Cild İ, İ.vər. 65 - 66) İş materiallarında olan, İddiaçı təqdim etdiyi qəbzlərin kserosurətlərindən görünür ki, xx.xx.2009-cu ildə 2156 manat, xx.xx.2010-cu ildə 2500 manat, xx.xx.2010-cu ildə 4000 manat, xx.xx.2010-cu ildə 2156 manat, xx.xx.2010-cu ildə 7000 manat, xx.xx.2011-ci ildə 2000 manat, xx.xx.2011-ci ildə 2000 manat, xx.xx.2012-ci ildə 4000 manat pul **********0000 saylı hesaba ödənilmişdir.(Cild İ, İ.vər. 9 - 11) İş materiallarında olan, Cavabdeh2 ASC-nin İdarə Heyətinin sədri Z.Quliyevanın imzası və bankın möhürü ilə təsdiq edilmiş 11/K-369 saylı, 24 iyul 2013-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı oğlunun Cavabdeh2 ASC-də **********420000 saylı hesabı var və onun xx.xx.2013-cü il tarixinə banka borcu yoxdur.(Cild İ, İ.vər. 8) İş materiallarında olan, Cavabdeh2 ASC-nin **********534 saylı, 28 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh2 ASC-nə 24 noyabr 2009-cu il tarixli ******************** saylı müqavilə üzrə 151.269 manat əsas borcu olduğu göstərilir.(Cild İİ, İ.vər. 106) İş materiallarında olan, Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestri məlumatlarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının hüquqi varisidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1997-ci il tarixdə 34602 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.(Cild İ, İ.vər. 98 - 105) Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Firması ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) İddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 manat pulu ona qaytarmamaqla əsassız olaraq varlanmışdır. Ona görə də, İddiaçı iddia irəli sürərək əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılmasını və vurulmuş zərərin əvəzinin ödənilməsində haqlı olmuşdur. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ASC-yə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) mənzilin alınmasına görə ödənilmiş 25.812 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollеgiyası hesab edir ki, cavabdeh tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilmədiyindən iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedıkdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə isə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası cavabdeh "xxxx" Firmasının ("xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) apelyasiya şikayətində iddiaçı tərəfindən cavabdehə heç bir pul vəsaitinin ödənilmədiyi və bu səbəbdən iddianın əsassız olması barədə dəlillərini yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək aşağıdakıları qeyd edir. Belə ki, bankın iddiaçıya 154.000 manat kredit ayırması işin mübahisəsiz halıdır. Bank həmin pul vəsaitinin iddiaçıya nağd ödəməsi barədə halı sübuta yetirə ilməmişdir. Vəsait mənzilin tikintisi üçün ayrıldığından həmin məbləğin digər cavabdeh "xxxx" MMC-yə mənzil tikintisi üçün ödənilməsi təsdiq olunur. Cavabdeh2 ASC 24 iyul 2013-cü il tarixli, 11/K-369 nömrəli arayışı ilə təsdiq etmişdir ki, İddiaçı Cavabdeh2 ASC-də **********4420000 saylı hesabı var, onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Həmin arayışın verilməsi o tarixə təsadüf edir ki, həmin vaxt iddiaçı artıq bir il idi ki, kreditə görə ödənişlər etmirdi. İddiaçı axırıncı ödənişi 06 fevral 2012-ci il tarixdə etmişdi (iş vərəqə 11). Deməli, həmin tarixə iddiaçının banka borcu qalmamışdı. Tərəflərin üçtərəfli razılaşmasına görə bank tərəfindən verilən kredit vəsaiti hesabına mənzil inşa edilməli, iddiaçı mənzilin dəyərini banka ödəməli və "xxxx" MMC mənzili iddiaçıya təhvil verməli idi. Belə bir razılaşmanın mövcudluğu yuxarıda qeyd olunan sübutlarla (kredit müqaviləsi, kooperativ binada nənzil tikintisi üçün müqavilə, ödənişlərin banka edilməsi, kooperativin mənzili artıq başqa şəxsə satması barədə etirafı və.s.) təsdiq olunur. Beləliklə, iddiaçının banka etmiş olduğu ödənişlər əslində mənzilə görə edilmiş ödənişlər olması təsdiq olunur. Əslində tərəflər arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqavilənin ləğv olunmasına dair heç bir sübut yoxdur. İddiaçı sadəcə olaraq etiraf edir ki, mənzilin dəyərini ödəyə bilmədiyi üçün mənzildən imtina etmiş və pulunu tələb etmişdir. Lakin, mülki qanunvericilik müqavilənin ləğvinin xüsusi qaydalarını nəzərdə tutur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Cavabdeh "xxxx" firması müqavilənin ləğv olunması qaydalarına və onun hüquqi nəticələrinə riayət etməmişdir. Belə ki, Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən müqavilə payçı tərəfindən birtərəfli qaydada pozulduğu halda, payçı tərəfindən ödənilmiş məbləğ icraçı tərəfindən yalnız həmin mənzil sahəsi başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Cavabdeh mənzilin başqasına satılmasını etiraf edir, mənzilin nə vaxt satılması barədə iddiaçını-müqavilə tərəfini məlumatlandırmağı hətta özünün vəzifəsi belə hesab etmir. Hansıki, mənzil satıldıqdan sonra ödənilmiş pay haqqının qaytarılması şərtinin müqaviləyə daxil edilməsi kooperativin üzərinə vəzifə qoyur ki, mənzili hansı qiymətə satması barədə tərəfi xəbərdar etməsə də, mənzilin nə vaxt satılması və ödənilmiş pay haqqının nə vaxt qaytarılmalı olduğu barədə xəbərdar etməlidir. Hər bir halda həmin mənzil iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə ödənilmiş vəsaiti hesabına inşa edilmişdi. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mənzildən hansı şərtlərlə imtina və ödənilmiş pay haqqının geri qaytarılması şərti həmin müqavilə üçün mühüm şərtdir. Çünki bu şərt tərəfləri təminatlandırır. Mənzil almaq istəyən şəxs, hazırkı işdə iddiaçı, gələcəkdə mənzilin pay haqqını ödəmək imkanı olmadığı təqdirdə ödədiyi pulu geri almaq barədə özünə təminat alır. Belə bir razılaşma qanuna ziddi deyil. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Hazırkı halda tərəflər müqavilə ləğv edildikdən sonra öhdəliklər üzrə icra etdiklərini geri qaytarmaq öhdəliyi götürmüşlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh təşkilat bilirdi ki, iddiaçı ilə konkret mənzilə dair müqavilə bağlayıb, onun kredit vəsaiti hesabına mənzili inşa edib, tərəf müəyyən ödənişlər edibdir. Ona görə mənzil satılarkən vicdanlılığın tələb etdiyi tərzdə onu məlumatlandırmalı, qarşılıqlı hesablaşma aparmağa borclu idi. Beləliklə məhkəmə kollegiyası cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, məhkəmə kоllegiyası, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar